525.Az

Böyük dramaturqun dəyərli əsəri - Münasibət


 

CƏFƏR CABBARLININ "ALMAZ" PYESİNİN İDEYA-ESTETİK TƏHLİLİ YÖNÜNDƏ DÜŞÜNCƏLƏR

Böyük dramaturqun dəyərli əsəri - <b style="color:red">Münasibət </b>

Azərbaycan romantizminin görkəmli simaları içərisində ön cərgədə duran C.Cabbarlı bədii fəaliyyətinin, özəlliklə dramaturji yaradıcılığının bəlli illərində bir qədər fərqli mövqeyi ilə diqqəti cəlb edir.

Yəni bir zamanlar qaynar ehtirasla, "acı fəryadlar, şirin arzular" (M.Məmmədov) ovqatı,  azadlıq və mübarizə coşqusu ilə həqiqət axtarışına çıxan qəhrəmanların faciəli aqibət yaşadıqları pyeslərdən usanmış kimi görünən C.Cabbarlı diametral fərqli mövzulara, ali məqsədi sadəlövh iddialara əsaslanan pyeslər müəllifi kimi görünür. Görəsən, bu sayaq ədəbi, ideoloji, eləcə də sənət psixologiyasındakı metamorfozanı yaradan səbəb nədir? Əvvəlki həyat və sənət mövqeyindən qaynaqlanan yaradıcılıq məhsulunu nəzərdən keçirdikcə, Şekspir qəhrəmanını üzüntülərə salan: "Səbəb var", - deyə müxtəsər təhlilə ehtiyac duyuruq.

Bir qədər əvvələ diqqət yetirsək, o zamankı Müsavat Partiyasının üzvü olan C.Cabbarlını Cümhuriyyət quruculuğu işinin fəalları sırasında görürük. Bu dövrdə bilavasitə icra etdiyi inzibati işlərlə bərabər ədəbi yaradıcılığını da davam etdirən C.Cabbarlı  "Trablis müharibəsi", "Ədirnə fəthi" əsərlərindən sonra "Bakı müharibəsi", "Aydın" pyesləri üzərindəki işini bitirir. Həyatının və yaradıcılığının ən qaynar dövrünü, istiqlal romantikasını yaşayan ədibin cəmi bir neçə ildən sonra,  yəni Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra, əgər "Oqtay Eloğlu" pyesini (onun da əvvəlki illərdə yazıldığı ehtimal edilir) nəzərə almasaq, əvvəlki illərdə diqqət çəkən qaynar fəallığı müşahidə edilmir.

Sonrakı illərdə C.Cabbarlının sanki hansısa öhdəliyi yerinə yetirməsi faktı kimi bir-birinin ardınca "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar", "Dönüş" pyesləri, "Dilarə", "Gülzar", "Dilbər", "Furuzə" hekayələri ərsəyə gəlir. Əvvəlki yaradıcılıq süstlüyünün, sonrakı məhsuldarlığın səbəbinin, yaxud səbəblərinin dərininə getməklə əsas niyyətimizdən uzaq düşəcəyimizi nəzərə alıb təkcə onu qeyd etməyi vacib bilirik ki, bəhs etdiyimiz dövrdə "Od gəlini" pyesini istisna etsək, C.Cabbarlının öz ideya-bədii romantizminin son ünvanına çatması təəssüratı yaranır. Başqa sözlə desək, C.Cabbarlı Sovet gerçəkliyinin ideoloji təzyiqinə məruz qalıb, "formaca milli, məzmunca sosialist" ədəbiyyat yaratmaq işinə qoşulanların sırasına salınır.

C.Cabbarlıdan mövcud quruluşa sədaqət nümunəsinin bariz sübutu olacaq pyeslər tələb edilirdi və bir neçə ilin ərzində yazdığı altı pyesin içində yer alan "Almaz" əsəri üzərində bəzi təhlillər aparmaq, ədibin həmin illərdəki digər əsərləri üçün də xarakterik sayılacaq, istər mövzu, istər ideya, istər koflikt, istərsə də ədəbi mətn semantikasını nəzərdən keçirmək niyyətindəyik. Belə ki, "Sevil"in müəllifindən kollektiv təsərrüfat yaradılması işindən, qolçomaqların həmin siyasətə düşmən mövqeyindən bəhs edən "aktual" mövzulu pyes istənilirdi. Yəni "Almaz"ın ərsəyə gəlməsini şərtləndirən səbəb yeni quruluşun üstünlüklərini tərənnüm etməyə səy göstərməsi deyil, sərt şərtlər altında ədəbi plakat, iştirakçılarını sxolastik zümrə, karikatur məxluqlar şəklində pərdələrə bölmək, uydurulmuş ədəbi hadisələrdə səhnəyə çıxarmaq məcburiyyəti idi. Bir qədər diqqətlə yanaşılsa, C.Cabbarlı bolşevik təfəkkürlü "rəhbərlərin" anlamayacağı teatral oyun qurur. Bu oyunun zahiri və batini özəllikləri olduğu kimi, özünəməxsus təqdimatı, ədəbi oxunuşdan fərqlənən səhnə oxunuşu mövcuddur.

Janr etibarilə dram kimi təqdim edilən pyes əslində, futuristik faciə ovqatlıdır. Onun ədəbi strukturu ənənəvi dram təəssüratı yaratsa da, əslində, Çexovsayağı sualtı ideya axını ilə olduqca dəyərlidir. Yəni ədəbi mətnin üst qatında verilən ədəbi-bədii, eləcə də informativ hadisələrlə həmin dövrün ictimai hadisələri, ətrafdakı ilk baxışda adi görünən anlaşılmazlıqların, cəmiyyət həyatında hələ sona qədər dərk edilməyən alt qatdakı proseslərlə məntiqi əlaqəsi yoxdur.  Başqa sözlə desək, o zaman Rusiyada baş verən kollektivləşmə siyasəti, niyyəti insanların əvvəlki yaşayış tərzini dəyişmək, bu zaman varlı kəndliləri bir zümrə olaraq yox etmək, beləliklə, inqilabın ilk şüarı olan "kəndliyə torpaq verilməsi" vədini kollektiv təsərrüfat yaratmaq adı ilə unutdurmaq siyasəti artıq SSRİ tərkibinə qatılmış ərazilərdə həyata keçirilirdi. Sadə insanların zorla ictimai təsərrüfata təhkim edilməsinin amansız qaydaları humanizm prinsiplərinə tamamilə zidd idi və bunu  C.Cabbarlı  yaxşı bilirdi.

Əsərin fabulasında paytaxtdan kənd məktəbinə müəllim  işləmək üçün gələn gənc Almaz buradakı yerli şəraiti, tədris üslubunu kökündən dəyişmək qərarına gəlir. Amma qəribədir ki, Almaz birbaşa təlim-tərbiyə və tədris işləri ilə deyil, kollektivləşmə məsələləri ilə də məşğul olur. O da qəribədir ki, vəziyyətin ciddiliyini onun anası və nişanlısı Fuad hiss etsə də, nədənsə Almaz bunu nə dəyərləndirə bilir, nə də kimsənin məsləhətinə əhəmiyyət verir. Odur ki, konfliktin mövcudluğu, eləcə də kəskinləşməsi perspektivi açıq-aşkardır.

 

Maraqlıdır ki, usta dramaturq olan C.Cabbarlı Almazın ədəbi-psixoloji portretini nədənsə yarımçıq yaratmış, onun əməl motivasiyasını, məntiq və ardıcıllıq baxımdan naqis vermişdir. Müəllifin hadisələrin axarını, konfliktin rəngini artırmaq məqsədilə əlavə təsir bağışlayan Yaxşının başına gələn hadisəyə Almazın müdaxiləsi səhnəsi belə dramaturji kolliziyanı zənginləşdirə bilməmişdir. Almazın kənd əhalisi ilə, o cümlədən, bilavasitə işlədiyi məktəbin müdiri Mirzə Səməndərlə, Şəriflə, Hacı Əhmədlə, İbadla və b. qarşılıqlı münasibətlərində diqqətçəkən birqatlı, düzxətli yanaşmanı C.Cabbarlının nəzərdən qaçırması faktı kimi qeyd etmək olardı. Amma fikrimizcə, həmin nöqsanlar,  xüsusilə Almaz, Fuad, Aftil kimi müsbət sayılan surətlərin ədəbi mətnində və əməl xəttində də müşahidə edilir. Həmin ədəbi qüsurların səhnə oyunu materialı kimi aktyor ifasına sxematiklik gətirəcəyi labud idi və bu uzun illər boyu teatrın ədəbi hissə müdiri vəzifəsində çalışan, özü quruluşçu rejissor kimi bir neçə pyesin səhnə təcəssümü işini görən C.Cabbarlının əhəmiyyət verməyəcəyi mətləb deyildi. Yəni əslində, yeni quruluşun ideoloji xəttinin tərənnümçüsü olacaq bədii obrazın az qala ən adi insani hisslərdən məhrum, deklarativ və qəliblənmiş ifadələrin arxasında heç bir konkret əməli işi olmayan biri kimi səhnədə görünməsi, ütülənmiş ifadələrin ritorika dumanında qadın qismindəki azərbaycanlı Don Kixot müsbət qəhrəman qəlibinə sığmırdı. Amma C.Cabbarlının dramaturq istedadı sayəsində ədəbi mətndəki şüar aktuallığını eşitmək və görmək istəyənlər nəticədən məmnun qalmışdılar.

Pyesin dramaturji strukturunun o dövrdə qəliblənmiş şəkildə beş pərdədən ibarət olması üçün hadisələr süni şəkildə uzadılıb və yuxarıda qeyd etdiyimiz kimi, müəllifin əlavə etdiyi, guya intriqanı artıracaq əlavələr belə əsas süjetə üzvü şəkildə bağlanmadığından darıxdırıcı təsir bağışlayır. Bu isə özlüyündə "Almaz"ın janrına aid məsələdir və teatral aləmdə yayılmış "darıxdırıcıdan başqa bütün janrlar yaxşıdır" mülahizəsini yada salır.

Bu yerdə bir məsələni də xüsusi olaraq qeyd edək ki,  Sovet dövründə yaradıcılığı ən müxtəlif səviyyəli araşdırmaların predmeti olaraq tədqiqata çəkilən C.Cabbarlını anlaşılmaz elmi israrla sosializm metodunun bayraqdarı kimi dəyərləndirən tənqid ədibin dramaturji yaradıcılığında açıq-aşkar görünən əsl vətənpərvər ziyalı mövqeyə əhəmiyyət verməmişdir. Halbuki ən sadə təhlil belə ədibin cümhuriyyətçiliyə sədaqətli mövqeyini üzə çıxara bilər.

Maraqlıdır ki, ədibin Sovet dönəminə qədər yaratdığı  romantik qəhrəman sayılan surətlərinin heç biri zaman və məkan, eləcə də əməl xətti baxımdan digərinə bənzəmir. Onların zəngin mənəvi aləmi, əxlaqi müvazinəti, müəyyən amal uğrunda ardıcıl mübarizə əzmi, məntiqi mövqeyi olduğunu qeyd etdiyimiz halda, C.Cabbarlının Sovet dövründə yazdığı pyeslərin müsbət qəhrəmanları barədə eyni fikri söyləyə bilmirik. Məsələn, "Od gəlini"ndə oxucu və tamaşaçı  rəğbətinin Elxana, "Oqtay Eloğlu"nda Oqtaya, "Aydın"da Aydına olduğu bəllidir,  yəni nə Altunbay, nə Aslan bəy, nə də Dövlət bəy rəğbət ünvanı ola bilir. Amma "Sevil", "Almaz" və "Yaşar" pyeslərinin qəhrəmanları Sevil, Almaz, Yaşar kimi qəliblənmiş obrazların əksinə,  həmin pyeslərin mənfi surətləri sayılan Balaş, Hacı Əhməd, Şərif, İmanyar daha böyük marağa səbəb olur. Yəni belə çıxır ki, bu halda oxucu rəğbətini daha çox mənfi surətlər qazanır. Səbəb isə, həmin mənfi hesab etdiyimiz  surətlərin düşüncə məntiqi, həyat mövqeyi qarşı-qarşıya dayandıqları surətlərdən daha güclüdür və ən başlıcası əsərin müəllifi onların tərəfindədir.

Belə bir mülahizəni də ehtimal kimi söyləmək olar ki, C.Cabbarlı sanki dahi öncəgörmə istedadı ilə bu bolşevik quruluşun həmin insanları hansı aqibətə düçar edəcəyini, yəni kollektivləşmənin, Almaniyada faşistlərin hakimiyyətə gəlməsinin (1933) törədəcəyi fəlakətləri, 1937-38-ci illərin dəhşətli repressiyalarının nəticələrini sənətkar fəhmi ilə duymuş, Almaz kimi yeni quruluşa iman gətirənlərin, bu yolda fədakarcasına çalışanların faciəli aldanışlarının fərqində olmuşdur.

Tamamilə aydındır ki, toxunduğumuz məsələlərin hər bəndi ayrıca və dərin tədqiqat tələb edir. Odur ki, C.Cabbarlının ədəbi irsinin müstəqillik qazanan ölkəmizin çağdaş dövrünün elmi-nəzəri prizmasından dəyərləndiriləcəyi, C.Cabbarlının üzərindən Sovet dramaturqu möhürünün götürüləcəyi təmənnasındayıq.

Afət QƏDİROVA
Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





03.05.2021    çap et  çap et