525.Az

Zaqataladan pərvazlanmış generalın sorağında... - Araşdırma


 

Zaqataladan pərvazlanmış generalın sorağında... - <b style="color:red">Araşdırma </b>

"525-ci qəzet"in 10 aprel 2021-ci il sayında dəyərli yazıçı və publisist Fəxri Uğurlunun qələmə aldığı "Azərbaycanın mədəni-ictimai həyatında tatarlar" adlı məqaləni maraqla oxudum. Elə o marağın təsiri ilə də bu yazımı - Azərbaycandan pərvazlanmış Krım tatarlarının görkəmli nümayəndəsi, general-leytenant Ənvər Rza oğlu Barıyev haqqında bilgiləri oxuculara çatdırmaq qərarına gəldim.  

Qızılgüllər diyarı Zaqatalamıza məxsus ən gözəl keyfiyyətlərdən biri də beynəlmiləlçilikdir. Binayi-qədimdən bu diyarda müxtəlif xalqların nümayəndələri çox mehribancasına, bir ailə kimi yaşayıb, qaynayıb-qarışaraq ömür sürüblər. Zaqatalalılar dünyanın çox az yerində rast gəlinən bu polietnik rəngarəngliklə həmişə fəxr ediblər. Zaman-zaman dünyada baş verən müharibələr, fəlakətlər, represiyalar nəticəsində yaxın-uzaq ellərdən çoxları dağlar qoynunda süslənən bu dilbər güşəyə pənah gətirib, buraya sığınıblar. Zaqatalalılar rayonumuza pənah gətirən hər kəsə qucaq açıb, onların yaşaması, həyatda öz yerlərini tapmaları üçün hər cür köməklik göstəriblər. Rayonumuza pənah gətirən belə ailələrdən biri də Barıyevlər ailəsi olub. Barıyevlər ailəsi Azərbaycanımıza və dost Belarus respublikasına general-leytenant Ənvər Barıyevi bəxş edib...

Şəhərimizin yuxarı hissəsindən (keçmiş Qaqarindən) çıxmış bir generalın olduğunu çoxdan eşitmişdim. Zaqatalaya həsr olunmuş "Görkəmli şəxsiyyətlər" adlı kitabımın III hissəsi üzərində işləyərkən generalla bağlı araşdırmalara başladım. Soraqlaşdığım insanlar bu haqda eşitsə də, generalın adı, soyadını heç kim xatırlamırdı. Generalın ailəsi hələ ötən əsrin 60-cı illərindən Zaqataladan köçdükləri üçün qonşular da bir şey xatırlaya bilmədilər. Çox çətinliklə bir zamanlar generalın ailəsi ilə qonşu olmuş taksi sürücüsü Tahir kişini tapdım. Tahir kişi generalın atası Rza dayını, anası Həlimə xanımı xatırlasa da, ailənin digər üzvlərinin adlarını unutmuşdu. Həmişə olduğu kimi ilk köməyimə gələn rayonumuzun tanınmış ağsaqqalı, rayonumuzda uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışmış ensiklopedik biliyə və güclü yaddaşa malik olan Cücüy Yaliyev oldu. Cücüy müəllim Bariyevlər ailəsinin ötən əsrin 30-cu illərində rayonumuza gəldiyini, ilk olaraq Kebeloba kəndinə pənah gətirdiklərini söylədi. Bariyevlər ailəsi bir müddət Kebeloba kəndində yaşamışdı. Ailənin böyük oğlu Sərvər Moskva Meşə Təsərrüfatı İnstitutunu bitirdikdən sonra bir müddət rayonumuzda baş meşəçi işləmişdi. O zamanlar meşə idarəsinin Əli Bayramlı kəndində, Kəmərbinə adlı ərazidə təsərrüfat sahəsi olmuş və burada ötən əsrin 50-60-cı illərində ağac kömürü istehsal edilmişdi. Bariyevlər ailəsi bir müddət də Kəmərbinədə yaşayıb. Generalın babası Yusif dayı burada gözətçi işləyib. Qeyd etmək lazımdır ki, bu dövrdə Kəmərbinədə Bariyevlər ailəsi ilə yanaşı, respublikamızın müxtəlif guşələrindən gəlmiş çoxlu insanlar məskən salmış, meşədəki kiçik daxmalarda yaşayaraq kömür istehsalı ilə məşğul olmuşdular. İş yoldaşım Nuru müəllimiin köməyi ilə tanış olduğum Əliabad kəndinin 86 yaşlı sakini Seyfulla dayı da bu faktı təsdiq elədi. Həmin illərdə Kəmərbinədə işləmiş ağsaqqal, Bariyevlər ailəsini, xüsusilə meşə idarəsinin direktor müavini işləmiş işgüzar, son dərəcə savadlı bir insan olan Sərvəri yaxşı xatırlasa da, əlavə heç nə deyə bilmədi. Görüşdüyüm insanlar Bariyevlər ailəsini az-çox xatırlasalar da, generalı gördüm deyən yox idi. Zaqatala Qeydiyyat Şöbəsində, Əli Bayramlı icra nümayəndəliyində apardığımız araşdırmalar da bir nəticə vermədi. Generalın axtarışı ilə əlaqədar izlər Əli Bayramlı (Şirvan) şəhərinə aparırdı. Bariyevlər ailəsinin Əli Bayramlı ilə bağlılığı isə mənə məlum deyildi.

Axtarışlar yenidən düyünə düşəndə təsadüf nəticəsində (fəlsəfədə buna zərurətdən doğan təsadüf deyirlər) rayonumuzun istedadlı qələm sahibi, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qurban Cəbrayıl axtarışlara qoşuldu. Məlum oldu ki, Qurban müəllim Bariyevlər ailəsi ilə yaxından tanışdır. O, Bariyevlərin - Yusif dayının bir zamanlar uşaqları ilə yaşadığı həyətin indiki sahibidir. Qurban müəllim Bariyevlərin bir zamanlar yaşadığı kürsülü evi saxlamaqla həyətin bir hissəsində özünə yaşayış evi tikib. Qurban müəllim bildirdi ki, Bariyevlər Zaqataladan Əli Bayramlıya (indiki Şirvana) köçmüşlər. Onun məsləhəti və iştirakı ilə hazırda Qax rayonunun Ləkit kəndində yaşayan, generalın bibisi oğlu olan Rəfail müəllimlə görüşdük. Rəfail müəllim Bariyevlər ailəsi haqqında bilmədiyimiz bütün qaranlıq məqamlara çıraq tutdu. Onun dediklərindən məlum oldu ki, Bariyevlər ailəsi Krım vilayətinin Feodasiya rayonunun Sudak şəhərindəndirlər. Krım tatarları olan bu nəslin ulu ağsaqqalı Seyidəli adlı son dərəcə imkanlı, gözüaçıq, elmi, təhsili qiymətləndirən, geniş dünyagörüşünə malik bir şəxs olmuşdu. Seyidəli baba öz vəsaiti ilə 50-yə yaxın oxumağa, elmə həvəsi olan gənci həkim, mühəndis, müəllim oxutmuşdu. Ötən əsrin 30-cu illərinin represiyası bu ailədən də yan keçməmiş, ailə elindən-obasından, doğma yurdundan pərən-pərən salınaraq Tiflisə, Orta Asiyaya, Bakıya, Xaçmaz rayonuna səpələnmişdi. Generalın babası Yusif dayı ailəsi ilə - övladları Sərvər, Südabə, Ayşə ilə Zaqatalaya pənah gətirmiş, Kebeloba kəndinə sığınmışdı. Meşə idarəsində gözətçi işləyən Yusif dayı bir müddət Kebelobada yaşadıqdan sonra Kəmərbinəyə köçmüş, sonralar Zaqatala şəhərində torpaq götürərək ev tikmişdi. Zaqatalada Yusif dayının daha 3 övladı - Rza (generalın atası), İsmət, Əminə anadan olublar.

Yusif dayının övladlarından Sərvər Moskva Meşə Təsərrüfatı İnstitutunu bitirmiş, bir müddət Zaqatalada baş meşəçi işləmiş, sonralar Sevastopola köçmüş və orada vəfat etmişdi.

Südabə Şəkiyə ərə gedib və 1979-cu ildə avtoqəzada həlak olub. Ayişə (Rəfail müəllimin anası) vəfat edib. İsmət hazırda Belarusun Qrodno şəhərində yaşayır və fəaliyyət göstərir. Əminə Bakı şəhərində yaşayır.

Yusif dayı və həyat yoldaşı Həlimə xala Zaqatalada vəfat etmiş və burada dəfn olunmuşlar. Generalın atası Rza dayı 1937-ci ildə Zaqatalada anadan olub, buradan hərbi xidmətə gedib və hərbi xidmətdən qayıtdıqdan sonra evlənərək Zaqataladan Əli Bayramlı şəhərinə köçüb, yanğınsöndürmə bölməsində işləyib. Əli Bayramlı şəhərində Rza dayının ilk övladı - haqqında söz açdığımız general-leytenant Ənvər Barıyev anadan olub. Rza dayı yaxşı işinə görə sonralar ali təhsil almaq üçün Moskva Yanğınsöndürmə İnstitutuna göndərilib və ailəsi ilə Moskvaya köçüb. Ali təhsilini uğurla başa vuran Rza dayı təyinatla Minskə göndərilib və hazırda da orada yaşayır. Ailənin ikinci övladı Timur (Teymur) Minskdə anadan olub və hazırda ali məktəblərin birində müəllim işləyir, polkovnik-leytenantdır.

Rəfail müəllimin dedikləri burda başa çatdı, artıq bütün qaranlıq məqamlara aydınlıq gəlmişdi. Genaralın tərcümeyi-halı isə bizə məlum idi. Odur ki, oxucuların intizarına son qoyaraq onları Azərbaycan torpağının yetirməsi general-leytenant Ənvər Rza oğlu Barıyevlə tanış edirik.

Ənvər Rza oğlu Barıyev 2 oktyabr 1964-cü ildə Azərbaycanın Əli Bayramlı (Şirvan) şəhərində anadan olub. O, 1985-ci ildə SSRİ DİN-nin Lvovdakı yanğınsöndürmə üzrə texniki məktəbini əla qiymətlərlə bitirdikdən sonra Minskdə yanğından mühafizə şöbəsində mühəndis, daha sonra Belorusiya SSR DİN yanğından mühafizə idarəsində mühəndis işləyib.

Ənvər müəllim 1991-ci ildə keçmiş SSR DİN-nin Ali mühəndis-yanğınsöndürmə texniki məktəbini əla qiymətlərlə bitirdikdən sonra 1991-1996-cı illərdə Belorusiya DİN hərbiləşdirilmiş yanğın xidməti Baş idarəsinin respublika praktiki mərkəzində baş elmi işçi sonra rəis müavini olub. 1996-cı ildə ona böyük etimad göstərilir MDB üzrə hərbiləşdirilmiş yanğın xidməti Baş idarəsi rəisinin 1-ci müavini təyin olunur. 2000-ci ildə Belarus Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasını əla qiymətlərlə bitirən Ə.Barıyev Fövqəladə Hallar nazirinin 1-ci müavini təyin edilir. 29 dekabr 2004-cü ildən Fövqəladə Hallar naziri vəzifəsini icra edən həmyerlimiz, 22 mart 2005-ci ildən 2011-ci ilə kimi Belarusun Fövqəladə Hallar naziri olub. Ənvər Rza oğlu Belarusun Fövqəladə Hallar naziri ikən 2007-ci ilin mart ayında ölkəmizdə səfərdə olub və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib.

Azərbaycana səfəri zamanı general Ənvər Barıyev, atası Rza dayı ilə birgə, baba və nənəsinin uyuduğu, atasının doğulduğu Zaqatalada qonaq olub, əzizlərinin qəbirlərini ziyarət edərək onlara ehtiramını bildirib. Rza dayı Zaqataladakı görüşlərdə ömrünün bu dilbər güşədə yaşanan illərini minnətdarlıqla xatırlayıb, qonaqpərvər, istiqanlı zaqatalalıları, gözəl Zaqatalanı heç zaman unutmayacağını bildirib. General özü də ata yurdunda gördüyü qonaqpərvərliyi, səmimiyyəti, diqqəti yüksək qiymətləndirib, Zaqatalanın təbiətinə vurğunluğunu ifadə edib.

General Ə.Barıyev 2011-2013-cü illərdə Belarusun Türkmənistandakı səfiri olub. 24 aprel 2013-cü ildən isə Belarus "Dinamo" Cəmiyyəti Mərkəzi Şurasının sədridir.

Ə.Barıyev həmçinin, elmi yaradıcılıqla məşğul olur. O, yüzdən artıq elmi əsərin müəllifi, pedaqogika üzrə fəlsəfə doktoru, dosentdir.

Uzun illər səmərəli xidmətlərinə görə general 3-cü dərəcəli "Vətənə xidmət" ordeni və III, II dərəcəli "Qüsursuz xidmətlərinə görə" medalları ilə təltif olunub.

Odlar Yurdu Azərbaycanımızın layiqli yetirməsi olan general-leytenant Ənvər Barıyevə həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Həşim İSMAYILOV
Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
(Zaqatala rayonu Sumaylı kəndi)

 





03.05.2021    çap et  çap et