525.Az

“Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı olub


 

“Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı olub<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın onlayn təqdimatı keçirilib.

Təqdimatı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq “Molla Nəsrəddin” jurnalının on cildliyinin yenidən nəşri ilə yanaşı, ensiklopediyasının da hazırlanmasını böyük hadisə adlandırıb. O bildirib ki, “Ensiklopediyanın hazırlanmasında Mətbuat tarixi və publisistika şöbəsinin bütün əməkdaşlarının çox sanballı xidməti vardır. “Molla Nəsrəddin” və xarici ölkələr mövzusu yenidən yazılmalıdır. Çünki bu jurnal yalnız Azərbaycanın ictimai-siyasi proseslərini izləməyib, həm də dünyadakı prosesləri izləyib. Eyni zamanda mollanəsrəddinçi ədəbiyyatın poetikası da müstəqillik işığında yenidən yazılmalıdır. “Molla Nəsrəddin” ensiklopediyası mollanəsrəddinçi ədəbiyyatın və ədəbiyyatşünaslığın bir pasportudur. Bu, akademiyanın elmi tədqiqat institutlarında hazırlanan ilk ensiklopediyadır”. 


Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında bildirib ki, “bu hadisəyə çox sevindim. Mən “Cəlil Məmmədquluzadə ensiklopediyası” hazırlananda da iştirak etmişdim. Bütöv bir ədəbi dövrün jurnalı olan “Molla Nəsrəddin”in ensiklopediyasının hazırlanması qürurvericidir. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirəm”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək vurğulayıb ki, “uzun illərdir Molla Nəsrəddin ədəbi məktəbini araşdıran hörmətli akademikimiz İsa Həbibbəylinin, digər mollanəsrəddinşünasların bu istiqamətdə araşdırmalarının məntiqi nəticəsi kimi meydana çıxan “Molla Nəsrəddin Ensiklopediyası” ədəbiyyatşünaslığımızda önəmli hadisədir. İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanıb, nəşr  edilib. Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanmış, akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görmüş ensiklopediya Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Ensiklopediya adının, başqa sözlə, ensiklopediya təyinatının mahiyyətinə uyğun olaraq hazırlanmış nəşr, “Molla Nəsrəddin” jurnalının bütün sahələrini ardıcıllıqla və ətraflı şəkildə əhatə edən biliklər dairəsi, məlumatlar toplusudur. Molla Nəsrəddin jurnalını bütünlüklə lüğət şəklində sistemə cəlb edən ensiklopediya, bu sahə üzrə yığcam məlumat verən elmi nəşr kimi yüksək dəyərə layiqdir. Ensiklopediya öz məzmununa görə yalnız sahə ensiklopediyası olmaqda qalmayıb, universal-milli ensiklopediya kimi də təqdim edilə bilər.


Nəşrin hazırlanmasında akademiklər, professorlarla yanaşı, Mehman Həsənli, Gülnar Qasımlı, Təhminə Vəliyeva kimi gənc tədqiqatçıların da iştirakı təqdir edilməlidir. “Molla Nəsrəddin” ensiklopediyası “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyasıdır, Mirzə Cəlil ensiklopediyasıdır, bütün mollanəsrəddinçilərin çoxcəhətli əməli fəaliyyətinin ensiklopediyası dəyərindədir. Bu nəfis kitab, öz əhatə dairəsi, həcmi, poliqrafiyası və digər parametrləri ilə birgə qiymətli bir vəsaitdir. Nəşrdə əsas mətnlərlə yanaşı, “Əlavələr” bölməsi də maraq kəsb edir: burada “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu ünvanlar, mətbəələr, jurnalın redaktorları, habelə, mollanəsrəddinçilərdən söz açan doktorluq və namizədlik dissertasiyalarının, gün üzü görən kitabların siyahısı və s. haqqında bilgilər verilib.

Ensiklopediyada “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması, o dövrün gerçəklikləri, jurnalın tənqid hədəfləri, jurnalın əleyhinə çıxanlar, kollektivin üzləşdiyi çətinliklər, mollanəsrəddinçilərin mövhumatla, cəhalətlə mübarizəsi, jurnalın gün üzü gördüyü dövrlərdə ölkə, region və dünyada cərəyan edən tarixi-ictimai-siyasi hadisələr, o cümlədən I Dünya müharibəsi dövrü – bütün bunların jurnalın mətn-mündəricəsinə, müəlliflərin yaradıcılığına təsirləri sistemləşdirilib, jurnalı yaradanlarla yanaşı, jurnalda məşhurlaşanlar, belə demək olarsa, jurnalın - yetişdirdikləri, jurnalın təsirləri, dil məsələsi, qadın azadlığı məsələsi, jurnalın Tiflis, Təbriz və Bakı dövrü və s. kimi mövzuları universal şəkildə əhatə edilib.

Azərbaycan peşəkar satirik mətbuatının əsasını qoyan və ədəbi məktəb yaradan “Molla Nəsrəddin” jurnalı 25 illik fəaliyyəti ilə türk-müsəlman dünyasında, Yaxın Şərqdə geniş yayılmaqla xalqların azadlıq, dövlət müstəqilliyi, demokratiya uğrunda mübarizəsində özünəməxsus yerə və rola malikdir. Azərbaycan ədəbi-ictimai fikrinə yeni üslub, yeni baxış və düşüncə tərzi gətirməklə yanaşı, demokratik ictimai fikrin təkamülünə, satirik mətbuatın, satira ədəbiyyatının inkişafına güclü təsir göstərib. Heç təsadüfi deyil ki, milli və bəşəri dəyərləri özündə universal şəkildə təcalla etdirən “Molla Nəsrəddin” jurnalı bir çox cəhətləri ilə çağdaş dövrümüzdə də aktual görünür və xalqın söz xəzinəsinə rəng qatır.

İlk buraxılışından (07 aprel 1906, Tiflis) 115, Təbrizdə nəşrə başlamasından (1921) 100, Bakıda son sayının gün üzü görməsindən (1931) 90 il keçən “Molla Nəsrəddin” jurnalı üçün əlamətdar olan 2021-ci il, bu ensiklopediya ilə süslənmişdir. “Molla Nəsrəddin” ensiklopediyasının bütün mollanəsrəddinçilərin ruhunu şad edəcəyinə inanıram. Fürsətdən istifadə edərək, ensiklopediyanın araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni yaradıcılıq uğurları diləyirəm!”

Sonra Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Molla Nəsrəddin” jurnalının və Ədəbiyyat İnstitutunun ilk ensiklopediyası” adlı geniş məruzə edib: “Cəlil Məmmədquluzadə irsi və onun redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatının və çoxəsrlik ədəbiyyatımızın mühüm bir istiqamətini təşkil edir. Əsrlərin sınağından qalibiyyətlə çıxan, çağdaş dövrümüzdə də öz əhəmiyyətini və unikallığını qoruyub saxlayan “Molla Nəsrəddin” jurnalı Mirzə Cəlil yaradıcılığının “şah əsəri” (akademik İsa Həbibbəyli) olmaqla bərabər, həm də Şərq dünyasında ilk rəngli, karikaturalı satirik jurnal kimi öz adını Azərbaycan milli mətbuatının salnaməsinə yazmışdır. Jurnal Azərbaycan ədəbi-ictimai fikrinə yeni üslub, yeni baxış və düşüncə tərzi gətirməklə yanaşı, həm də yayıldığı ölkələrdə demokratik ictimai fikrin təkamülünə, satirik mətbuat və ədəbiyyatın inkişafına güclü təsir göstərdi. Milli və bəşəri dəyərləri özündə yaşadan “Molla Nəsrəddin” jurnalının yürütdüyü ideoloji xətt çağdaş dövrümüzdə də olduqca aktual görünür. Əbədiyaşarlıq qazanan “Molla Nəsrəddin” jurnalı xalqımızın zəngin söz xəzinəsidir. Elə bir xəzinə ki, biz bütün dövrlərdə ondan yaradıcılıqla bəhrələnə bilirik. Məhz elə bu yüksək məziyyətlərinə görə də “Molla Nəsrəddin” jurnalı həmişə çoxsaylı oxucuların və ziyalıların diqqət mərkəzində qərar tutur.

Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalı Şərqdən Qərbə qədər böyük bir arealda yayılaraq şöhrət qazanmış və mollanəsrəddinçilər ədəbi nəslinin ölməz irsinin tanıdılması və təbliğində mühüm rol oynamışdır. Jurnalın bu böyük xidmətləri çoxmilyonlu oxucular tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm də dövlət qayğısı ilə əhatə olunmuş və öz layiqli qiymətini almışdır. Xüsusilə də, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və onun rəhbərliyi “Molla Nəsrəddin” ədəbi abidəsinə həmişə diqqət və qayğı ilə yanaşır. Akademik İsa Həbibbəylinin redaktorluğu ilə işıq üzü görən “Molla Nəsrəddin” ensiklopediyası da bu ölməz, zəngin irsimizə böyük məhəbbətin bariz nümunəsidir. İnstitutun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan ensiklopediya şərəfli və məsuliyyətli bir işin nəticəsi kimi olduqca qiymətli və dəyərlidir.

Akademik İsa Həbibbəyli Azərbaycan realist nəsrinin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalına dövlət qayğısından bəhs edərək yazır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə Cəlil Məmmədquluzadənin anadan olmasının 150, “Molla Nəsrəddin” jurnalının 100, 110 illik yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi klassik irsimizə və milli mətbuatımıza verilən yüksək qiymətin real təzahürü və təntənəsidir”. Məhz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi və əməkdaşları da respublika prezidentinin ideoloji və strateji xəttini uğurla davam etdirərək Cəlil Məmmədquluzadənin zəngin və ölməz ədəbi irsinə və XX əsr Azərbaycan ədəbiyyatının böyük ədəbi simalarının yaradıcılığını ehtiva edən “Molla Nəsrəddin” jurnalına bitib-tükənməyən xəzinə və möhtəşəm söz abidəsi kimi yanaşır, onun əbədiyaşarlığını təmin etmək üçün çoxsaylı layihələr həyata keçirirlər. Bu baxımdan institutun direktoru, akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü və rəhbərliyi ilə işıq üzü görən “Molla Nəsrəddin” ensiklopediyası milli-mənəvi dəyərlərimizə verilən böyük qiymətin və dəyərin təzahürüdür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan ensiklopediya üç illik səmərəli axtarışların nəticəsi kimi ərsəyə gələn mükəmməl və monumental bir məcmuədir. Şöbə əməkdaşlarının tarixi materiallar, zəngin arxiv sənədləri, tədqiqat əsərləri, monoqrafiyalar, doktorluq və namizədlik işləri, salnamələr, memuarlar əsasında hazırladıqları ensiklopediya XX əsrin ictimai-siyasi, ədəbi-mədəni hadisələrini, mollanəsrəddinçilərin zəngin və çoxşaxəli yaradıcılığını, jurnalın çoxsaylı tədqiqatçılarının elmi fəaliyyətini özündə əks etdirən dəyərli sənət əsəridir.

“Molla Nəsrəddin” ensiklopediyasının ideya rəhbəri və baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Tərtib edən və çapa hazırlayan filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir. Ensiklopediyanın korrektorları Təhminə Vəliyeva və Zərin Vəliyeva, operatoru isə Şəbnəm Şəfizadədir. Nəşrin əsas redaksiya heyətinə Ramiz Mehdiyev, Anar, İsa Həbibbəyli, Teymur Kərimli, Vüqar Əhməd, Asif Rüstəmli, Gülbəniz Babayeva, Aygün Bağırlı və Mehman Həsənli daxildir. Ensiklopediya üzərində işə 2016-cı ildən start verilmişdir. Əvvəlcə akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə “Molla Nəsrəddin” ensiklopediyası üçün “Sözlük” hazırlanmışdır. Şöbənin əməkdaşı Gülbəniz Babayeva 420 səhifədən ibarət olan sözlüyü “Molla Nəsrəddin” jurnalının 8 cildliyi, Qulam Məmmədli, Elmira Qasımova və Afaq Əliyevanın “İmzalar” kitabı, keçən əsrin əvvəllərindən başlayaraq çağdaş dövrümüzə qədər Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında yazılmış tədqiqat əsərləri əsasında tərtib edilmişdir. Bu mərhələ başa çatdıqdan sonra akademik İsa Həbibbəyli sözlüklərin seçilməsi ilə bağlı şöbə əməkdaşları və müəlliflərlə müzakirə və diskussiyalar aparmış, məsləhətləşmiş və ensiklopediya üçün daha önəmli və əhəmiyyətli olan sözlər seçilmiş və elmi məqalələrin əsas mövzusuna çevrilmişdir. Dərin elmi araşdırmalar, çoxsaylı mənbələr və arxiv materialları əsasında yazılan ensiklopediya milyonlarla oxucunun istinad edə biləcəyi dəyərli və monumental bir söz abidəsinə çevrilmişdir.

Ensiklopediyanın önəmli cəhətlərindən biri də onun həm Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixində, həm də “Molla Nəsrəddin” jurnalı haqqında yazılmış ilk ensiklopediya olmasıdır. Jurnalın nəşrindən bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq indiyədək belə bir ensiklopediya işıq üzü görməmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi, Mətbuat tarixi və publisistika şöbəsi bu məsuliyyətli və şərəfli işin öhdəsindən layiqincə gəlmişdir.


Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan “Sözlük”də əsasən, “Molla Nəsrəddin” jurnalının cildlərindən, Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı ilə bağlı yazılmış çoxsaylı tədqiqat əsərlərindən, Qulam Məmmədlinin “Salnamə” və “İmzalar”, Elmira Qasımova və Afaq Əliyevanın “İmzalar”, “Gizli imza və atribusiyalar” və digər mötəbər mənbələrdən, eləcə də tarixi sənədlərdən, mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən arxiv materiallarından istifadə olunmuşdur. Ensiklopediya məhz fikir süzgəcindən keçirilmiş, seçilmiş “Sözlük” əsasında hazırlanmışdır. Bu sanballı və qiymətli məlumat kitabında 400-ə yaxın məqalə və oçerk əksini tapmışdır.

Ensiklopediyanın ilk səhifələrində akademik İsa Həbibbəylinin “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı proqram xarakterli “Ön söz”ü yer almışdır. Akademik giriş səciyyəli bu müfəssəl yazıda Azərbaycan satirik mətbuatının zirvəsinə ucalan, ədəbi məktəb yaradan və 25 il milli mətbuatımızın və ədəbiyyatımızın qızıl səhifələrini yazan “Molla Nəsrəddin” jurnalının və mollanəsrəddinçilərin xalqa təmənnasız xidmətindən bəhs edərək yazır: “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərindəki ədəbiyyat və mətbuat cəbhəsinin liderliyi missiyasını uğurla həyata keçirmişdir. Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı bütün istiqamətlərdə ictimai-siyasi hadisələrə və ədəbi prosesə ciddi təsir göstərmiş və istiqamət vermişdir... “Molla Nəsrəddin” ədəbi məktəbi universal xarakterə malik olub, özündə tənqidi-realist ədəbiyyat məktəbini, satirik publisistika məktəbini və karikatura məktəbini birləşdirmişdir. Bu mənada “Molla Nəsrəddin” jurnalı məktəb hazırlayıb meydana çıxaran nadir mətbuat orqanıdır... Mənsub olduğu xalqın milli azadlıq hərəkatına təkan vermək, onu müstəmləkə zülmündən xilas etmək və müstəqil dövlətçilik yollarında dönmədən mübarizə aparmaq baxımından da C.Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı ardıcıl və qətiyyətli addımlar atmışdır. Sözün əsl mənasında C.Məmmədquluzadə Azərbaycan ədəbi-ictimai fikrində milli azadlıq düşüncəsinin sərkərdəsidir... “Molla Nəsrəddin” jurnalı Şərqdə satirik mətbuatın lokomotivi və əsas hərəkətverici qüvvəsidir”.

Ensiklopediyada “Ön söz”dən sonra akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın birgə yazdıqları “Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında” adlı məqalə yer almışdır. Məqalədə ümummilli lider Heydər Əliyevin Cəlil Məmmədquluzadə irsinə, “Molla Nəsrəddin” jurnalına və mollanəsrəddinçilərin yaradıcılığına verdiyi yüksək dəyər ön plana çəkilir. Azərbaycan Dövlətinin Memarı, ulu öndərimiz Heydər Əliyev Cəlil Məmmədquluzadənin çoxşaxəli yaradıcılığına və onun redaktorluğu ilə nəşr edilən, ilk satirik mətbuat orqanı olan “Molla Nəsrəddin” jurnalının tarixi əhəmiyyətinə xüsusi diqqət yetirir.  Ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadəni təkcə öz əsərləri ilə deyil, həm də onu dünya arealında məşhurlaşdıran, şöhrət qazandıran və adını əbədiləşdirən “Molla Nəsrəddin” jurnalı vasitəsilə Azərbaycan xalqının milli şüurunun formalaşmasındakı, mətbuatımızın inkişafındakı unudulmaz xidmətlərini yüksək dəyərləndirərək yazır: “Cəlil Məmmədquluzadə dühası “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı. “Molla Nəsrəddin”, onun vasitəsilə C.Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar”.

Ensiklopediyanın əsas istiqamətlərindən birini də mollanəsrəddinçilər - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əli Razi, Bayraməli Abbaszadə, Salman Mümtaz, Məmməd Səid Ordubadi və başqaları haqqında yazılmış oçerklər təşkil edir. Burada da XX əsrin əvvəllərində Azərbaycan satirik ədəbiyyatının və milli mətbuatımızın inkişafında müstəsna xidmətləri olan böyük ədəbi simalar haqqında elm aləminə məlum olmayan yeni faktlar aşkarlanaraq oxucuların ixtiyarına verilmişdir.
 Ensiklopediyanın əsas problematikasını təşkil edən satirik publisistika və poeziyanın müəlliflərinin həyat və yaradıcılıqları, jurnaldakı fəaliyyətləri də geniş işıqlandırılmışdır. Məlumdur ki, dövrün, zamanın sərt senzurası mollanəsrəddinçiləri gizli imzalardan istifadə etməyə yönləndirmişdir. Minlərlə imzanın aşkarlanması, müəlliflərinin müəyyənləşməsində böyük salnaməçi Qulam Məmmədlinin və bu gün xeyirxah missiyanı uğurla davam etdirən filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovanın xüsusi əməyi vardır. Bu prinsip ensiklopediyada da gözlənilmiş, gizli imzaların əksəriyyəti Elmira Qasımova tərəfindən işlənilmişdir.


“Molla Nəsrəddin” jurnalını geniş oxucu auditoriyasına sevdirən və əhəmiyyətini artıran həm də onun çoxsaylı, satirik yönümlü rubrikalarıdır. Jurnalın nəşri boyunca istifadə etdiyi folklor nümunələrinə parodiya və perifrazlar şəklində yaratdığı “Atalar sözləri”, “Bayatılar”, “Nağıllar”, “El ədəbiyyatı”, “Tapmacalar”, “Hikmətli sözlər”, eləcə də, “Teleqraf xəbərləri”, “Ticarət və ekonomi xəbərləri”, “Daxili xəbərlər”, “Xarici xəbərlər”, “Qafqaz xəbərləri”, “Mətbuat xəbərləri”, “Elanlar” və s. çoxsaylı rubrikalar haqqında nəzəri məlumatlar jurnaldan seçilmiş nümunələr əsasında Gülbəniz Babayeva tərəfindən yazılmışdır.


“Molla Nəsrəddin” jurnalında onun publisistikası və satirik poeziyası ilə tam uyarlıq yaradan çoxsaylı karikaturaların böyük rolu vardır. Oxucuların bütün təbəqələri tərəfindən anlaşılan, istedadlı rəssamların yüksək sənətkarlıqla çəkdikləri karikaturalar jurnalın populyarlıq qazanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Jurnalda Şərq və Qərb mədəniyyətini qovuşduran, rəssamlıq sənətinin, xüsusilə də qrafika və karikatura janrının inkişafında misilsiz xidmətləri olan O.Şmerlinq, İ.Rotter, Beno, Ə.Əzimzadə, X.Musayev, H.Əliyev, K.Dorş, İ.Axundov, Q.Xalıqov, S.Behzad və başqaları haqqında yazılmış oçerklər ensiklopediyanın maraqlı səhifələrindəndir.

Məlumdur ki, jurnal keçən əsrin 30-cu illərindən başlayaraq ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş, görkəmli ədəbiyyatşünaslar, ədəbi tənqidçilər, nəzəriyyəçi alimlər tərəfindən müxtəlif aspektdən təhlilə cəlb edilmişdir. “Molla Nəsrəddin” ədəbi hərəkatının mənbəyi və əsas istiqamətləri, tənqidi realizm, mollanəsrəddinçilik, onun dünya nəzəriyyələr sistemindəki yeri, orijinallığı və beynəlxalq aləmdə yayılaraq xarici oxuculara çatdırılması məhz görkəmli alimlərimizin cəfakeşliyi sayəsində reallaşmışdır. Ensiklopediyada böyük bir təkamül yolu keçərək çağdaş dövrümüzdə də uğurla davam etdirilən bu sistemli araşdırmaların müəllifləri - Əli Nazim, Mirzə İbrahimov, Həbibulla Səmədzadə, Əziz Mirəhmədov, Qulam Məmmədli, Nazim Axundov, Məmməd Cəfər Cəfərov, Fərman Bayramov, Mir Cəlal, Firudin Hüseynov, İslam Ağayev, Xeyrulla Məmmədov, Xalid Əlimirzəyev, Yaşar Qarayev, İsa Həbibbəyli, Təhsin Mütəllimov, Qorxmaz Quliyev, Elmira Qasımova və başqaları haqqında oçerklərə də yer verilmişdir. Mollanəsrəddinçi alimlərin Azərbaycan Mollanəsrəddinşünaslığına bəxş etdikləri tədqiqat əsərləri, onların ideya-bədii mündəricəsi, əsas parametrləri və bu sahədə əldə olunan qənaət və nəticələr təhlil süzgəcindən keçirilmişdir.


Ensiklopediyada “Molla Nəsrəddin” jurnalında əksini tapan ədəbi janrlar - bəhri-təvil, dəyənək, felyeton, karikatura, pamflet, parodiya, publisistika, satira, taziyanə, təxmis, tragikomediya və sair haqqında nəzəri məlumatlar da “Molla Nəsrəddin” jurnalından seçmə nümunələr əsasında şərh edilmiş, ensiklopediyanın söz bazasının, siqlətinin və məna tutumunun zənginliyinə və çoxçeşidliliyinə imkan yaratmışdır.

“Molla Nəsrəddin” jurnalı ədəbi məktəb yaradan ilk satirik dərgi kimi özündən sonra bir çox satirik jurnalların yaranmasına və nəşrinə yol açdı. Bu baxımdan, “Babayi-Əmir”, “Bəhlul”, “Məzəli”, “Tuti”, “Zənbur” və başqa satirik jurnallar “Molla Nəsrəddin” ənənələrini davam etdirən mətbuat orqanları kimi mühüm əhəmiyyət kəsb edir. Ensiklopediyada bu satirik jurnallara da xüsusi yer ayrılıb.

Ensiklopediyanın “Əlavələr” bölməsində jurnalın redaktoru, ilk dəfə olaraq nömrələrinin illər üzrə dəqiqləşdirilmiş sayı, nəşr olunduğu yer, mətbəə haqqında məlumatlar əksini tapmışdır. Eyni zamanda, həmin bölmədə doktorluq və namizədlik dissertasiyaları, Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı haqqında tədqiqat əsərləri də yer almışdır.

Ensiklopediyada diqqətçəkən önəmli cəhətlərdən biri də Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı ilə bağlı dövlət əhəmiyyətli mühüm sənədlərə, əmr, fərman və sərəncamlara mətnlərin daxilində istinad edilməsi və jurnalın ideoloji xəttinin, məqsəd və məramının aydınlaşdırılması prosesinə müstəqillik illərinin, yeni dövrün baxışları bucağından yanaşılmasıdır. Bu prinsip həm ayrı-ayrı şəxsiyyətlər haqqında verilmiş oçerklərdə, həm də nəzəri problemlərdə, müxtəlif mövzulu məsələlərə münasibətdə gözlənilmişdir. Bununla yanaşı, ensiklopediyada XX əsrin mürəkkəb ictimai-siyasi hadisələri fonunda yaranan, formalaşan Azərbaycan realist ədəbiyyatının, satirik mətbuatın və xüsusilə də “Molla Nəsrəddin” jurnalının mövzu və problematikasında əksini tapan bütün məsələlər diqqət mərkəzində saxlanılmışdır.

“Molla Nəsrəddin” jurnalı hələ nəşr olunduğu illərdən ədəbi ictimaiyyətin, ədəbiyyatşünasların və ədəbi tənqidin yaradıcılıq orbitinə daxil olmuş, çağdaş dövrdə də bu ənənə uğurla davam etdirilməkdədir. Ensiklopediyanın redaktoru, akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadə yaradıcılığı və “Molla Nəsrəddin” jurnalı ilə bağlı çoxsaylı fundamental araşdırmaları bu istiqamətdə aparılmış ən uğurlu və sanballı tədqiqatlar hesab olunur.

“Molla Nəsrəddin” ensiklopediyası”nın nəşri də az qala yarım əsrə qədər davam edən səmərəli axtarışların məntiqi yekunu kimi olduqca dəyərlidir. Təbii olaraq, ensiklopediyanın əsasını təşkil edən “Molla Nəsrəddin” jurnalının Tiflis, Təbriz və Bakı mərhələləri, “Molla Nəsrəddin” ədəbi məktəbi”, “Molla Nəsrəddin”in Təbriz şəhəri üzrə abunə dəftəri”, “Cəlil Məmmədquluzadə”, “Mollanəsrəddinçilik təlimi”, “Tənqidi realizm”, “Səyahətnamələr”, “Poçt qutusu”, “Eynəli bəy Sultanov”, “Lüğət”, “Şürbi Mirzəyev”, “Usta Zeynal”, “Oskar Şmerlinq”, “Firidun bəy Köçərli”, “Çay dəstgahı”, “Kamança”, “Mirzə İbrahimov”, “Rüstəm Behrudi” və başqa məqalələr, portret oçerklər, rubrika və əsərlər akademik İsa Həbibbəyli tərəfindən işlənmişdir.


Akademik İsa Həbibbəyli bu monumental söz abidəsini yüksək dəyərləndirərək yazır: “Molla Nəsrəddin” ensiklopediyası” - Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin ensiklopedik kitabıdır. “Molla Nəsrəddin” ensiklopediyası” - Azərbaycanda konkret bir ədəbi məktəb haqqında yazılmış birinci ensiklopediyadır.

"Molla Nəsrəddin” ensiklopediyası” - Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının kollektiv elmi əsəri, xüsusən, “Mətbuat tarixi və publisistika” şöbəsi əməkdaşlarının elmi axtarışları və böyük zəhməti əsasında hazırlanmış ədəbiyyatşünaslıq salnaməsidir. “Molla Nəsrəddin” ensiklopediyası” - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının Azərbaycan elmi qarşısında növbəti hesabatıdır”.

Ensiklopediyanın hər bir məqaləsi, oçerki müəlliflərin gərgin və səmərəli axtarışları dərin məntiqi təfəkkürü əsasında yazılmış dəyərli məlumatlar mənbəyi kimi qiymətlidir. İnanırıq ki, bu zəngin topluda əksini tapan hər bir faktoloji, terminoloji və nəzəri məlumatlar neçə-neçə tədqiqatlar üçün tükənməz, əvəzsiz bir mənbəyə çevriləcək.

“Molla Nəsrəddin” ensiklopediyasının hazırlanmasında Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları ilə birlikdə Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin alimləri İslam Qəribli, Alxan Məmmədov, Lütfiyyə Əsgərzadə, Elmira Qasımova və Səadət Vahabovanın da xüsusi əməyi vardır. Şöbələr arasında yaranan iş birliyi, həmrəylik və məsuliyyət hissi ensiklopediyanın dəyərini, əhəmiyyətini artırmış və nəticədə daha mükəmməl bir işin ərsəyə gəlməsinə təminat yaratmışdır.


Üç illik gərgin, səmərəli, məsuliyyətli axtarış və fəaliyyətin nəticəsi kimi ərsəyə gələn ensiklopediyada hər bir müəllifin fədakarlığı və zəhməti danılmazdır. Xüsusilə də, ensiklopediyanın ideya müəllifi akademik İsa Həbibbəylinin Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları ilə sıx əlaqəsi, fikir mübadiləsi, vaxtaşırı toplantılar keçirərək prosesin gedişi ilə ciddi maraqlanması və ən başlıcası isə işi dönə-dönə oxuyub, dəyərli tövsiyə və məsləhətlər verməsi mükəmməl və monumental bir ensiklopediyanın ortaya çıxması ilə nəticələndi. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin redaktorluğu, Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşlarının uzunmüddətli səmərəli axtarışları, kollektiv zəhməti nəticəsində hazırlanıb çoxsaylı oxucuların, ziyalıların, bütövlükdə Azərbaycan vətəndaşlarının ixtiyarına verilən ensiklopediya XX əsrin ən böyük və qiymətli salnaməsidir.Fürsətdən istifadə edib ensiklopediya haqqında rəy-məqalə yazan BDU-nun ustad professoru Cahangir Məmmədliyə təşəkkür edirəm. Eləcə də, ensiklopediya haqqında ətraflı, məzmunlu məqalələrlə dövri mətbuatda çıxış edən bütün müəlliflərə təşəkkür edirəm və o cümlədən professor Himalay Qasımova. Xüsusi minnətdarlığımı bildirmək istəyirəm “525-ci qəzet”in baş redaktoru əziz dostumuz Rəşad Məcidə.  Ensiklopediya haqqında silsilə informasiya və məqalələr ən çox “525-ci qəzet”də dərc olunub.


Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bu cür böyük iş üçün təşəkkür edərək əlavə edib ki, bu, təkcə Ədəbiyyat İnstitutunun deyil, bütövlükdə akademiyanın uğurudur.


AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında “Molla Nəsrəddin” ensiklopediyası”nı Azərbaycan ədəbiyyatı və mətbuatı üçün Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış çox sanballı töhfə adlandırıb.


Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, həmçinin BDU-nun Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor  Cahangir Məmmədli “Molla Nəsrəddin” ensiklopediyası” - əsrin söz abidəsi” məruzəsi ilə çıxış edib.


Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva “Milli məkkurə yaddaşının ensiklopediyası” adlı məruzə ilə çıxış edib.

 

 

 

 

 


 

 





03.05.2021    çap et  çap et