Heydər Mirzə, jurnalist:
- Azad Rəhimovun bir insan və bir nazir kimi bu ölkəyə verdiyi əsas şey illərdir ki, onunla yan-yana çalışan, zaman içərisində sayı-hesabı olmayan layihələrdə təcrübə qazanan, indi isə artıq özləri də vəzifə və məsuliyyət sahibi olan gənc və peşəkar kadrlardır. Bunun özü nəyə desən dəyər. Allah rəhmət eləsin.
Mikayıl Cabbarov, İqtisadiyyat naziri:
- Gənclər və idman naziri Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir. Azad müəllim sadəliyi, işgüzarlığı ilə seçilən, gülərüz, həyat eşqi ilə dolu insan idi. Vətəninə sadiq, dövlətini sevən, xalqına bağlı ictimai xadim, hamıya qayğı ilə yanaşan səmimi dost idi Azad müəllim. Həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ailəsinə və yaxınlarına səbir diləyirəm, bu itki hər birimizi dərindən ağrıtdı. Allah rəhmət eləsin.
Emin Əmrullayev, Təhsil naziri:
- Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsini dərin kədər hissi ilə qarşıladıq. Azad Rəhimov ölkəmizdə gənclər və idman siyasətinin inkişafında böyük xidmətləri olan nikbin, xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq. Ailəsinə və yaxınlarına səbir diləyirik. Allah rəhmət eləsin!
İntiqam Babayev, Gənclər və idman nazirinin müavini:
- Gözəl insan, sadə, həssas, qayğıkeş, hər zaman Vətəninə xidmət etməyə hazır olan Azad müəllim. Siz, əməkdaşlarınızın hər biri üçün sadəcə nazir yox, sözün əsl mənasında, doğma insansınız. Allah Sizə rəhmət eləsin, ruhunuz şad olsun.
İlham Quliyev, jurnalist:
- Gənclər və idman naziri Azad Rəhimov vəfat etdi. Peşə fəaliyyətimizlə bağlı Azad müəllimi çoxsaylı rəsmi görüşlərdə, mətbuat konfransında, bir dəfə də parlament jurnalistlərinin iştirakı ilə keçirilən qeyri-rəsmi söhbətdə görmüşdüm. Çox səmimi məmur idi. Yəqin elə bu səbəbdəndir ki, bu dünyadan məmurdan daha çox səmimi bir insan kimi yola salınır! Nazirlikdə onunla birgə çalışan əməkdaşlarının yazdığı sevgi dolu statusları oxuduqca yuxarıda yazdığım müşahidələrimin yanlış olmadığını görürəm! Azad müəllim dünyadan çox erkən getdi! Ailəsinə, yaxınlarına, nazirliyin əməkdaşlarına səbr diləyirəm! Yeri behişt olsun!
Elnur Allahverdiyev, millət vəkili:
- Dövlətə və vətənə qəlbən bağlı, mərd və unudulmaz insan, əsl vətəndaş olan Gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Allah rəhmət etsin!
Səmayə Məmmədova, Gənclər və idman nazirinin Mətbuat katibi:
- Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim. Bir müddət bundan öncə onunla danışanda: "Azad müəllim, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var ki" - yazmışdım. Cavabı: "Gözlə. Gələcəm" - olmuşdu. Azad müəllim, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz? Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq, Azad müəllim. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi göynədəcək, ürəyimi yandıracaq. Sizin yoxluğunuzla mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım. Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmağı, Sizdən öyrənməyi, Sizin məktəbi keçməyi mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun, mərd, sözü, əməli bütöv, mərhəmətli, MÖHTƏŞƏM İNSAN!
Alqış Musayev, jurnalist:
- Gənclər və idman naziri Azad Rəhimovun babası - 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri işləmiş Sadıq Rəhimov millətçi, vətənpərvər, qətiyyətli, yeri gələndə Kreml sahibinə etiraz edən bir dövlət adamı olub...
Sahib Məmmədov, hüquqşünas:
- Mən mərhum Azad müəllimi şəxsən tanımırdım. Dövlət qulluğuna qəbul üzrə neçə illərdir ekspertəm. Bir neçə nazir var idi ki, əməkdaşlarına tapşırırdı ki, namizədləri incitməyin. Kim minimal balı toplayırsa, gəlsin işləsin. Azad müəllim də o bir neçə nazirdən biri idi. Allah rəhmət eləsin.
Solmaz Tohidi-Rüstəmova, tarixçi alim:
- Azad Rəhimov Əhməd bəy Ağayevin qohumu idi, onun 150 illik yubileyi ilə bağlı tədbirlərin maliyyələşdirilməsində yaxından iştirak etmişdi.
Ceyhun Ağabəyov, tarix müəllimi:
- Öz səmimiyyəti ilə yaddaşlarda həmişə yaşar şəxsiyyət. Allah rəhmət eləsin.
Anar Cahangirli, Beynəlxalq münasibətlər, kommunikasiya və dövlət idarəçiliyi üzrə ekspert:
- Azad müəllim barədə yaxşı nə desək azdır. O, sözün əsl mənasında böyük ürəyə sahib idi. Həmişə hamının xatirəsində belə gülərüz, məğrur və xeyirxah birisi kimi qalacaq. Allah rəhmət eləsin!
Aslan Quliyev, məmur:
- Ölkəmiz daha bir dəyərli övladını itirdi. Onun vəfatı hamı kimi məni də sarsıtdı. Azad Rəhimov bizə təkcə rəhbər deyildi, həm də böyük qardaş idi. Onu tanıdığım, onun rəhbərliyi altında işlədiyim bu 15 ildə kiminsə xətrinə dəydiyinin, incitdiyinin, kəməsə kin bəslədiyinin şahidi olmamışam. Onu hər kəs sevirdi. Sadə, səmimi, gözəl insan - AZAD... Sizi həmişə xoş xatirələrlə xatırlayacağıq. Nur içində yatın.....
Natavan Osmanlı, teleaparıcı:
- Allah rəhmət eləsin. Dəfələrlə efirlərimdə qonağım olub. Bir insan ancaq bu qədər sadə və səmimi olar. Bir insan ancaq bu qədər azərbaycanlı ola bilərdi. Məkanınız cənnət olsun, Azad Rəhimov.
Fazil Mustafa, millət vəkili:
- Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti vəzifəsində olduğuma görə mərhum Azad Rəhimovla bir sıra görüşlərdə, ziyafətlərdə səmimi münasibətlərimiz olmuşdu. Hamıya açıq, şən, komplekssiz insan idi. Bir nazir kimi özünü yuxarıdan aparmağı qətiyyən yox idi, hamı ilə də rahat ünsiyyət qurmağı bacarırdı. Allah rəhmət etsin!
Rüfət Əsədov, Xalq artisti:
- Kişi yaxşılığı unutmaz. Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovla şəxsən tanış deyildim. Amma 2012-ci ildə bizim Yaponiyaya Festivala getməyimizə böyük köməklik elədi. Bunu heç vaxt unutmaram. Allah Azad müəllimə rəhmət eləsin. Ruhu şad olsun!
Azər Qərib, jurnalist:
- Azad Rəhimov uğurlu biznesdən vəzifəyə gələn nadir məmurlardan idi, bizim məktəbi bitirmişdi, məndən 3 sinif aşağı oxuyurdu.
Çörək də kəsmişik, sözümüzün çəp düşdüyü vaxtlarımız da olub, amma bağlantılarımız çox idi, ümumi dostlar, ailəlikcə münasibətlər və həmişə hörmətim olub ona, zamanında məni dəstəkləyənlərdən biri olmuşdu.
Ürəyi geniş idi, optimist idi, ailəsinə və dostlarına sədaqətli idi, bütöv insan idi.
Allah rəhmət eləsin özünə, yaxınlarına isə səbr diləyirəm.
Ağa Dadaşzadə, jurnalist:
- Heç yadımdan çıxmaz, 4 il öncə Azad Rəhimov İdman Akademiyasında tədbirdə idi. Çölə çıxanda qocaman idman ustası ona yaxınlaşıb maddi durumunun ağır olduğunu söylədi. Cənab nazirdən pul yox, 150-200 manat maaşı olan hər hansı bir yerdə iş istədi. Ağsaqqal çox nimdaş paltarda idi. Cənab nazir tələsirdi deyə çox vaxt ayıra bilmədi, əvəzində "başqa nəyə ehtiyacın var?" sualını verdi. Ağsaqqal qətiyyətlə heç nəyə ehtiyacı olmadığını söylədi (Təbii ki, ehtiyaclı biri idi). Cənab nazir onun evinə həmin axşam maddi və ərzaq yardımı göndərdi. O insan hələ də bilmir ki, onu Azad müəllim edib. İnsanın bildiyi o oldu ki, cənab nazir tərəfindən iş və təqaüdlə təmin edildi. Azad müəllimə Allah rəhmət eləsin. Bu məsələni heç nazirliyin mətbuat katibi də bilmir. Dəyərli insan aramızdan getdi... Çox heyif...