525.Az

"Ağıllı kənd" layihəsi ilə "Arximed" qurğusundan istifadə olunacaq


 

"Ağıllı kənd" layihəsi ilə "Arximed" qurğusundan istifadə olunacaq <b style="color:red"></b>

Aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd" layihəsinin təməlini qoydu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin tətbiqinə başlanıldı.

Mayın 1-də "Ağıllı kənd" layihəsiylə yaxından tanış olmaq və geniş ictimaiyyətə çatdırmaq üçün bir qrup media nümayəndəsinin Zəngilan rayonuna mediaturu baş tutdu. Həmin səfərdə iştirak edən "525-ci qəzet"in əməkdaşları dövlət başçısının təməlini qoyduğu "Ağıllı kənd" layihəsilə tanış olub, iş prosesini izləyib və geniş məlumatlar əldə ediblər. Səfər çərçivəsində qəzetimizə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov Zəngilanın 3 kəndini əhatə edən bu layihənin hələlik ilk olduğunu vurğulayıb. Onun sölərinə görə, artıq dünyanın bir çox ölkəsindən olan şirkətləri quruculuq işlərinə cəlb olunub: "Gördüyünüz kimi, bu gün Zəngilan rayonunda Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin ərazisində Pilot "Ağıllı kənd" ("Smart Village") layihəsi icra edilməkdədir. Layihəyə artıq başlanılıb, ilkin şirkətlər dəvət olunub, işlər sürətlə davam edir. Layihə çərçivəsində, ümumiyyətlə, "smart" ifadəsinə həm də bir abreviatura kimi baxırıq. Açılışı isə belədir: S-səmərəli; M-müasir; A-ağıllı idarəetmə və kənd təsərrüfatı; R-rahat; T-təhlükəsizlik.

Demək, "Ağıllı kənd" bütün bu məsələləri özündə ehtiva edən bir layihə olacaq. Belə ki, layihədə əsas konsepsiyanı əhatə edən beş istiqamət var. Bu, yaşayışın, istehsalın, sosial xidmətlərin, ağıllı kənd təsərrüfatının və alternativ enerji istifadəsinin təşkilidir. Layihə çərçivəsində ilkin olaraq 200 evin tikilməsi nəzərdə tutulub. Bunların 160-ı birmərtəbəli, 40-ı isə 2 mərtəbəli evlər olacaq.

Həmçinin, layihəyə bir çox xarici şirkətlər də icraçı qismində dəvət olunublar. Belə ki, Çinin "Huawei" şirkəti layihədə innovativ ağıllı infostrukturun qurulmasında yaxından iştirak edir. Bundan başqa, kənd təsərrüfatı sahəsində smart tipli fermaların qurulmasında İsrail və İtaliya şirkətləri yaxından iştirak edir. Quruculuq və alternativ enerji istiqamətində isə qardaş Türkiyənin şirkətləri yaxından iştirak edirlər. Xüsusən, bir misal çəkim ki, burda alternativ enerjinin bir çox mənbələrindən: günəş və su enerjisindən yararlanmaqla Azərbaycanda ilk dəfə "Arximed" qurğusundan istifadə olunacaq. Bu da qardaş Türkiyənin şirkətləri tərəfindən təmin olunur.  Adından da göründüyü kimi, bu, bir pilot layihəsidir. Onun daha sonra digər işğaldan azad olunmuş  rayonlarda tətbiqi nəzərdə tutulub".

Şahanə MÜŞFİQ

 





04.05.2021    çap et  çap et