525.Az

Böyük qayıdışın başlanğıcı - Zəngilandan reportaj


 

TORPAQLAR İŞĞAL OLUNANDA HƏLƏ DOĞULMAYAN BİRİNİN ZƏNGİLANDA GÖRDÜKLƏRİ

Böyük qayıdışın başlanğıcı - <b style="color:red">Zəngilandan reportaj </b>

" - Ata, bu dağın o tərəfi Qarabağdır?

- Yox, bala. Sən deyən yerlər o dağın arxasında deyil.

- Bəs bu yol Qarabağa aparır?

- Hə, aparır. 

- Onda oralara da gedərik?

- Hə, əlbəttə. 

- Tez gedək, hər yerini gəzək. Bilirəm, deyəcəksən, indi olmaz.

- İndi yox, indi oralar düşmənlərimizdədir axı. İşğal ediblər torpaqlarımızı. Vaxt gələcək bizim Ordu yenidən azad edəcək oraları. Onda gedərik ( Gülümsəməyə çalışır və köks ötürür)". 

 

Qarabağı görmək istəyi... 

Vaxtı  gəlmişdi... Şənbə günü səhər, saat 6:00-da atamla yola çıxanda  yadıma düşdü bu söhbətimiz. Təqribən 20 il öncə eyni yerdə yaşanmışdı. Bir yandan iş yoldaşlarımı gözlətməmək üçün yola tez çıxmağa tələsir, sürətlə addımlayıram, o biri yandan da nədənsə bu söhbətimiz yadıma düşür, üstəgəl, məni aparan ayaqlarım yox, qanadlarımdı hissi var içimdə. Axı istiqamət müqəddəs idi - Zəngilana gedirdik!

Atamla söhbətimizdə dediyim dağ eyvanımızdan lap yaxınmış kimi görünən Bakı Qulaqları adlanan dağ silsiləsindən olan Otman Bozdağ palçıq vulkanı idi. Bizi Qarabağa aparan yol isə Bakı-Ələt-Qazax-Gürcüstan magistralı. Uzun illərdir, bu yolla atam məni bir çox rayona aparıb. Yəqin bu səbəbdəndir ki, indi də təkidlə məni yola salmaq istəyirdi. Atamla olan söhbətimiz onun xatirində deyil bəlkə də, ancaq uşaqlar heç nəyi unutmur axı...

Yola çıxarkən qarışıq hisslər içindəydim. Vətən müharibəsi dövründən, "Məni də oralara göndərin, müəllim, gedib material hazırlamaq istəyirəm, mən könüllüyəm. Heç nə istəmirəm, bircə yol tapıb yollayın", deyə az başını ağrıtmamışdım baş redaktorumuz Rəşad Məcidin. Hər dəfə də eyni təmkinlə oxşar cavab alardım: "Səbrli ol, gedəcəksən". Hətta yaxın zamana qədər təşkil edilən mediaturları eşidəndə təəssüflənir, gedə bilmədiyim üçün inciyirdim.  Ancaq Rəşad müəllim yenə də təmkinini pozmurdu. Mən şikayət edəndə, gülümsünüb deyirdi: "Kimin nə zaman gedəcəyinin fərqi yoxdur. Əsas odur ki, kim oranı necə təsvir edəcək, necə işıqlandıracaq. Sən gedənə qədər yazılanları oxu, gəl təhlil edək".  Yenə də düz deyirdi. Hamımız Qarabağa səfər etmə şansı olan bütün media mənsublarının yazılarını gözləyirdik. Məqalələri maraqla oxuyur, təhlil edir, iş yoldaşlarımızla müzakirəsini aparırdıq. Açığı, çox az yazı o yerlər haqda dolğun təsəvvür yaradırdı.

Məlumat lövhəsinin yaratdığı sevinc... 

 

Görünür, redaksiyada arabir yuxusuzluqdan şikayət edib danışdığımız iş yoldaşlarım da bu gün mənimlə eyni hissləri yaşayırdılar. Çox erkəndən oyanmışdıq, ancaq elə gümrah, elə istəkli idik ki, sanki cümə günü xeyli işin öhdəsindən gələn biz deyildik.

Vaxt itirmək niyyətimiz yox idi. 4 nəfərlik  "525"cilərdən ibarət komandamızla yola düşdük. O qədər plan qurmuşduq - gah gedəcəyimiz istiqamətdəki kəndləri, yolları təsəvvürümüzə gətirir, gah o  yollarda hansı kadrı necə götürə biləcəyimizi müzakirə edirdik.

Sürətlə irəlilədiyimiz yollar bizi Zəngilana daha da yaxınlaşdırdıqca, əvvəlki illərdə xəritədən baxıb əzbərləməyə çalışdığım, köks ötürdüyüm, təbiətinə vurğun olduğum yerləri bir-bir yenidən xatırladım. Kiçik Qafqazın cənub-şərqi, Arazın sol sahili, Şərqi Zəngəzur torpağı, qızıl Zəngilan... Yalnız mətnlərdən oxuyub, şəkillərini gördüyüm Həkəri, Bəsit çayları, sıx meşələri, Karst mağaraları, Geyən çölü, Oxçu və Bərgüşad çayları arasında yerləşən Süsən dağı, geniş çəmənliklər gəlib keçirdi beynimdən. Bir də bu torpaqlarda  ən çox görməyi istədiyim nadir çinar meşələri idi. Açığı Ağdamın timsalında erməni kimliyi ilə bir daha tanış olandan sonra, sadaladığım yerlərin heç birinin salamat olduğuna ümidim yox idi. Lakin Prezidentin Zəngilan səfəri zamanı Bəsit çayı və yanındakı qədim çinarı gördükdən sonra ümidlənmişdim. Maşının pəncərəsindən baxırdım, həyəcanım isə artırdı.

Horadiz postuna  çatdıqda digər media qurumundan olan həmkarlarımızla görüşə və bələdçimizlə tanış ola, buradan sonra gedəcəyimiz yerlərin planını öyrənə bildik. Bəxtimiz gətirmişdi, hava mülayim və günəşli idi. Dayandığımız yerdən bir az irəlidə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış xatirə abidəsi vardı. Ehtiramla yad edib, ruhları qarşısında baş əydik. Bizə 2016-cı ildə ilk qələbəni yaşadan, Lələtəpə sevincini nəsib edən igidlərimizin başlatdığı Zəfər artıq tamamlanıb. Onların sayəsində Horadizdən irəliləyib nəhayət, Cəbrayılı, Zəngilanı görə biləcəkdik.  

"Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın".  Yolun sağında quraşdırılmış məlumat lövhəsinə yazılmışdı. Paytaxtda yaxud digər rayonlarımızda çox gördüyümüz, bəlkə də, fikir vermədiyimiz məlumat lövhəsini indi necə həvəslə oxuduğumuzu görərdiniz kaş. Lap elə qışqıra-qışqıra... Oxuyur və uşaq təki sevinirdik. Təəssüf ki, lövhəni ötüb keçdikdən sonra rastlaşacağımız mənzərə qarşısında təbəssümüm elə üzümdəcə dondu. Cəbrayıldan keçirdik, yolun sağı da, solu da bir zamanlar insanların şad-xürrəm yaşadıqları evlər idi. Ancaq indi onlara ev demək heç cürə mümkün deyil. Erməni təbirincə desək, burada hər qarış torpağa, hər addımdakı daşa, kəsilib məhv edilmiş hər ağaca, ümumən təbiətə təcavüz edilmişdi.

Bakıdan çıxmamışdan bir gün öncə qonşumuz Nadir əmi Cəbrayıldakı evlərini, təbiətini, yaşam tərzlərini təkrarən, ancaq eyni həvəslə təsvir edib, "mütləq Cəbrayıldan keçəcəksən, mənim üçün video çək" demişdi. İndi çəkdiyim videonu hələ də ona göstərməyə cürətim çatmır... Təəssüfləndirici bir məqam da o idi ki, mina təhlükəsi olduğu üçün keçdiyimiz bu yerlərdə dayanıb, xaraba qalan evlərə yaxından baxa bilmədik. Gördüklərim isə hansısa müharibə filmindən fraqment kimi gəlirdi mənə.  

Vətən torpağından Xan Araza baxış... 

 

İstiqamətimiz Zəngilanın birinci, ikinci və üçüncü Ağalı kəndlərini birləşdirəcək olan və Prezidentin təməlini qoyduğu "Ağıllı kənd" smart layihəsinin başladığı ərazi idi. Avtomobillərin sürəti yavaşladıqca təpədə yazılan "Zəngilan" yazısı görünürdü. Cəbrayıldan keçərkən şahid olduqlarımdan sonra kifayət qədər doluxsunub qalmışdım. İndi Zəngilan yazılan təpənin düz yanında idim. Maşından düşərkən torpağa ayaq basdığım ilk anda qeyri-ixtiyari "İlahi, şükürlər olsun!" deyə bildim. Kiçik yoxlanış üçün dayanmağımızdan istifadə edib uzaqdan görünən xan Araza bir xeyli tamaşa etdim. Arazın o tərəfi İran idi. Gözümü zilləyib Araza baxarkən tarix kitabından oxuduğum cümlələrin içində olduğumu hiss etdim. Bəlkə də, bu qədər yaxında dayandığım üçün 1993-cü ilin oktyabr ayına getmişdim qeyri ixtiyari... Xatırladım ki, rayon işğaldan əvvəl ermənilər tərəfindən tam mühasirəyə alındığı üçün on minlərlə insan ölüm təhlükəsi ilə üz-üzə qalmışdı. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas ola bilmişdilər. O, həmin Araz idi. Onunla əyani tanışlığım da belə oldu... Elə burdaca, uca bir yerdə məğrurca dalğalanan bayrağımız isə qəribə bir əminlik yaradırdı içimdə. Yoxlanış bitmişdi. Yenidən maşınlara əyləşib, Ağalı kəndinə yol aldıq. Yalnız mənzil başına çatanda donub qalan xəyalım açılmağa başlayırdı. Burada müsbət enerji, qəribə bir istilik və səmada uçan göyərçinlər vardı. Burada böyük qayıdışın əmin və əzəmətli izləri görünürdü. 5 gün öncə Ali Baş Komandan tərəfindən təməli qoyulan ərazidə işlər davam edirdi. Elə bir az haşiyəyə çıxıb, burada gedən işlər haqqında tanış olduğum məlumatları bölüşmək istəyirəm. Çünki öz el-obasına, kəndlərinə qayıtmağı səbirsizliklə gözləyən vətəndaşlarımız üçün bu ərazilərin yenidənqurmadan sonrakı vəziyyəti daha maraqlıdır.  

Yenidənqurmada ağıllı addım... 

Əvvəla onu deyim ki, hazırda dünyanın müxtəlif ölkələrində reallaşdırılan bu layihənin məqsədi kənd sakinlərinin həyatını yüngülləşdirmək, yaşayış səviyyəsini yüksəltməkdir. “Ağıllı kənd" layihəsinin digər məqsədi insanlara kənddə pul qazanmaq imkanının yaradılması və ölkənin hər bir yerində yaşayan vətəndaşlar kimi buradakı sakinlərin də dövlət xidmətlərinə çıxışını təmin etməkdir. “Ağıllı kənd” platforması həm də texnologiya vasitəsilə ucqar ərazilərdə davamlı inkişaf hədəflərinin həyata keçirilməsidir. Dünya praktikasında da geniş istifadə edilən bu model vasitəsilə hökumətlər maliyyə xərclərini azaltmağı, vətəndaşlara xidmətlərin səmərəliliyinin təmini və təhlükəsizliyini artırmağı, şəffaflığı və yaxşı idarəetmənin təmin etməyi hədəfləyir.

 

"Ağıllı şəhər" və "ağıllı kənd" texnologiyalarının tətbiqi işğaldan azad edilmiş Qarabağ regionunu həm özünəməxsus təbiəti, həm də süni intellekt imkanları ilə birlikdə dünyanın tanınmış turizm məkanına çevirəcək. “Ağıllı kənd” texnologiyası rəqəmsallaşma, daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. Bu layihə həm də texnologiyanın yaratdığı üstün imkanları ilə  həmin ərazilərdə sosial innovasiyaların, startap tipli mikro və kiçik sahibkarlığın kənd əhalisi arasında geniş yayılmasına şərait yaradacaq. Ağalı kəndlərini birləşdirəcək olan “Ağıllı kənd” layihəsinin baş planı "yaşayış sahəsi", "sosial xidmət sahəsi", "Zəfər meydanı" abidəsi, "istehsal sahəsi", "alternativ enerji", "turizim infrastrukturu", "ağıllı kənd təsərrüfatı" hissələrindən ibarətdir. Bütün bunlar bir mərkəzdən idarə ediləcək texnologiya ilə idarə edilə biləcək. 

Sən olasan gülüstan... 

Layihənin əhatə olunduğu və "Zəfər meydanı" abidəsinin qoyulacağı yerin yaxınlığında təhlükəsiz sayılan ərazilərdə bir xeyli gəzişdim. Xəfif külək əsən bu yerlərdən boylananda nə zamansa səsli-küylü, toylu-büsatlı kəndlərdən qalan sınıq-sökük xarabalıq qalıqları sezilirdi. Ancaq baxıb 30 il öncəki kənd həyatını canlandırmaq olurdu təsəvvüründə. Analar-nənələr çörək bişirirdi, atalar əkinə gedirdi, uşaqlar həyətdə deyib-gülüb oynaşırdılar. Ta ki, 1993-cü ilin mənfur erməni basqınına qədər... Vəhşi erməni xislətini, erməni kimliyini adama bütün çılpaqlığı ilə göstərirdi bu yerlər. Elə bu an komandadan ayrılıb gəzərək gəldiyim xəlvət bir yerdə hönkürtü boğdu məni. Buralarda olmamışam, Qarabağla bağlı genetik bağım da yoxdur, Zəngilan və digər rayonlar işğal olunanda doğulmamışdım da. Ancaq Vətən anlayışı elə sehirli bağdır ki, onu viran görmək, onun yaralı halına şahid olmaq hönkürtü ilə ağlamağıma səbəb oldu. Ancaq irəlidən ikiyə ayrılan yoldan gələn, ərzaq daşıyan yük maşınlarının, təmir üçün material gətirən kamazlar yaxınlaşdıqca artan səslər adamı nikbin olmağa vadar edirdi. Buralara həyat izləri geri dönüb, işlər sürətlə gedir və yaxın zamanda yaşayış bərpa olunacaq. Hə, bir də uzanan yamyaşıl düzlərdə Azərbaycan və Türkiyə bayraqları yan-yana, şövqlə, qürurla dalğalanırdı. Elə bu dəm qeyri-ixtiyari çiynimdəki bayrağa möhkəmcə sarıldım və ürəyimdən əzbərimdə olan Elçin Mirzəbəylinin bayraq şeiri keçdi:

 

Səni dalğalandıran
küləyə qurban olum
Üç rəngli qibləgahım!
Ay-ulduzlu and yerim!
Səni göydən endirən
mələyə qurban olum!
İstə məndən...
Nəyim var uğrunda qurban verim!
Ey... üçrəngli Bayrağım!
Dilimdəki son nida!
Ucaldığın yerlərin
Tozuna canım fəda! 

Təbəssümlə əyilib Vətən torpağından bir qədər yığmağa başladım. Bakıda olandan dostlarım məndən Zəngilan torpağından, daşından gətirməyimi istəmişdi. Bir zamanlar düşmən tapdağında qalan, 27 il sonra üzərinə şəhid qanı tökülən bu müqəddəs torpağa toxunmaq müharibə görməyən biri üçün necə müqəddəs və dəyərli  idi anlayarsınız. Səfər zamanı tez-tez təkrarladığım tək cümlə bəlkə də, "Şükür, İlahi!" olub.

 

Zaman yetişmişdi, bələdçimiz getməli olduğumuzu dedi. Artıq hava tutulurdu və möhkəm yağış gözlənilirdi. Ağalıdan qayıdış yolunda qədim Məmmədbəyli kəndinin ürək ağrıdan, sözün əsl mənasında, xarabalığı xatırladan qalıqlarına baxma şansımız oldu. Bura uzun illərdir ermənilərin törətdikləri insanlığa sığmayan əməllərin təcəssümü, əyani baxışı idi. Evlərin qalıqları arasında gəzəndə elə hey bir suala cavab axtarırdım. Axı nə üçün 27 ildə buralara - bircə dənə də olsun koma qaraldıb yaşamayacağın, əkib-becərməyəcəyin ərazilərə, başqasının torpağına soxulasan, viran qoyasan, yaşama şansını əlindən alıb, bu boyda vəhşilik törədəsən? Nə üçün? Bilirəm, cavabı yox idi. Məndən öncə də bu suala cavab axtarmağa çalışan çox olub, sonra da olacaq. Tarix boyu türk qanına susamış, oğru, yalançı, zorakı və fəxr etdikləri barbar hayların davamçıları olmaq xəstəliyindən əziyyət çəkən bir toplumdan bu suala cavab axtarmaq boşunadır. Kənd ərazisində yerləşən və quru daşları belə erməni təcavüzünə məruz qalan digər bir tarixi mədəni abidə ilə rastlaşırıq. Bura qədim Məmmədbəyli türbəsidir. Təbii ki, hələ də ona türbə demək olarsa... Gümbəzinin bir  hissəsi dağıdılmış, arxa hissəsi top mərmisinin düşməsi nəticəsində məhv olmuş, içərisi isə xarabalığı xatırladır.

Bir qədər də irəliləmək, hər daşında tarix yatan yarımtikililərə baxmaq, şəkillərini çəkmək istəyirdim. Lakin bələdçimizin qəti tapşırığı və nəzarəti vardı. Çünki irəlidəki ərazilərdə hələ də mina təhlükəsi var. Kim bilir, bu ərazilər neçə körpənin yarım qalan uşaqlığı, neçə gəncin ömrünün ən gözəl illərinə qazınmış müharibə yaddaşı idi...

Artıq yağış da başlamışdı və biz müqəddəs yerlərə səfərimizin sonuna yaxınlaşırdıq. Səfərimizin Ramazan ayına təsadüf etməsi hər birimizdə qəribə bir hiss yaratmışdı. Yağış isə illərin susuzluğuna hədiyyə kimi yağırdı. Bəli, bu elə bir susuzluq idi ki, Bakıdan Naxçıvana, Təbrizdən Qarabağa hər bir azərbaycanlının müqəddəs orucu kimi idi. Hansı ki, bütün zamanların ən böyük iftarını açmaq üçün ürəkləri Qarabağa kökləyib. Bu səbəbdəndir ki, mən də günlərdir zamanımı saata yox, qovuşmağa kökləmişdim.

Maşına minməzdən öncə uzaqdan görünən Araza bir də baxdım, başımı qaldırıb bir daha Allaha şükür etdim və Zəngilanla sağollaşdım. Bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kəndinin hər birini firavan görəcəyimə inanaraq sağollaşdım. Ancaq birdəfəlik yox, hələlik. Salamat qal, qədim diyar. Yenidən çiçəklən, özünə, kimliyinə dön. Sənin dirçəlməyin üçün hamımız çalışacaq, hamımız birləşəcəyik. Torpağında şəhid qanı, aydın səmalarında şəhid ruhları gəzən Vətən. Salamat qal!

Bura Vətəndir! Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!

Fotoların müəllifi: Nofəl Ümid

 





04.05.2021    çap et  çap et