525.Az

Distant təhsil: dünya və Azərbaycan təcrübəsi nə deyir?


 

"BU, YENİ VƏ FƏRQLİ TƏHSİL FORMASIDIR, ONU ƏYANİ VƏ YA QİYABİ TƏHSİLLƏ MÜQAYİSƏ ETMƏK DOĞRU OLMAZ"

Distant təhsil: <b style="color:red">dünya və Azərbaycan təcrübəsi nə deyir?</b>

Pandemiyadan əvvəl hamının qəbul etdiyi və pandemiya dövründə daha da güclənən bir tələb var: "Təhsil birmənalı dəyişməlidir".

Bu, ilk növbədə yeni texnologiyaların inkişafı, qloballaşma və rəqəmsallaşma ilə bağlıdır. Tələb olunan bilik və bacarıqlar sürətlə dəyişir, iqtisadiyyat rəqəmsallaşır, cəmiyyət rəqəmsallaşır, hətta  dövlət idarəetməsi rəqəmsallaşır. Belə şəraitdə təhsil analoq təhsil olaraq qala bilərmi? Mütəxəssislərin fikrincə, qala bilər. Lakin bu zaman təhsil və iqtisadiyyat, təhsillə cəmiyyət bir-birindən əlaqəsiz inkişaf edəcək ki, bu da təhsilin iflası demək olardı. Yəni təhsil rəqəmsallaşmalı, distant təhsilin tətbiqi təmin edilməlidir. Yeni texnologiyaların bütün sahələrdə olduğu kimi, təhsildə də tətbiqi qaçılmazdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun sözlərinə görə,  distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu formasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, qarşılıqlı əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Adıçəkilən təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və sair aiddir. Distant təhsildə informasiyalar təhsil alanlara elektron materiallar, elektron dərslik, videodərslər və sair formalarda təqdim edilir. Distant təhsil forması hamı üçün istər maddi baxımdan, istərsə də daha rahat və sərbəst şəkildə təhsil almaq baxımından olduqca münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır: "Hazırda universitetlərdə tətbiq edilən distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb. Distant təhsilə istənilən məkandan mobil telefon və internetlə qoşulmaq mümkündür. UNEC Eksterndə distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulan dərsləri əvəz edir. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda "iştirak edir" kimi qeydiyyata alınır. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdir. Tətbiq edilən model ən müasir texnologiyaların tətbiqi ilə əyani təhsilin alternatividir. Əyani təhsildən yeganə fərqi müəllim və tələbələrin müxtəlif məkanlarda olmasıdır. Üstünlükləri çoxdur. Ən böyük üstünlüklərindən biri müəllimin mühazirəsinə tələbələrin dərsdən sonra məhdudiyyətsiz baxmaq imkanının olmasıdır".

Pandemiya dövründə tətbiq edilməyə başlayan distant təhsilin cəmiyyətdə bu təhsil haqqında mənfi rəy yaratdığını deyən Ə.Muradov bildirib ki, indi ən ciddi problem cəmiyyətdə formalaşmış "distantdırsa, keyfiyyətsizdir" mövqeyini dəyişməkdir: "Bu gün distant təhsil kimi tətbiq edilən təhsili pandemiyadan qaynaqlanan böhranın həlli baxımından qaçılmaz bir addım kimi qəbul etdik. Bu, doğru idi. Bu, həm də təhsilin davamlılığının təmin ediməsi baxımından alternativsiz yanaşma idi. Belə təhsilin tətbiqi zamanı müəllimin əməyi azalmadı, əksinə, əhəmiyyətli dərəcədə çoxaldı. Müəllimlərin, eləcə də təhsilalanların da psixoloji gərginliyi artdı. Müəllimlərin və tələbələrin qısa vaxt ərzində yeni texnoloji alət və vasitələrdən istifadə vərdişlərini formalaşdırması onlar üçün həm də əlavə gərginlik mənbəyi oldu. Bu təhsil formasının guya ucuz olması da əsassız yanaşma idi. Distant dediyimiz təhsilə keçid həm də o demək idi ki, böhranla üz-üzə qalan ənənəvi təhsil öz funksiyasını yerinə yetirə bilmədi. Bu, həm də o demək idi ki, ənənəvi təhsil öz inkişaf potensialının tükəndiyini göstərdi. Bu böhran distant təhsilin böhranı deyil, əksinə, distant təhsil ənənəvi təhsilin üzləşdiyi və həll edə bilmədiyi problemi həlli yolu kimi tətbiq edilməyə başladı. Real vəziyyətin təhsil sahəsində təhlili göstərir ki, ənənəvi təhsil artıq öz funksiyasını yerinə yetirə bilmir. Ənənəvi təhsilin alternativi olan yeni təhsil isə hələ mümkün deyil. Bu, təhsil qarşısında duran ən ciddi və yeni problemlərdən ikincisidir. Müəllim ənənəvi təhsildə auditoriyaya dediyini kameraya deyirsə, bu, distant təhsilə çevrilmir. Hesab edirik ki, bu, çox ciddi və yeni problemlərdən üçüncüsüdür".

Rektor qeyd edib ki, distant təhsil yeni və fərqli təhsil formasıdır, nə əyani, nə də qiyabi təhsildir. Ona görə də distant təhsili bunlarla müqayisə etmək doğru olmaz. Tam əminliklə demək olar ki, distant təhsilə xas olan keyfiyyətləri ənənəvi təhsildə axtarsaq, distant təhsillə müqayisədə dəfələrlə çox qüsurları ənənəvi təhsildə tapmaq olar: "Biz "üç nöqtə sıfır" universitetdən danışırıq. Yəni təhsil, tədqiqatlar, sahibkarlıq fəaliyyəti, universitetlərin hədəflədiyi universitet modelidir. Distant təhsil təhsilin inkişafı baxımından əhəmiyyətli olsa da, universitetlərin inkişafı baxımından ciddi çağırışlar yaratdı. Distant təhsil ilk növbədə universitetlərdə elmi-tədqiqatların sanki arxa plana keçdiyini göstərdi. Düşünürük ki, distant təhsilə adekvat tədqiqat və sahibkarlıq universiteti modeli post-pandemiya dövründə həllini gözləyən ən ciddi problemlərdən dördüncüsüdür".

Rektorun sözlərinə əsasən, postpandemiya dövründə xüsusi ilə distant təhsil sahəsində universitetlər arasında rəqabətin sərtləşəcəyi fikri qəbul olunur. Bu problemin həlli  universitetlərin şəbəkələşməsini gündəmə gətirir. Şəbəkə universitetləri, şəbəkə fakültələri, hətta şəbəkə ixtisaslarının rolu və əhəmiyyəti artacaq.  Ə.Muradovun fikrincə, bu mövzuda ən yaxşı müəllimləri mütəxəssis hazırlığına cəlb etmək olar: "Bu, həm də sərtləşən rəqabətə adekvat reaksiya olmaqla keyfiyyətli təhsilə aparan yolların qısaldılması kimi qiymətləndirilə bilər. Belə ki, işlədiyi universitetdən, yaşadığı yerdən asılı olmayaraq ən yaxşı müəllimləri mütəxəssis hazırlığına cəlb etmək olar".

Rektor, distant təhsildə inhisarçılıq məsələsindən danışıb: "Distant təhsilə keçid zamanı qaçılmaz görünən təhlükələrdən biri də təhsildə rəqəmsal inhisarçılıqdır. Bu ənənəvi analoq inhisarçılıqdan daha da ciddidir. Biz həm dövlət, həm də özəl təşkilatların distant təhsillə bağlı rəqəmsal inhisarçılığını nəzərdə tuturuq. Sirr deyil ki, burada söhbət daha çox distant təhsil modelinin formalaşması prosesində tətbiq edilən təhsil texnologiyalarının, təhsil infrastrukturunun, hətta yeni olan distant təhsil metodologiyasının vahid mərkəzdən idarə olunmasının yarada biləcəyi təhlükədən gedir. Bu məqam nəzərə alınmalı və qısa bir zamanda zəruri tədbirlər görülməlidir".

Millət vəkili Etibar Əliyev deyir ki, ali məktəblər bu gözlənilməz "qonağı" özlərinin resursları çərçivəsində müxtəlif cür qarşıladı. Ali təhsili bilən bir neçə rektor pandemiyadan əvvəl təhsilin distant formada aparılması istiqamətində müəyyən işlər görmüşdülər. Məsələn, UNEC-də Distant təhsil mərkəzi və elektron kitabxana yaradılmışdı: "Ali məktəb keyfiyyətli təhsil verməli, tədqiqat universitetinə çevrilməyi qarşıya məqsəd qoymalı, professor-müəllim heyəti və yüksək nəticə göstərən tələbələri ilə seçilməli, sanballı kitabxana fonduna malik olmalıdır və s. Bütün bunları etmək üçün həm də universitetin fəlsəfəsini bilən rektor olmalıdır: "UNEC artıq 2016-cı ildən distant təhsil modelini işləyib. Buna ayrıca korpus ayırıb. Elektron kitabxana yaradılıb, yüzlərlə müəllim elektron resurs hazırlayıb, təlimlərdən keçirilib. Tələbələrə distant təhsilə qoşulmağın yolları öyrədilib. UNEC-də Distant təhsillə tanış olanda mən özümü dünyanın aparıcı universitetlərinin birində hiss etdim. UNEC rəhbərliyi bu nadir təcrübəyə təhsilin keyfiyyətini yaxşılaşdırmaqla, şəffaflığı təmin etməklə, istedadlı insanları təhsilə və elmə cəlb etməklə, üfüqi idarəetməni gücləndirməklə gəlib çatıb".

Distant təhsilin müsbət və mənfi tərəfləri barədə danışan millət vəkili vurğulayıb ki, ənənəvi təhsildən müsbət tərəfləri odur ki, qabaqcıl təhsil texnologiyalardan istifadəyə imkanlar yaradır, təhsilin fərdi xarakterini gücləndirir, auditoriyalarda dərs demək imkanı olmayan böyük alimləri təhsil prosesinə cəlb edir, məsləhətlərin verilməsinin çevik yollarını ehtiva edir. Təhsili geniş insan kütlələri üçün əlçatan edir.

Mənfi tərəfləri isə təhsilalanla təhsilverənin birbaşa əlaqələri istisna olunur, iş yerlərində İKT alətlərinin təchizatında yaranan çətinliklər, biliyin yoxlanılmasında identifikasiya problemləri ortaya çıxır. Təhsialanlara daim nəzarət təşkil oluna bilmir: düşünürəm ki, bizim ali məktəblərdə əsas problem biliyin qiymətləndirilməsindədir. Burada fürsətçillik, sui-istifadə halları geniş vüsət almağa başladı. Və nəticədə süni əlaçıların sayı bir neçə dəfə artdı. Bu mənada biliyin qiymətləndirilməsində mütləq dəyişikliklərin tətbiq edilməsinə zərurət yarandı".

E.Əliyev bildirir ki, UNEC tətbiq etdiyi modulların III mərhələsində tələbələr arasında Google forum üzərindən anonim sorğu təşkil edib.

Sorğuda 6270 tələbə iştirak edib. Sorğunun nəticəsinə görə, UNEC-də tətbiq edilən onlayn tədrisi 65,7 faiz tələbə 7 və daha yüksək balla qiymətləndirib. Onlayn tədris zamanı 72,8 faiz tələbənin müəllimlərin şəxsi kabinetindəki mühazirə materiallarından, 12 faizinin elektron kitabxana resurslarından istifadə etdiyi açıqlanıb.

Aparılan sorğular və müəllimlərin zəngin şəxsi kabinetləri tələbələrə imtahana hazırlaşmaq üçün geniş imkanlar yaradır. Biz tənqidi təfəkkürə malik və düşünməyi bacaran mütəxəssislər yetişdirməyi qarşıya məqsəd qoymuşuq. Hazır suallar və hazır cavalarla bu məqsədə çatmaq mümkün deyil. Biz də bilirik ki, Distant təhsil mədəniyyəti formalaşmamış fürsətçilliyin və sui-istifadələrin qarşısını almaq mümkün olmayacaq. Tələbənin özü fürsətdən istifadə edib, süni əlaçılığı üzərinə götürməməlidir".

E.Əliyevin dediyinə görə, UNEC-də tələbələrə imtahan suallarının və onların cavablarının verilməsi bir zamanlar universitetdə baş alıb gedən mənfi halların aradan qaldırılmasına xidmət edirdi. Bu üsul artıq sui-istifadələrə yol açır: "Bunu nəzərə alaraq UNEC Elmi Şurası indiki mərhələdə Distant təhsilin bir sıra məziyyətlərini nəzərə alıb, ixtisas fənlərinin daha dərindən mənimsənilməsi naminə yalnız ixtisas fənlərinin suallarının məxfi saxlanılması qərarını verib".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





04.05.2021    çap et  çap et