525.Az

Gənclərin virtual aləmi... - Yazı


 

ORALARDA NƏ VAR, NƏ YOX?

Gənclərin virtual aləmi... - <b style="color:red">Yazı </b>

Bir vərdiş əkirsən, xarakter biçirsən, Bir xarakter əkirsən, taleyini biçirsən.

Robin Şarma

Böyük bir küllün zərrələri... Təqdimatsız da ötüşərdik bu məqamda. Fəqət ona zərurət var. Çünki hər biri ayrı-ayrılıqda fərqli xarakter sahibi olanlar sonda həmin küllü təmsil edirlər. Onlar - müasir dövrün gəncləri sürətli texnika, çoxşaxəli informasiya əsrində daha aktiv və dinamikdir desək, yanılmarıq.

Hər zaman irəli addımlamağa, yeni imkanlara imza atmağa çalışmaq da bu günün gəncliyinin əsas hədəfidir. Tərəqqiyə paralel getməyi özünə məqsəd seçən dünya da hər keçən gün yeniliklər ortaya qoyur. Yeni kəşflər,  tendensiyalar təqdim edir. Fərqi yoxdur, sevincli-kədərli, məşğul, yaxud asudə olsun, istənilən vaxt operativ xilaskarımız da var. Bu, odur, çətin vaxtlarımızın intellektual dostu - İnternet!

Bu dəyərli dostumuzun da başqa bir "silahdaşları" var. Daha doğrusu, öz missiyasını paylaşdığı dostları - yəni sosial şəbəkələr, sosial platformalar. Hansı ki günümüzün aktual hadisələrini yorulmadan fərdə, cəmiyyətə, dünyaya yayır...

Sosial şəbəkələr nə qədər geniş yayılmışsa, kiçikdən-böyüyə hər kəsi qlobal miqyasda özünə yönəldib. Təbii ki, istisna ərazilər də olmaqla...

Sosial şəbəkələr peşəkar fəaliyyətlə məşğul olan və olmayan, müxtəlif həyat tərzinə malik insanların gündəlik zərurətidir. Bu şəbəkələr artıq müasir dünyamızda özünə güclü bir mövqe qazanıb. Uzağa getməyək, bu ilin əvvəlinə olan statistikaya görə, dünya üzrə 4.2 milyard sosial şəbəkə istifadəçisi var. Və bu sayın əsas hissəsini də gənclər təşkil edir. Çünki gənclər sosial şəbəkələri gündəlik həyatlarının ayrılmaz parçası hesab edirlər. Azərbaycanda sosial şəbəkələrdən istifadə statistikasına görə (2020-ci ilin dekabr ayına əsasən), Yutubdan sonra 2-ci böyük platforma İnstaqram sosial şəbəkəsidir. Yəni 2020-ci il üzrə 3.7 milyon aktiv istifadəçi sayı. İndiyə kimi 1 milyard istifadəçi qeydiyyatı, aylıq 2.7 milyard aktiv istifadəçisi olan Feysbuk isə sosial platformalar arasında 4-cü yerdə qərarlaşıb. Dünya üzrə isə bu sosial şəbəkədən istifadəçi statistikası belədir - 13-17 yaş arası 51 faiz, 18-24 yaş arası 76 faiz, 25-30 yaş arası 84 faiz.

... Əlbəttə, hər bir tendensiyanın müsbət və mənfi cəhətləri olduğu kimi,  sözügedən məsələ də ondan kənarda deyil. Mövzumuz gənclərdirsə, bu məsələyə daha çox toxunmaq lazımdır. Məhz düzgün gələcək naminə!

Maslou ehtiyaclar iyerarxiyası piramidasına nəzər yetirsək, ünsiyyət qurmanın önəmini bir daha xatırlatmalıyıq. Axı gənclər deyib-gülməyi, fikir mübadiləsini, həyatın müxtəlif sahələrinə dair müzakirələri həmişə çox sevirlər. Bu məqamda intellektual dost yenə də çoxunun köməyinə gəlir. Yeri gəlmişkən,  bir məsələni də mütləq qeyd etməliyik. Belə ki, canlı ünsiyyətdən müəyyən səbəblərə görə kənarda qalan, cəmiyyətdən təcrid olunmuş insanlar üçün sosial şəbəkə böyük bir şansdır. Məhz sosial şəbəkələr böyük jest edərək onları depressiyadan qurtarır, kommunikasiya imkanlarını birə-beş artırır. Lakin gözdən qaçırılmamalı olan qaranlıq məqamlar da var - sosial şəbəkə fırıldaqçılığı, kibertəhlükələr və s... Şəxsi məlumatları ictimailəşdirən, ən xırda detalına kimi açıb-tökən gənclər yaydığı informasiyanın güvəndə olduğuna nə dərəcədə əmin ola bilər?!

Diqqət yetirilməli olan bir məqam da sosial şəbəkədən istifadənin düzgün aparılması ilə bağlıdır. Bir neçə gəncin sosial şəbəkə vasitəsilə ünsiyyətinə vizual yanaşsaq, hesab etmək olar ki, sosiallaşma gedir və hər şey qaydasındadır. Amma bu məkanda real ünsiyyətin əsas seqmenti olan dil, intonasiya, jest və mimikalardan istifadə edilmədiyini danmaq olmaz axı. Və təbii olaraq bir sual ortaya çıxır. Görəsən, həmin gənclər canlı şəkildə görüşsələr, virtual söhbətdəki atmosferi nə dərəcədə qoruya bilərlər?! Ardınca növbəti sual - əcəba, bu proses sosiallaşma, yoxsa asosiallaşma xarakterini təcəssüm etdirir?!

Bəzən gənclərin özlərini virtual aləmdəkindən daha cəsarətli ifadə etmələri də müşahidə olunur. Kompüterə aludə olan gənclərin virtual dostlarından kənardakı gərginliyini, yaxınlarına qarşı soyuqluğunu,  etinasızlığını demirik bu məqamda. Hələ təmiz havanı sosial mediaya güzəştə getməkdən, nəticədə əmələ gələn sağlamlıq problemlərindən danışmırıq...

Bəzən gənclər etiraf edir ki, bütün hadisələrlə bağlı paylaşım etmək, onun geridönüşünü həyəcanla gözləmək və s. kimi vərdişlər onlar üçün əsas tələbata çevrilib. Yəni bu, artıq onların iradəsindən kənar şəkildədir.

Bu arada, müsbətlər də təbii ki, var. Sosial şəbəkələrin həyatımızda oynadığı  müsbət rol gənclərin təhsil, iş həyatına qatdığı dəyərdir. Bəli, bu dəyər pandemiya dövründə nə qədər qiymətli, hətta düşündüyümüzdən daha vacib əhəmiyyətə malik olduğunu sübut etdi. Bundan başqa, sosial şəbəkələrin qazandırdığı informasiya, məlumat bolluğunu, faydaları saymaqla bitirmək əlbəttə, çətin olar...

Bir-birini təkzib edən arqumentlərin sıraya düzüldüyü, əsas predmeti isə gələcəyin zəmanəti - gənclər olan bir  mövzudan bəhs etdik. Müzakirələr,  debatlar da mümkündür bu mənada. İndilikdə isə həll  kimi, daim, əbədi açıq olan yola üz tuturuq - maariflənmə və maarifləndirməyə!..

Ülkər ORUCLU

 





04.05.2021    çap et  çap et