525.Az

10 yaşlı "Nenkecan" dərgisi - Yubiley yazısı


 

10 yaşlı "Nenkecan" dərgisi - <b style="color:red">Yubiley yazısı </b>

Bu dərgi Şəfiqə Sultan Qaspiralı və Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin ideyası ilə işıq üzü görmüşdü. 

Zera Bəkirova səmimi, işgüzar, xalqını - millətini candan sevən, bütün varlığı ilə Krım-tatar xalqının xidmətində dayanan yüksək mədəniyyətli bir xanımdır. Onun baş redaktorluğu ilə nəşr olunan "Nenkecan" dərgisinin 10 ili tamam olur. Yanılmıramsa, nəşr olunduğu tarixdən - 2011-ci ildən indiyəcən 30 sayı çap edilib. Rəngli, nəfis tərtibatlı, 52 səhifəlik bu dərginin səhifələrində Krım-tatar xalqının taleyi bircə-bircə vərəqlənir.  Krım-tatar qadınlarının keşməkeşli həyatı, iztirablarla, qəhrəmanlıqlarla dolu həyatı qələmə alınır, qan yaddaşı ilə yeni gəncliyə ötürülür. Nahaq deməyiblər ki, tarixini unudan xalqın gələcəyi olmaz. "Nenkecan" Krım-tatar xalqının mədəniyyətini, ədəbiyyatını, etnoqrafiyasını, tarixini, folklorunu... özündə əks etdirən sanballı, elmə dayanıqlı məqalələr dərc edir. Zera Bəkirova nağıllarda deyildiyi kimi, sanki ayağına dəmir çarıq geyib, əlinə dəmir əsa alıb oba-oba, oymaq-oymaq, şəhər-şəhər gəzərək imperiya fitnəsi ilə pərən-pərən olmuş xalqının qocaman nümayəndələrini axtarıb tapır, onların illər ötsə də, qaysaq tutmayan yaralarına məlhəm olur, onları dindirib ürəklərindəki ağrıları boşaldaraq öz ürəyinə yükləyir, "Nenkecan"ının yaddaşına yazır, bir dərgi həcmindən aşıb-daşanda da dərd dolu bir kitab bağlayr. Onun birbaşa 2-3 gün yol gəldiyinə şahidəm. O, fəaliyyəti ilə örnək götürəcəyimiz milli ziyalımız, bəşəri düşüncəsi olan müdrik, kübar bir xanımdır.

115 il əvvəl dərc olunan "Nenkecan" dərgisinin bugünkü varisi Zera xanım Bəkirovanın "Nenkecan"ının 10 illiyini milli mətbuat tariximizin bir hissəsi kimi bayram etmək, haqqında söz demək böyük şansdır. Bu dərgi Şəfiqə Sultan Qaspiralı və Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin ideyası ilə işıq üzü görmüşdü. "Nenkecan"ın qeyrətli sahibi Zera xanım Bəkirova bəlkə elə bu nüansa işarə edərək yazır ki, "Bizim Azərbaycan Xalq Cümhuriyyətinə, bu qonaqpərvər xalqına böyük təşəkkür borcumuz var. Lakin Krım tatarları da ölkənin qarşısında borclu qalmadılar - Azərbaycan elmində, sənətində, musiqisində, iqtisadiyyatında və digər sahələrində fəaliyyət göstərərək, müstəqilliyin yenidən qazanılmasında canlarını əsirgəmədilər". Amma düşünürəm ki, biz biri-birimizə borclu ola bilmərik, çünki əl-ələ verib türk dünyasına - milli varlığımıza, milli kimliyimizə xidmət edirik: bütün türk dünyasının milli düşünürü İsmayıl bəy Qaspiralının mənəvi övladları olaraq! "Nenkecan"ın az qala hər sayında Azərbaycan adı keçir, Azərbaycandan göndərilən məqalələr səhifələrini bəzəyir. Xoşbəxtəm ki, "Nenkecan"ın bütün sayları evimdə və Akademiyadakı iş otağımda var, hətta Azərbaycan Milli Kitabxanasının fonduna bir çox saylarını təqdim etmişəm.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi günlərində "Nenkecan"ın bir sayı bütövlükdə Azərbaycana həsr edildi. Əlbəttə, bunlar tarixdir: 100 il, 120 il... əvvəllər olduğu kimi, biz yenə də dərdimizi, sevincimizi, qayğılarımızı eyni səhifədə bölüşə biliriksə, deməli, bizləri nə zamanın ağır məhək daşları, nə repressiyaların ölüm-itimləri, nə də düşmən imperiya tör-töküntülərinin siyasi maraqları təsiri ilə baş verən maneçiliklər ayıra bilmir, bilməz.

 

2012-ci ilin aprelində Krım-tatar torpağında - Ağməscid şəhərində Bəkir Çobanzadə işığına toplaşmışdıq. Tədbirə dünyanın hər tərəfindən türk kimliyi olan ziyalılar dəvət olunmuşdu. Zera xanım Bəkirova ilə həmin məclisdə tanış olduq: səmimi, qaynar təbiətli, təpədən dırnağa türkçü olan bu ziyalı xanımla min ilin doğmaları kimi dostlaşdıq. Elə ilk baxışdan bu gözəl xanımın əsl İsmayıl bəy Qaspiralının "Dildə, işdə, fikirdə birlik" məktəbinin layiqli övladı  təəssüratına doldum. İlk baxış heç vaxt insanı yanıltmır. O zamandan həmişə biri-birimizdən hal-əhval tutduq, soraqlaşdıq, 2013-cü ilin dekabrında Bakıda düzənlənən "Yunus Əmrə" işığına Zera xanımı da dəvət etdik. "Nenkecan"ın bütün saylarını da özü ilə gətirmişdi: Dərginin səhifələrində "Könlüm aşk tolu bir aşıqqa hayran" (2012) adlı məqaləmi görəndə çox sevindim, unuda bilməyəcəyim sürpriz hədiyyə idi.

"Nenkecan"ın bayram günüdür, bayram sayıdır. Əziz bacım, könül, məslək - əqidə dostum Zera xanım Bəkirovaya yaradıcılıq yolunda böyük uğurlar arzulayıram. Onun "Nenkecan"ı bizim üçün də qəm yüklü, sevinc qaynaqlı, şeh təravətli, axar-baxarlı bağ-bağçalardan rəng götürmüş, hər səhifəsində min bir musiqi dinən yaddaşdır, tarixi bir salnamədir. Günümüz, sayımız, ilimiz mübarək olsun!

Qarabağda, Şuşada görüşərik!

 





04.05.2021    çap et  çap et