525.Az

Şəhidlərin və Qalib əsgərlərnin şərəfinə abidə kompleksi inşa olunur


 

ƏRAZİ BÜTÖVLÜYÜMÜZ UĞRUNDA MÜBARİZƏDƏ CANLARINDAN KEÇMİŞ ALTI YÜZ NƏFƏRDƏN ÇOX GƏNCƏLİ ŞƏHİDİN HƏR BİRİNİN PORTRETİ QRANİT ÜZƏRİNƏ HƏKK EDİLƏCƏK

Şəhidlərin və Qalib əsgərlərnin şərəfinə abidə kompleksi inşa olunur<b style="color:red"></b>

Gəncənin Gülüstan qəsəbəsi ərazisində, "İstiqlal parkı"na daxil olan geniş bir sahədə intensiv inşa işlərinin getdiyini müşahidə etmək mümkündür.

Burada Vətən torpaqlarının bütövlüyü uğrunda millətimizin apardığı müqəddəs mübarizədə canlarını əsirgəməmiş gəncəlilərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksi olacaq. Abidə kompleksində Birinci Qarabağ savaşı və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin, habelə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin qranit lövhələr üzərində həkk edilən şəkilləri də yer alacaq.

Memorial kompleksin müəllifi qırx ildən çoxdur ki, Gəncə şəhərinin bədii-monumental simasının formalaşdırılmasında böyük rolu olan tanınmış heykəltəraş, əməkdar rəssam Şərif Şərifovdur. Sənətkar öz emalatxanasında yeni abidənin maketini bizə nümayiş etdirərək, əsərin məzmunu haqda maraqlı bilgilər verdi.

"Əlli metrədək uzanan bir sahə boyu salınan bu qəhrəmanlıq və xatirə kompleksinin apogeyi əsas konstruksiyanın mərkəzi oxundan on yeddi metr hündürlüyə ucalan Azərbaycan Bayrağıdır. Bayrağın ətrafını üstündə ordumuzun qələbə yürüşləri ilə qurtulan şəhərlərimizin adları və bu torpaqların azad edilməsi münasibəti ilə təsis olunan medallar həkk olunan stellalar dövrələyir. Həmən mərkəzi oxdan sağ və sol istiqamətlərə isə sanki "Humay quşu" öz böyük qanadlarını açıb. Bu qanadlar üzərində dördkünc lövhələrdə şəhidlərimizin portretləri düzülüb. Sanki qanadlar şəhidlərimizi qucaqlayıb", - deyə Ş.Şərifov ətraflı izah edir.

Müsahibimiz həmçinin vurğulayır ki, kompleksin sağında qoyulan "Dəmir yumruq" lövhəsi millətimizin qətiyyətini,  mərkəzi xəttində qoyulan heykəltəraşlıq kompozisiyası isə Azərbaycan əsgərlərinın qələbə əzmini əks etdirir.

Ş.Şərifov kompleksin hüdudlarında bulaqların da quraşdırılacağını bildirir.

"Suyun ehsan edilməsi millətimizin köhnə adətlərindəndir. Zənnimcə, bu amil abidənin daha da xəlqi bir obraz almasına  təkan olacaq", - deyə o qeyd edir.

 

Abidə kompleksinin sözügedən məkanda yerləşməsinə şəhid ailələrinin təklif və müraciətləri də nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclasında qərar verilib.

"Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin yaşadılması, onların tanıdılması hər birimizin borcudur. İnşa edilən bu abidə kompleksi də bu torpaqları Vətən edənlərə göstərilən dərin hörmət və ehtiramın bir nümunəsidir", - deyə Şuranın üzvü, "Cavad xan" Tarix və Mədəniyyət Fondunun həmsədri Müzadil Həsənov bildirir.

Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən inşası aparılan abidə kompleksi yaxın aylarda hazır olacaq.

Zakir MURADOV
Gəncə

 





04.05.2021    çap et  çap et