525.Az

"Bütün atasız uşaqların atası - Allah imiş" - Eminquey Akifin şeirləri


 

"Bütün atasız uşaqların atası - Allah imiş" - <b style="color:red">Eminquey Akifin şeirləri </b>

həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,
sonra atamızın şəklini,
gödəkcəsini, papağını asdı
əllərimizdəki, ayaqlarımızdakı o mıxdan
 
sonrası,
qəfildən uşaq kimi yox,
kişi kimi oyandığın sabah olur...
 
atasız uşaqları incitməyin,
Allahın xətrinə dəyir,
günah olur!
 
əslində,
İsanın yox,
bütün atasız uşaqların atası - Allah imiş,
biz xoşbəxt olanda
Allah - baba olur...

*** 

məni yarsan, görərsən ki,
içimdə milyon ölü var -hamısı mənəm.
birində sinəm göyərib,
birində qolum keyiyib,
birində çənəm.
 
məni yarsan, görərsən ki,
içimdə milyon ilim var -əlimdən çıxan.
birində xoşbəxt olmadım,
birində azad olmadım,
birində yoxam...
 
məni yarsan, görərsən ki,
içimdə milyon dilim var -anlaşılmayan...
birində sözü kəsilən.
birində deyə bilməyən,
birində susan...
 
məni yarsan, görərsən ki,
içimdə milyon əlim var -hamısı bağlı,
birinə doğmam zəncir vurub,
birinə dostum qıfıl vurub,
birinə ağlım...
 
məni yarsan, görərsən ki,
içimdə milyon ölüm var,
sağam hələ ki.
biri ürəyimi yeyir,
biri ümidlərimi,
biri Günəşi...

*** 

göyərmiş, donmuş üzünə
torpaq atdım, oyanmadın.
ha çiynini silkələdim,
ha oynatdım, oyanmadın.
 
aşa bilmədim ağrını,
qucdum torpağın bağrını.
baş daşını, torpağını
ha islatdım, oyanmadın.
 
bilirsən, necə ovundum?
özümdən yalan uydurdum:
işdən gəlib, yorğundu,
ha top atdım, oyanmadı...

*** 

tez qaçdım hamama... xeyli ağladım,
ürəyim boşaldı, dincəldi biraz.
qazın xorultusu kiridi biraz,
suyun qalınlığı incəldi biraz.
 
susdum bir anlığa, təşvişə düşdüm,
görəsən, səsimi eşitmədilər?
əşşi, cəhənnəmə, onlar mənimtək
bu isti hamamda üşütmədilər.
 
dünya dağılmayıb, keçəcək bu da,
bundan da ağırı başına gəldi.
qalxdım ki, güzgüdə özümə baxım,
güzgünün buxarı xoşuma gəldi.

*** 

Baxma, tez inciyən biri,
tez özündən çıxanam mən,
insanın yerə baxanı,
su kimi lal axanam mən,
qaranlığı əsir tutan
sarı Günəbaxanam mən,
heç nə, beləyəm, Günəşim,
heç nə...

özgələri gəzib, gəlib
öz içimdə itmişəm mən,
gəncliyimi pəncərəsiz
daxmada çürütmüşəm mən,
görmüşəm ki, əlim çatmır,
sevmişəm, böyütmüşəm mən
içimə qoyub Günəşi,
içimə.

məni çıxara bilməsən
içimi yeyən hüzndən,
nə başın qalıb
çiynimdə,
nə yuxun azıb dizimdə,
işığım ola bilməsən
bu quyu - dünya üzündə,
keçmə önünə Günəşin,
keçmə.

*** 

doğum günündə,
bayraqla bəzənmiş qırmızı tabutda
qızına hədiyyə gəldi şəhidim.
zavallı qız,
sanmışdı ki,
atası gözlərini yumub gizlənqaç oynayır,
"ata, gözlərini aç,
oynamaq istəmirəm..."

dostum,
heç darıxma qaziliyindən,
şəhid dostlarının şəkillərinə baxıb
köks ötürmə,
dostum, üzülmə:
"hanı qollarım?"
dostlarınla birgə şəhid oldular.

ikiyə bölünən
şəhid bədənlərinin arasından
axır Araz çayı,
qovuşur Qarabağa Azərbaycan...

Eminquey AKİF

 





04.05.2021    çap et  çap et