525.Az

Azərbaycan tənbəlliyi - Niyazi Mehdinin dil üzrə etüdləri


 

Azərbaycan tənbəlliyi - <b style="color:red">Niyazi Mehdinin dil üzrə etüdləri</b>

Dil üzrə etüdlərdən (2013-2014-cü illər)

Azərbaycan hüququnda Azərbaycan türkcəsinə görə utanış 

Azərbaycan hüququnun çox ciddi problemləri var, onların arasında isə ən ciddilərindən biri dildir. Bu dilin ərəb-fars sözləri adi vətəndaşın şüuruna onsuz da ögey olan hüququ lap ögeyləşdirir. Doğrudan da, bizdəki hüququn dilində nəyi görürsən?! Görürsən ki, hərəkəti bildirən "etmək", "almaq" kimi bir-iki sözü çıxsan, mətnlər ərəb-fars sözləri ilə maksimum yüklənib. Hüquq ki ayrı-seçkiliyə qarşıdır, bizdə çox asanlıqla Azərbaycan türkcəsinin çox sözlərini ayrı-seçkiliyə salır. Ona görə də hətta ərəb-fars sözlərini bilən adamların da ruhu hüquqla məhrəm, doğma ünsiyyətə girə bilmir. 

Mədəniyyətimizdə çoxdandır sanki belə bir durum yaranıb: öz sözlərimiz hüquqşünaslar üçün cırıq, nimdaş paltara çevrilib, onları hüququn "yüksək üslubuna" yaraşdırmırlar. Ancaq ərəb-fars sözlərinə gələndə hüquqşünaslarımız onlarda nəsə yüksək düşüncə mədəniyyəti, savad aurası duyurlar. Məsələn, nə üçünsə hesab edirlər ki, "lazımi tədbirləri həyata keçirəcək" təmiz türkcədə olan "gərəkli ölçülərə əl atacaq"dan hüququn dilinə daha çox yapışır, "bəyannamə" "bildiri"dən, "ərizə" "diləkçə"dən", "şəhadət" "tanıq"dan daha yeydir, "məcbur etmək" "zorunlamaq"dan daha uğurludur.  Çoxlarına elə gəlir ki, hüquqa "boyun olmaq", "üstünə götürmək", "yerinə yetirmək", "umacaqsız olaraq" sözləri yaraşmır, bunların qarşılığı olan ərəb-fars tərkibli deyimlərsə, yaraşır.

Bu dediklərim məsələnin söz tərəfidir. Azərbaycan hüququnun cümlə quruluşları ilə bağlı da ciddi problemləri var. Baxın iddia ərizələrinə, sözlər birtəhər pərçimlənmiş cümlələrlə doludur.  

Hüquq dilinin islahatı 

Düzdür, soruşula bilər ki, hüququn tanıdığı, özünə götürdüyü üslub nə qədər xoşumuza gəlməsə də, bu dil, artıq, oturuşub, bəlli dəqiqlik qazanıb. Yəni bildirir ki, filan sözü filan anlamda başa düşmək gərəkdir. Hüquqda isə dəqiqlik çox önəmlidir. Bəs təklif olunan üslub bu dəqiqliyi necə yerinə yetirir?

Bu suala belə cavab vermək olar: deyin görək, "ittiham etməklə" "suçlamaq", "həbs etmək"lə "dustaq etmək" arasında hansı fərq var ki, birini o birindən dəqiq edir?! 

Ya da götürək iki cümləni: 

a) filankəsin hüququnu təmin edəcək.

b) elə edəcək ki, filankəsin hüquqları qorunsun.

Məna baxımından ərəb sözü olan "təmin" kəlməsinin işlətdiyimiz cümlədə dəqiqlik baxımından hansı üstünlüyü var?!

Hüquq dilinin islahatı üçün təkliflər paketi 

Bax, bütün bunları düşünərək sayıram ki, Azərbaycanda hüquq dilinin radikal yox, yavaş-yavaş islahatına keçmək vaxtı çatıb. Bu təklifin gerçəkləşdirilməsinə dilçilərlə aktiv nəzəriyyəçilərin iştirak etdiyi "Dəyirmi masadan" başlamaq olar. Burada bizim türkcədə olan sözlərin hüquq üçün seçilməsini müzakirə etmək olar. Sonra isə hamının bəyəndiyi sözlərin siyahısı tutulmalıdır. Daha sonra iştirakçı hüquqşünaslar öhdəlik götürə bilərlər ki, indən belə yazılarında, dərslərində o sözlərdən geniş istifadə edəcəklər. Birinci "Dəyirmi Masada" əldə olunanlara alışılandan sonra ikincisinə keçirib yeni sözləri mübahisə etmək olar. Beləcə onillərin islahat prosesi indidən başlayar. 

Düzgünlüyün hüquqda açdıqları

Hüquqda türkün sözləri 

İrəlidə hüququn dilində islahat aparıb ərəb-fars sözlərinin xeylisini türkcənin sözləri ilə əvəz etmək üçün təkliflər paketi vermişdim. İndi isə bu əvəzləmənin mexaniki yerdəyişmə olmamasını göstərmək üçün söhbət açım. 20-ci yüzilin erkənlərində azərilər üçün "qurultay", - bu əski türk-monqol sözü çox yad idi. Türkmənlər və qazaxlar onu bilmədikləri üçün hələ də "syezd" deyirlər. Bizdə isə kiminsə ağlına gəldi ki, unudulmuş "qurultay"ı geri qaytarsın. İndi biz həmin sözü elə qavrayırıq ki, sanki əzəldən adi və işlək sözümüz olub. Bunu onun üçün deyirəm ki, vaxtında "hüquq" yerinə "düz" və ya düzgünlüklə ilgili düzəltmə söz tapıb işlətsəydik, indi o bizə "hüquq"dan da doğma olardı.   

Düzgünlüyün hüquqda açdıqları 

Ərəbcə "həqq" həm doğru-düzgünü, həm də Allahı bildirir. İngiliscə "rayt" (right) Tanrının adı olmasa da, hər halda düzlükdür. Eləcə də ruscanın "pravo" sözü.

"Düzlük" sözü hüquqda çox önəmli nəsnəni açır. Heqel vaxtı ilə həqiqətlə, gerçəklə düzgünlüyü ayırmaq istəyəndə yazmışdı ki, gerçək məsələsində düşüncənin nəsnəni doğru göstərməsi həqiqəti verir. Düzgünlük məsələsində isə nəsnənin öz ideyasına adekvat, uyğun, uzlaşmış olması düzlüyü, düzgün şeyləri verir. Yəni düzgün şalvar öz ideyasına düz gələn şalvardır. Ona görə də "şalvarı düzəltmək" deyirlər. 

Beləliklə, Heqelsayağı söyləyə bilərik ki, əyri-üyrü yol salmağa biz "yol düzəltdik" deyiriksə, o anlamda deyirik ki, yolu "yol" anlayışına, "yol" ideyasına uyğun yapırıq. İndi, camaat deyinəndə ki, "bizim millət düzələn deyil", anlamı odur ki, əsl millətin necə olması haqqında ideyalara bizim millət düz gəlmir. Ancaq bu yerdə camaatın yaxasından tutub soruşmaq olar: siz əsl millətin necə olması haqqındakı ideyaları bilirsiniz ki, millətin hansı ideyalara tuş gəlməsini və gəlməməsini biləsiniz?  

Doğru məqsədlərə düz gələn qanunlar 

İndi hüquqa qayıtsaq, deyə bilərik ki, o, topluma gərəkli olan amaclara düz aparan qanunları və bu qanunlara düz gələn davranışları bildirir. Deməli, hüquqda iki yöndə düzgünlük aydınlaşdırılır. Birinci yöndə hər-hansı qanunla ilgili "düzdürmü?" soruşmaq olar. Əgər toplumda filan səbəblərə görə rüşvəti heç cürə yerli-dibli yığışdırmaq mümkün deyilsə, yerli-dibli yığışdırmaq iddası ilə verilmiş qanunlar dəsti düz olmayacaq. Çünki onsuz da yerinə yetirilməyəcək və bütünlükdə qanunlar gözdən düşəcək.

Əgər bu durumda məqsəd belə qoyulsa ki, onsuz da korrupsiyanı aradan götürmək yaxın zamanlarda mümkün deyil, ancaq filan qanun olsa, heç olmazsa yol polisinə, nə bilim, mənzil idarəsinə rüşvət verməyə gərək olmaz, belə qanun düzgün olacaq. Bu anlamda bir Prezident fərmanı ilə sənədsiz özəl evlərə sənəd verilməsi düzgündür. Görmək çətin deyil ki, Anayasa məhkəməsinin işi məhz bu yöndən qanunlara baxıb onları düzəltməkdir. Görürsünüzmü Anayasa məhkəməsinin öhdəsinə necə ağır iş düşür?! O, topluma hansı məqsədlərin gərək olduğunu və bu məqsədlər üçün hansı qanunlar lazım olduğunu aydınlaşdırmağı bacarmalıdır. Bunu, əslində, Anayasa Məhkəməsi tam çözə bilməz. Çünki belə işlər ayrıca elmi qurumlar tərəfindən öyrənilə bilər. Bizim çıxardığımız sonuc: topluma hansı məqsədlərin qoyulmasını Akademiyanın bəzi humanitar institutları araşdırıb Anayasa məhkəməsini, Milli Məclisi bilgiləndirməlidir. İndi soruşuram Anayasa məhkəməsi və Milli Məclislə Akademiya institutları arasında sifariş və sifarişə uyğun araşdırma ilişgiləri varmı? Yoxdur! 

Yanlış sifarişə bir örnək 

Mənim yadımdadır, bir dəfə Elçibəy hakimiyyəti dönəmində Prezident Aparatında yüksək vəzifədə çalışmış adam söyləmişdi ki, Aparata ekspertlər qrupu yığmışdıq ki, bizə strategiya və taktika ilə bağlı sənədlər versinlər. Verməyinə verdilər, ancaq nəyi verdilərsə, biz onlarsız da bilirdik.

O zaman mən söylədim, sizin, axı, sifarişinizdə nəyi bilmədiyiniz aydınca görünməliydi ki, onlar da bilmədiklərinizi araşdırsınlar. Buradan çıxan sonuc. Çağımızda Milli Məclis, Konstitusiya Məhkəməsi, Prezident Aparatı düzgün sifarişlərlə Akademiyanın uyğun institutlarını işlətməlidirlər. Bax, bu zaman hansı institutun yararsız olması da aydın olar.

Azərbaycan tənbəlliyi  

Millətlərin tənbəllik baxımından fərqləri 

Azərbaycanlılar tənbəldir, ya yox? Özümüz-özümüzə hərhalda "tənbəl" deyirik. Ancaq görürsən sonra gürcülərə, Rusiya ruslarına baxanda deyirik, yox, onlar qədər deyilik. Tənbəllik konusunda nəsə ermənilərlə özümüzü tutuşdurmuruq. Ancaq avropalıların tənbəl olmadıqları bizim üçün aksiomdır.    

Tənbəlliyin sonucu pintilik, səliqəsizlikdir. Erix Fromm yazmışdı ki, İkinci Dünya savaşının sonunda Amerika əsgərləri Fransada təəccüblə bir şey gördülər. Gördülər ki, almanlar səliqələri, təmizkarlıqları ilə onlara daha çox oxşayırlar, nəinki müttəfiqləri fransızlar. Deməli, Avropanın özündə də az tənbəl-çox tənbəl uluslar var. İtalyanlar, fransızlar almanlara və ingilislərə baxanda tənbəldirlər, ona görə səliqəsizlikləri çoxdur. 

Nədən bizdə velosiped sürmürlər? 

On-on beş il qabaq İsveçin Uppsala şəhərində araşdırma aparanda bir faktın şahidi olmuşdum. Gənclər, yaşlılar, universitet professorları hamısı velosipeddə gedirdilər. Bütün idarələrin, dükanların qabağı səliqə ilə səf-səf düzülmüş velosipedlərlə dolu olurdu. Bir vaxtlar atlar beləcə qapı ağzında bağlanardılar.

Velosiped sürməyin idman və benzinə, pula qənaət baxımından cibə xeyrini Azərbaycanda hamı başa düşür. Bakını demirəm, buranın relyefi velisoped sürmək üçün bir az rahat deyil. Bəs Gəncə, Bərdə kimi şəhərlərdə niyə sürmürlər?!

Bizdə mollaların hamısının mobil telefonu var, bəlkə Ayfonu olanlar da var. Velosiped sürən italyan keşişini kinolarda görmüşük. Velosiped sürən mollanın yaxın gələcəkdə Azərbaycanda görünməsi ağlasığmazdır. Bəs nədən mobillə danışan molla bu mənzərəni özü üçün təbii sayır, velosipeddə getməyi isə gülməli?! Nəinki velosipeddə, elə motosikletdə getməyi də. Halbuki İranda motosiklet və molla belə uyuşmaz deyil. 

Tənbəlliyin bir acımı 

İndi tənbəlliyin "anatomiyasına" baxaq. Tənbəlliyin sinonimi kimi bizdə "ərinmək" var. Görün ondan hansı bala sözlər doğub: "ərincək", "ərinməyi gəlmək" və s. Məncə, "ərinmək" "ərimək" sözü ilə bağlıdır. Düşüncəmin etimoloji düzlüyü üçün "başımı vermərəm". Ancaq "Gündəlik teleqraf"da bir köşə yazısında "elmi qafiyə" sözünü işlədib onun önəmini göstərmişdim. İndi də "ərimək" və "ərinməyi" elmi qafiyə prinsipində qoşalaşdırım.   Zəhmətsevərlik, tənbəl olmamaq tarım çəkilməklə bağlıdır. Əzələlər işə düşür, bədən toparlanır və s. Azərilər tənbəlliklərini "ərinirəm" feili ilə bildirəndə bədənin axıb-tökülməsini, toparlana bilməməsini, lalıxlamasını deyirlər. Ərimiş qardan heç nə asa bilməzsən, heç nə bərkidə bilməzsən. Buza çevrilmiş qar isə möhkəm maddə vəzifəsini görə bilər. Öz tənbəlliyini ərincəklik kimi duyan adam da bədənində güc, möhkəmlik tapa bilmir. 

Tənbəlliyin ikinci açımı 

Tənbəlliyin özülündə axmaq bir fəlsəfə durur. Soyuqda insan bədəninin istisini saxlayıb qırağa vermək istəmir. Bədən ağır iş qarşısında enerjisini yığıb saxlamağa çalışır. Bütün tənbəlliklərin arxasında bilincsiz olaraq öz enerjisini "xərcləməmək" simicliyi durur. Halbuki idmandan bilirik ki, bədənin öz enerjisinin "qədrini" belə bilməsi türlü xəstəliklərlə sonuclanır. Beləliklə: azəri tənbəlliyinin əsasında enerji xəsisliyi durur. Hər nəsnədə israfcıl olan azərbaycanlı iş görməyə, səliqə yaratmağa gələndə birdən-birə "qənaətcil" olur.

Həmin tənbəlliyin bir çox bəlaları var. Velisoped sürməməyin arxasında təkcə özünə yaraşdırmamaq durmur. Həm də tənbəllik durur. Bu tənbəlliyi bütün Azərbaycan sürücülərində görmək olar. Ona görə hətta bu yazının başlığına belə bir cümlə çıxarmaq istəyirdim:  "Dünyada ən çox babasilə tutulmuş sürücülər Azərbaycandadır". Çünki deyirlər, az hərəkətdə olanların xəstəliyidir babasildir.

Bir sosial reklamda görmüşəm ki, yaxın dükanlara, bazarlara adamlar maşınla yox, ayaqla getsələr, nə qədər havaya və cibə xeyri olar. Mən fikir vermişəm, bizdə maşın sürənlər o qədər tənbəldirlər ki, mağazanın qapısının düz ağzında saxlamağa can atırlar ki, artıq yeriməsinlər. Heç kim gedəcəyi mənzildən bir az aralı saxlamağı sevmir. Ona görə də qapıların ağzında, dalanlarda tıxac yaranır. Bəs çıxış yolu nədir? Mədəniyyətdə tənbəlliyin, pintiliyin pislənməsi quru sözdür. Gərək elə mentalitet dəyişmələri olsun ki, insan və ulus tənbəlliyinə görə xəcalət çəksin.

 





05.05.2021    çap et  çap et