|
|
|
|
Soyuq müharibə illərində iki böyük dövlət - Amerika Birləşmiş Ştatları ilə Sovet İttifaqı arasında başlanan sürətlə silahlanma rəqabəti SSRİ-nin iqtisadi çöküşü, ABŞ-ın siyasi qələbəsi ilə başa çatdı.
Sovet İttifaqının dağılmasından sonra sürətlə silahlanmanın yerini silahların ixtisarı mərhələsi aldı. Siyasi dairələrdə belə qənaət yarandı ki, bəşəriyyət bir daha sürətlə silahlanma dövrü yaşamayacaq. Çünki sürətlə silahlanma elə bir prosesdir ki, onu başlatmaq asan, dayandırmaq çətindir. Ancaq Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşməsi dövlətlərin hərbi xərclərinin kəskin artmasına səbəb oldu. Hətta bəşəriyyətin üzərinə ölüm kabusu kimi çökmüş koronavirus pandemiyası da sürətli silahlanmanın yeni mərhələsində hərbi xərclərin azalmasına gətirib çıxarmadı. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, ötən il dövlətlərin hərbi xərcləri 1.981 trilyon dollar təşkil edib. Bu, 2019-cu illə müqayisədə 2.6 faiz artıqdır. Halbuki ötən il dünya üzrə Ümum Daxili Məhsulun 4.4 faiz azalması müşahidə olunmuşdu. Hərbi xərclərin ÜDM-də faizinin də 2019-cu ildəki 2,2 faizdən 2020-ci ildə 2,4 faizə çatması da dövlətlərin sürətlə silahlanma yarışındakı rəqabəti kəskinliklə davam etdirmək qərarlığını göstərir.
Dünya dövlətlərinin 2020-ci il ərzində silahlara xərclədiyi 1.981 trilyon dolların 62 faizi beş dövlətin - ABŞ, Çin, Hindistan, Rusiya və Böyük Britaniyanın payına düşüb. Çox maraqlıdır ki, bu beş dövlətin dördü BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Halbuki BMT Təhlükəsizlik Şurasının ilk vəzifəsi dünyada sülhü təmin etməkdir. Ancaq BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sürətlə silahlanma yarışı başladaraq başqa dövlətləri də hərbi xərcləri artırmağa təhrik edirlər.
Hər il olduğu kimi, ötən il də hərbi məqsədlər üçün ən çox pul xərcləyən dövlət ABŞ olub. Ötən il ABŞ hərbi məqsədlər üçün 778 milyard dollar xərcləyib ki, bu da 2019-cu illə müqayisədə 4.4 faiz çoxdur. Eyni zamanda, ABŞ-ın son üç ildə ardıcıl olaraq hərbi xərlərini artırdığı da qeydə alınıb. Ümumilikdə, bəşəriyyətin hərbi məqsədlər üçün sərf etdiyi pulun 39 faizini ABŞ xərcləyir. Pentaqonun hərbi xərclərinin artmasının əsas səbəbi tədqiqatlara sərmayə qoyuluşunun və silah alışının külli-miqdarda artması, nüvə arsenalının modernləşdirilməsidir. ABŞ öz hərbi xərclərini artırmasını Çin və Rusiyadan təhlükənin artması ilə izah edir.
SIPRI-nin hesabatında diqqət çəkən digər məqam isə Çinin 26 il ardıcıl olaraq hərbi xərclərini artırmasıdır. Çin hərbi xərclərini 252 milyard dollara çatdıraraq silahlanmaya ən çox pul xərcləyən ikinci ölkə olub. Pekin ötən il hərbi məqsədlər üçün 2019-cu illə müqayisədə 1.9 faiz çox pul xərcləyib. Ümumiyyətlə isə Çin son 10 ildə hərbi xərclərini 76 faiz artırıb.
Ən böyük hərbi birlik olan NATO-nun bütün üzvləri 2020-ci ildə hərbi xərclərini artırıblar. Şimali Atlantika Alyansının 12 üzvü ÜDM-nin 2 faizindən çoxunu hərbi məqsədlərə yönəldiblər. Elə ölkələr var ki, son 10 ildə ilk dəfə hərbi xərcləri ÜDM-nin 2 faizindən çoxunu təşkil edib. BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa 2009-cu ildən bəri ilk dəfə ötən il hərbi məqsədlər üçün ÜDM-nin 2 faizindən çox pul xərcləyib. Fransa dünyada silahlanmaya ən çox pul xərcləyən səkkizinci ölkə statusunu ötən il də qoruyub.
Hindistan 72,9 milyard dollar xərcləyərək silahlanmaya ən çox pul sərf edən üçüncü ölkə olub.
Rusiya da ötən il hərbi xərclərini 2.5 faiz artıraraq 61.7 milyard dollara çatdırıb. Doğrudur, bu, Rusiyanın nəzərdə tutduğundan 6.6 faiz aşağı olub. SIPRI-nin mütəxəssisləri bunu koronavirus pandemiyasının təsirinin nəticəsi hesab edirlər.
Böyük Britaniya hərbi xərclərini 2019-cu illə müqayisədə 2.9 faiz artıraraq 59.2 milyard dollara çatdırıb. Bununla da Böyük Britaniya hərbi xərclər üçün ən çox pul xərcləyən beşinci ölkə olub.
Silahlanmaya pul xərcləməyə çox da maraq göstərməyən Almaniya ötən il hərbi xərclərini 5.2 faiz artıraraq 52.8 milyard dollara çatdırıb. Bu, 2011-ci illə müqayisədə 28 faiz artıqdır.
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri hərbi xərclərini artırdıqları bir zamanda Çili və Cənubi Koreya silahlanmaya nəzərdə tutduğu xərclərini azaldaraq koronavirusla mübarizə tədbirlərinə yönəldiblər. Cənubi Koreya ötən il silahlanmaya 45.7 milyard dollar xərcləyib. Sakit okean ölkələrindən Yaponiya və Avstraliyanın da hərbi məqsədlər üçün müvafiq olaraq 49.1 və 27.5 milyard dollar xərclədiyini nəzərə alanda, bu bölgə ölkələrinin hamısının sürətlə silahlandığı aydın görünür.
Sakit okean hövzəsi ölkələri ilə yanaşı, Avropa və Afrika ölkələri də hərbi xərclərini artırıblar. Afrika qitəsində hərbi xərclərini kəski artıran ölkələrin siyahısına Uqanda liderlik edir. Bu ölkə hərbi xərclərini 46, Çad 31, Nigeriya 29, Mavritaniya 23, Mali isə 22 faiz artırıb.
Avropa, Afrika və Sakit okean hövzəsi ölkələrinin, ən əsası isə ABŞ, Çin, Hindistan, Rusiya, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Cənubi Koreya və Avstraliyanın hərbi xərclərini artırması bəşəriyyəti növbəti müharibəyə sürükləyir. Vəziyyəti ağırlaşdıran hal isə bütün ölkələrin sürətlə silahlanmanı davam etdirmək niyyətidir.
Ötən əsrdə müşahidə olunan sürətlə silahlanmadan indiki prosesin ciddi bir fərqi var. Birinci dəfə sürətlə silahlanma rəqabəti iki ölkə arasında gedirdisə, indiki prosesdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin hamısı iştirak edir. Bu isə bəşəriyyət üçün koronavirus pandemiyasından daha böyük təhlükə doğurur.