525.Az

"TikTok bloklansa, o adamlar bir günə yaddan çıxacaq" - Müsahibə


 

ORXAN ABBASOV: "BİR SAHƏDƏ DAİMİ QALMAQDAN SIXILIRAM"

"TikTok bloklansa, o adamlar bir günə yaddan çıxacaq" - <b style="color:red">Müsahibə </b>

Həmsöhbətimiz sosial şəbəkələrin ən fəal iştirakçılarından biri Dj Orxan Abbasovdur. O, burada həm öz işlərini görür, həm də biznes fəaliyyətini inkişaf etdirir.

- Mən Bakıda anadan olmuşam. Balaca vaxtlarımdan şeir yazırdım. O zamanlar şeirlərim "Şəkər villası" qəzetində dərc olunurdu. Məktəbi bitirəndən sonra birinci il universitetə qəbul ola bilmədiyim üçün kino və video operator üzrə təhsil aldım. Sonra təhsilimi Azərbaycan Kooperasiya Universitetində, Ekspertiza və Marketinq fakültəsində davam etdirdim. Bu illərdə Nadir Qafarzadə, Qala qrupu və başqa məşhur sənətçilərlə prodüser kimi çalışdım. Menecer kimi də fəaliyyət göstərirdim. Sonra dizayn işinə marağım yarandı və bu sahəni də öyrəndim. İnsan bir işlə məşğul olar, deyirlər. Mən hər sahə ilə məşğul olmuşam. Bir sahədə daimi qalmaqdan sıxılıram.

- Dj olmağa nə zamandan maraq göstərdiniz?

- Universitet illərində tədbirlərdə aparıcılıq edirdim. Ondan sonra isə dövlət konsertlərində çıxış etməyə başladım. Amma hiss etdim ki, bura nəsə incəsənət ünsürü əlavə etmək lazımdır. Bu əskikliyin musiqi olduğunu bildim və Dj-liyə başladım. Musiqi proqramlarını dərindən öyrəndim. 2-3 il ərzində bir çox məşhurların musiqilərindən remiks hazırladım.

- Ailədə sizdən başqa musiqiçi varmı?

- Xeyr, ailədəki tək musiqiçi mənəm.

- Sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısınız?

- Hansısa bir mahnının dinlənilməsi üçün onun klipi yaxşı olmalıdır. Sosial şəbəkələr də bu mənada reklam rolunu oynayır.

- İstedadı olmayan şəxslərin sosial şəbəkələrdə məşhurlaşmağı çox vaxt insanlar tərəfindən tənqidə tuş gəlir. Siz nə deyə bilərsiniz, istedadsız şəxslərin fenomen olması nə dərəcədə realdır?

- Bu gün ən çox axtardığımız insanlar sosial şəbəkələrin aludəçisi olmayanlardır. Elə həddə gəlib ki, balaca uşaqlar da TikTokdan istifadə edirlər. Bu uşaqların gələcəyə nə qədər maraqları qalacaq bilmirəm. İnsan uşaq vaxtlarında böyüklərin etdiklərinə baxıb böyümək üçün həvəslənir. İndiki dövrdə belə bir tendensiya qalmayıb. Ən çox buna təəssüf edirəm. O cür insanları da biz izləyib məşhur edirik. O insanların çoxu vaxtilə həmin videolara baxıb lağlağı edən adamlardır. Sadəcə, tələbat olan yolla gedirlər. Amma deyim ki, onların ifaları və həyata keçirdiyi işlər bir müddət sonra unudulur. Sabah TikTok bloklansa, heç kim onları tanımayacaq.

- Ən böyük arzunuz nədir?

- Həyatımın və həyatımdakı insanların daima yaxşı qalması ən böyük arzumdur. Bu, dəyişməz arzudur. Digər arzular illər keçdikcə dəyişir, böyüyür.

- Televiziya kanallarından da qonaq olursunuzmu?

- Tez-tez radio və televiziya kanallarında oluram. Aldığım dəvətlərin hər biri gördüyüm işlərin keyfiyyətinə görə olub.

- Deyəsən, həm də bizneslə məşğul olursunuz?

- "Showband" tur qrupumuz var. Biznesi çox sevirəm. Hazırda xüsusi parfüm hazırlamağı sevdiyim üçün parfümeriya mağazası da açmışam. Buranı açanda sırf qazanca köklənməmişdim, mənim üçün əsas olan məqsədə çatmaqdır.

- Kitab oxumaqla aranız necədir?

- Daha çox şeirlər toplusunu oxuyuram, ən çox da Ramiz Rövşənin şeirlərini sevirəm. Özüm də şeir yazıram. Amma bu ərəfələrdə o qədər də məşğul ola bilmirəm. Hətta əvvəlini başladığım bir hekayə də var, onu bitirmək istəyirəm. Oxuduğum kitablar arasında musiqi ilə bağlı olanlar da çoxdur.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Hazırda bir mahnımız var, ancaq onun tam hazır olması üçün maliyyə olmalı, karantin isə bitməlidir. Həmçinin, "Showband" komandasının ölkədə yaxşı mənada səs-küyə səbəb olmasını istəyirəm.

Günel ABBAS

 





05.05.2021    çap et  çap et