525.Az

Böyük şahmatçı Cəlaləddin Naxçıvani haqqında qeydlər - Araşdırma


 

Böyük şahmatçı Cəlaləddin Naxçıvani haqqında qeydlər - <b style="color:red">Araşdırma</b>

Tariximizdə elə şəxsiyyətlər var ki, onların müəyyən sahələrdə böyük töhfələr vermələrinə və bir sıra xidmətlər göstərmələrinə baxmayaraq, barələrində nəinki ciddi araşdırmalar aparılıb, hətta bəziləri, demək olar ki, səssiz-soraqsız kölgəyə çəkilib. Belə şəxsiyyətlərdən biri öz dövrünün tanınmış şahmatçılarından olan Cəlaləddin Naxçıvanidir.

Şahmat oyunu ölkəmizə VI əsrdən məlum olsa da, təəssüf ki, VI-VIII əsrlərdə, daha dəqiq desək, üç yüz ildən artıq bir dövrü əhatə edən zaman kəsiyində şahmat oynamış heç bir Azərbaycan insanının adı bizə gəlib çatmayıb. Bəs görəsən, adı dövrümüzədək gəlib çatan ilk Azərbaycan şahmatçısı kim olub?

Bir sıra yerli və rusdilli mənbələrdə adı bizə məlum olan ilk Azərbaycan şahmatçısının IX əsrdə yaşamış Cəlaləddin Naxçıvani olması öz əksini tapıb. Bu mənbələrdə bir-birini az qala təkrar edən eyni məzmunlu qısa bir məlumat yer alıb: "Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani (IX əsr) Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndəsidir". Təəssüf doğuran hal isə odur ki, Cəlaləddin Naxçıvani haqqında indiyədək ciddi tarixi araşdırmalar aparılmayıb.

Bu yazımızda onun haqqında əldə etdiyimiz məlumatları oxucularla bölüşmək istərdik. Barəsində söhbət açdığımız bu görkəmli şahmatçının haqqında məlumatı hələlik yeganə mənbə hesab edə biləcəyimiz XV əsrə aid bir əlyazmadan alırıq. Onu da oxucuların nəzərinə çatdıraq ki, əldə olan məlumata görə, həmin əlyazma hazırda Özbəkistan Respublikası Elmlər Akademiyasının Əlyazmalar Fondunda saxlanılır. Əlbəttə, şübhə yoxdur ki, Cəlaləddin Naxçıvani haqqında məlumat verən başqa mənbələr də var. Onları tarixin qaranlıq səhifələrindən gün işığına çıxarmaq üçün sadəcə ciddi elmi araşdırmalar aparmaq gərəkdir. Hələ ki, əlimizdə olan bu yeganə dəyərli mənbədə Cəlaləddin Naxçıvaninin adı orta əsrlərin ən tanınmış şahmat ustaları Əbu Hafiz, Cabir əl-Kufi, Ənsəri, Zöhrab Kətan, Ər-Razi, Məvərdi, Əs-Suli, Əbül-Abbas Serahşi, Əbülfərəc Leylac və bir sıra digər yüksək dərəcəli oyunçularla eyni sıraya qoyulur.

Cəlaləddin Naxçıvani haqqında hələ ki, geniş məlumata malik olmasaq da, onun təxəllüsü bizə o fikri yürütməyə əsas verir ki, dövrünün tanınmış şahmatçısı olan bu şəxsiyyət çox güman ki, Naxçıvanda doğulmuşdur.

Bir qədər əvvəl sözügedən əlyazmaya istinadən isə söyləmək olar ki, təqribən IX-X əsrlərdə yaşamış olan Cəlaləddin Naxçıvani ömrünün müəyyən hissəsini Orta Asiyada keçirmiş və orada "Naxçıvani" təxəllüsü ilə tanınmışdı. Lakin təəssüf ki, görkəmli şahmatçının "Naxçıvani" təxəllüsünü hansı vaxtdan istifadə etməsi bizə dəqiq məlum deyil. Bununla belə, böyük ehtimalla, o, bu təxəllüsdən Orta Asiyaya getməmişdən əvvəl də istifadə etmişdi. Onun Orta Asiyaya üz tutmasına gəlincə, bunu dair bir neçə versiya irəli sürülə bilər:

 

Birinci versiya: Məlum olduğu kimi, IX-XI əsrlərdə şahmat orta Asiyada sürətlə inkişaf etmişdi. Belə ki, həmin dövrdə bu coğrafiyada tanınmış oyunçular üzə çıxır və şahmat yarışlarının keçirilməsi müntəzəm hal almağa başlayırdı. Təsadüfi deyil ki, ilk belə şahmat yarışı da 819-cu ildə məhz bu bölgədə, daha dəqiq desək, Xorasanda keçirilmişdi. Belə bir vəziyyətdə bir sıra güclü şahmat oyunçularının şərqin bir çox ölkələrini gəzib dolaşmaları, nüfuzlarını daha da artırmaq üçün qalib gəlmələri məqsədilə özlərinə rəqiblər axtarmaları normal hal kimi qəbul edilə bilər. Düşünmək olar ki, Cəlaləddin Naxçıvani də belə yarışlarda oynamaq məqsədilə Orta Asiyaya gedə bilərdi.

İkinci versiya: Sözügedən dövrdə Bağdad islam dünyasının mərkəzi sayıldığından tanınmış elm xadimləri buranı özləri üçün məskən seçirdilər. Tarixdən məlumdur ki, həmin vaxtlar Azərbaycandan da Bağdada gedib ayrı-ayrı elmlər sahəsində biliklərə yiyələndikdən sonra orada qalıb yaşayanlar olmuşdu. Bu nöqteyi-nəzərdən Cəlaləddin Naxçıvaninin də analoji səbəbdən Orta Asiyaya üz tutmasını istisna etmək olmaz.

Üçüncü versiya: Tarix dəfələrlə dəvət olunmaq yolu ilə başqa qərib ölkələrə köç edən istedadlı və görkəmli şəxsiyyətlərin həyatlarından nümunələrlə zəngindir. Hesab edirik ki, belə bir oxşar ziyarətin Cəlaləddin Naxçıvanin də başına gəlməsi gözardı edilə bilməz. Ola bilsin ki, bu nüfuzlu şəxsiyyət şahmatın təbliği və ya kiməsə bu oyunun dərin sirlərini öyrətmək məqsədilə Orta Asiyaya üz tutmuşdu.

Çox təəssüf ki, Cəlaləddin Naxçıvaninin heç bir oyunu haqqında məlumat dövrümüzədək gəlib çatmayıb. Lakin haqqında söhbət açdığımız əlyazmadan əldə etdiyimiz məlumata əsasən aydın olur ki, o, gözəl kompozisiyaya malik şahmat məsələləri hazırlayır, habelə oyunlar zamanı mükəmməl kombinasiyalar quraraq və taktiki fəndlər işlədərək mahir oyunçu kimi rəqiblərini məğlub edirmiş. Buna görə də onun adı hər zaman "ali" dərəcəli oyunçular cərgəsində çəkilmiş və "Leylaclar" (Orta əsrlərdə Azərbaycanda və İranda ən güclü şahmat oyunçularına "Leylac" deyilirdi) sırasına daxil edilmişdi.

Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, tarixdə ilk qeyri-rəsmi şahmat böyük ustası (qrossmeyster) hesab edə biləcəyimiz Cəlaləddin Naxçıvani doğma vətənimiz Azərbaycanın əzəli və əbədi guşəsi sayılan əzəmətli Naxçıvan yurdunun yetirməsi olub.

Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas

 





05.05.2021    çap et  çap et