525.Az

"Siyasi dialoq daimi davam edən proses olmalıdır" - Müsahibə


 

İXTİYAR ŞİRİN: "AZƏRBAYCANDA HAKİMİYYƏT VƏ MÜXALİFƏT PARTİYALARININ DAİMA DİALOQDA OLMALARI, VAHİD PLATFORMADAN ÇIXIŞ ETMƏLƏRİ ÖLKƏMİZ ÜÇÜN ÇOX VACİB MƏSƏLƏLƏRDƏN BİRİDİR"

"Siyasi dialoq daimi davam edən proses olmalıdır" - <b style="color:red">Müsahibə </b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Milli Konqres Partiyasının (MKP) sədri İxtiyar Şirindir. 

- İxtiyar müəllim, bildiyiniz kimi, bir ildən artıqdır ki, ölkəmizdə iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siz ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Azərbaycanda hakimiyyət və müxalifət partiyalarının bir sıra milli məsələlərdə daima dialoqda olmaları, vahid platformadan çıxış etmələri ölkəmiz üçün çox vacib məsələlərdən biridir. Belə milli məsələlərdən biri Qarabağın və digər torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə bağlıdır. Ötən il sentyabrın 27-də Ermənistanın növbəti təxribatı ilə başlayan 44 günlük Vətən müharibəsi dövründə və 10 noyabr 2020-ci il tarixndə Azərbaycan, Ermənistan və Rusiyanın birgə üçtərəfli bəyanat imzalanmasından sonra başlayan siyasi-diplomatik mübarizənin davam etdiyi dövr ərzində hakimiyyət ilə müxalifət partiyaları arasında aparılan əməkdaşlıq ölkəmizin və dövlətimizin siyasi və diplomatik imkanlarını qat-qat artırdı. Düşünürəm ki, qazandığımız qələbələrdə bu əməkdaşlığın xüsusi yeri var. Belə bir əməkdaşlığın yaranmasında ölkəmizdə fəaliyyət göstərən 50-yə yaxın siyasi partiyanın tutduğu doğru mövqe ilə yanaşı, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin "Siyasi partiyalar haqqında" qanunun tələblərinə uyğun olaraq müxalifət partiyaları ilə apardığı müzakirələrin, verilən təkliflərə diqqətlə yanaşmasının, torpaqlarımızın işğaldan azad ediiməsi üçün vacib olan məsələlərdə hakimiyyət və müxalifət partiyalarının birgə bəyanatlarla çıxış etməsinin əhəmiyyəti çox böyükdür. Lideri olduğum Milli Konqres Partiyasının mövqeyi Vətən müharibəsi başladığı gündən belə olmuşdur. Ölkəmizin hələ də bu həmrəyliyə, birliyə  ehtiyacı olduğu zaman ərzində təbii ki, bu əməkdaşlığı davam etdirəcəyik.

- Bəzi həmkarlarınız dialoq başlayandan keçən müddət ərzində artıq müəyyən nəticələrə nail olunduğunu bildirirlər. Bu sırada bəzi partiyaların qeydiyyata alınması, ofislərlə təminat, eyni zamanda, verilmiş bir sıra təkliflərin nəzərə alınaraq həyata keçirilməsi vurğulanır. Siz necə düşünürsünüz, dialoqun nə kimi nəticələri olub?

- Mənim fikrimcə, dialoqun ən böyük nəticəsi torpaqlarımızın düşmən işğalından azad edilməsidir. Xalqımızın, dövlətin, ordumuzun, siyasi partiyaların bütün gücü bu vacib məsələnin həllinə yönəlmişdi. Allaha çox şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. İndi bütün gücümüzü digər ərazilərimizə qayıtmaq, işğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsinə, abadlaşdırılmasına, şəhər və kəndlərimizin yenidən tikilməsinə yönəltməliyik. Siyasi partiyaların bu işdə hakimiyyətə verəcəyi təkliflərlə yanaşı, işdə buraxılan hər hansı nöqsanların da aradan qaldırılması üçün tənqidi fikirlərini də səsləndirməsi aparılan bu böyük proses üçün çox vacibdir.

- Siyasi partiyalar dialoq çərçivəsində müxtəlif təkliflərlə çıxış edirlər. Sizin rəhbərlik etdiyiniz partiya hansı təklifləri verib və onlardan reallaşan olubmu?

- Milli Konqres Partiyası torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı hakimiyyətə iki proqram, eyni zamanda, ölkəmizdə milli birliyin möhkəmləndirilməsi ilə bağlı bir proqram təqdim edilib. Bundan əlavə, Azərbaycanın qarşısında dayanan çətin vəzifələrin öhdəsindən gəlmək üçün hakimiyyətin və müxalifətin əməkdaşlığının vacib olduğunu təklif edən müraciətlər də təqdim olunub. Biz öz tərəfimizdən milli məsələlərlə bağlı əməkdaşlığın tərəfdarı olduğumuzu həmişə ortaya qoymuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müəyyən təkıiflərimizə hakimiyyət tərəfindən müsbət yanaşmaların olduğunu da vurğulamaq istəyirəm.

- Vətən müharibəsində iqtidar-müxalifət birliyi və bunun zəruriliyi ilə bağlı fikirlərinizi bildirdiniz. Bütün cəmiyyət də bu həmrəyliyi təqdir etdi. Necə düşünürsünüz, əldə edilmiş qələbədən sonra bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir?

- Milli məsələlərlə bağlı hakimiyyətlə müxalifətin əməkdaşlığı və həmrəyliyi çox vacib bir məsələdir. Mənim mövqeyim bundan ibarətdir ki, həm hakimiyyət, həm də müxalifət bu əməkdaşlığın davam etməsində maraqlı olmalıdır.

- Hakimiyyət tərəfindən dialoqa fərq qoyulmadan bütün partiyalar dəvət edilib. Amma bəzi siyasi dairələr, konkret AXCP imtina edib. Dialoqda iştirak edən partiyalara qarşı isə müxtəlif ittihamlar səsləndirilir. Bu mövqeyi necə qiymətləndirirsiniz?

- Hakimiyyətlə müxalifət arasında milli məsələlərdə əməkdaşlığın aparılması bütün partiyalarda eyni cür dəyərləndirilməyə bilər. Ancaq bu, partiyalarla hakimiyyət arasında dialoqu istisna etməli deyil. Məncə, AXCP-nin dialoqdan imtina etməsi partiyanın bir sıra qanuni haqlarını əldə etməsinə yardım etməyən amillərdən biri ola bilər. Uzun illər Azərbaycanın siyasi həyatında partiyaların əksəriyyətinin keçdiyi yol heç də rahat olmayıb. Biz hamımız əvvəlki müvafiq şöbənin (ictimai-siyasi şöbə nəzərdə tutulur - red.) rəhbərliyi zamanı  partiyalara qarşı edilən özbaşınalıqlar, onların siyasi proseslərə etdikləri müdaxilələri yaxşı xatırlayırıq. Hər bir partiya özünün ona qanunla tanınan hüquqlarını dövlətin təmin etməsi üçün, milli məsələlərdə həmrəyliyin qorunması üçün hakimiyyətlə dialoqun aparılmasında maraqlı olmalıdır.

- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına necə təsir göstərib?

- Partiyaların cəmiyyətdəki rolunun artması üçün onların qanunla müəyyən edilən siyasi fəaliyyətinə dövlət hərtərəfli şərait yaratmalıdır. Bu proseslə bağlı dövlətlə partiyalar arasında dialoq indi başlayıb. Lakin bunun nəticələrinin necə olacağı həm də ölkəmizdə demokratik dəyişikliklərin aparılmasından asılı olacaq. Baxaq görək, bu proseslər hara kimi davam edəcək. Əgər bu dəyişikliklər geriyədönməz bir mərhələyə qədər aparıla biləcəksə, partiyaların da cəmiyyətdəki rolunun, iştirakçılılığının artmasının şahidi ola biləcəyimizə ümid edirəm.

- Dialoq prosesinin gələcəyini necə görürsünüz? Ümumiyyətlə, bu proses hara qədər davam edəcək?

- Düşünürəm ki, dialoq daimi davam edən bir prosesdir. Çünki demokratik dövlətdə, hakimiyyətdə hansı siyasi partiyanın olmasından asılı olmayaraq təmsil etdiyi ölkənin siyasi təşkilatları ilə, onların hansı mövqedə dayanmasından asılı olmayaraq, daima dialoqda olmalı, milli məsələlərdə əməkdaşlığı qoruyub saxlamalıdır. Bu, daimi davam edən bir proses olmalıdır.

- Əvvəllər də ölkəmizdə dialoq adına müxtəlif təşəbbüslər olub. Və bu prosesdə bəzi xarici dairələr - ATƏT, ABŞ səfirliyi vasitəçilik etməyə çalışıb. Sizin fikrinizcə, kənar müdaxilə olmadan aparılan dialoqun hansı üstünlükləri var?

- Azərbaycanda bütün siyasi dialoqlar xalqımızın yaxından iştirakı ilə keçirilərsə, bu işdə bizim heç bir xarici dövlətlərin və beynəlxalq təşkilatların yardımına, müdaxiləsinə ehtiyacımız qalmaz. Bu, həm hakimiyyətin, həm də müxalifət partiyalarının demokratik dəyişikliklərə nə qədər hazır olduğumuzdan çox asılı olan bir məsələdir.

- Sizin fikrinizcə, dialoq prosesinin daha da dərinləşməsi üçün qarşıda hansı addımların atılmasına ehtiyac var?

- Dialoqun dərinləşməsi üçün düşünürəm ki, hakimiyyət tərəfindən ölkəmizin demokratikləşdirilməsi ilə bağlı yeni təkliflər paketi elan edilə bilər. Ölkə rəhbərliyinin xalqa, bütün ictimai-siyasi qüvvələrə bununla bağlı müraciəti olarsa, bu, hakimiyyətlə cəmiyyət arasında, siyasi partiyalarla dialoqu daha da dərinləşdirər. Azərbaycanın buna ehtiyacı var. Azərbaycan demokratikləşdikcə onun iqtisadi, siyasi, sosial, hərbi gücünün indikindən qat-qat artıq olacağına mən çox inanıram.

PƏRVANƏ

 





05.05.2021    çap et  çap et