525.Az

Azərbaycanın bəşəri mədəni irsə töhfəsi


 

Azərbaycanın bəşəri mədəni irsə töhfəsi  <b style="color:red"></b>

Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində bütün tarixi, mədəni, dini abidələri məhv edib. Bununla da təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni-dini irsinə böyük ziyan vurub.

Həmin ərazilərə səfər edən xarici diplomatlar, ekspertlər, deputatlar erməni vandalizminin, vəhşiliklərinin canlı şahidi olublar və gördüklərindən dərin təəssüf və təəccüblərini ifadə ediblər. Əlbəttə ki, biz işğaldakı ərazilərimizin dağıdıldığını, abidələrimizin məhv edildiyini bilirdik. Amma vandalizmin miqyasının bu dərəcədə olduğunu bəlkə də heç kəs təsəvvür etmirdi. Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı zəfərindən sonra isə həmin ərazilərimizdə dağıntıların miqyası araşdırılıb, eyni zamanda tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpasına başlanılıb.  Məlumat üçün bildirək ki, bu günə qədər Azərbaycanın Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. İşğaldan əvvəl bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə yaxın olub.

Azərbaycan azad edilmiş ərazilərdə digər dinlərə də aid olan bütün abidələrin bərpası üçün işlərə başlayıb. Bu da ölkəmizin tolerantlığının, çoxmədəniyyətli və çoxdinli olmasının daha bir göstəricidir. Ölkəmizdə müxtəlif etnik dini qruplar, millətlər tarix boyu  ənənəvi tolerantlıq, dinc şəraitdə yaşayıb. Bu gün Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Şuşada kilsənin təmirinin başlanması da dediklərimizin daha bir nümunəsidir.  Ermənilərin bu gün kilsə ətrafında hay-küy salıb, yenidən tarixi təhrif edən məlumatlar yaymağa çalışırlar.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov hələ bir müddət əvvəl məsələ ilə bağlı bildirmişdir ki,  ermənilər belə bir şayiə yayırlar ki, guya Şuşa şəhərində "Qazançılar" adlandırılan kilsə 1722-ci ildə mövcud olmuş hansısa başqa bir kilsənin bünövrəsi üzərində Naxçıvanın Qazançı kəndindən gələn ermənilər tərəfindən inşa edilib (halbuki Şuşanın əsasının 1752-ci ildə qoyulduğu inkarolunmaz faktdır və bu kilsə barədə uydurulan nağıllar erməni saxtakarlığını bariz şəkildə ortaya qoyur). O zaman belə bir sual yaranır, əgər kilsə ermənilər tərəfindən tikilirdisə, niyə erməni qriqoryan kilsəsi memarlığı üslubunda tikilmirdi? Axı, əslində ermənilərin Cənubi Qafqaza gəlişi I Pyotrun 1724-cü ilin noyabrın 10-da rəsmiləşdirilən fərmanından sonra başlanmışdı. 1828-ci il Türkmənçay sülh müqaviləsinin nəticəsi olaraq 40000 erməni, 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni Azərbaycanın Naxçıvan, İrəvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırıldılar.

Bu, onu deməyə əsas verir ki, o dövrə qədər Şuşada erməni kilsəsinin mövcudluğu mümkün deyildi. Bu və ya digər tarixi həqiqətlər ermənilərin yalan danışdıqlarını sübut edir".

F.İsmayılov əlavə edib ki, Şuşa şəhərindəki Qazançı adlandırılan rus pravoslav kilsəsinin 1887-ci ildə belə inşa edildiyi barədə arxiv sənədləri mövcuddur. Sonrakı illərdə daha bir dəyişikliyə məruz qalan rus kilsəsi mahiyyət etibarı ilə rus pravoslav kilsə memarlığının bütün qaydalarını özündə qoruyub saxlayıb.

Tədqiqatçı ekspertin bildirdiyinə görə, Qarabağda erməni kilsəsinin fəaliyyəti Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Parqev Martinosyanın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra başlamışdır. Bu fakt göstərir ki, Şuşada erməni Qriqoryan kilsəsi olmayıb.

Azərbaycan bu gün təkcə ölkə daxilində tarixi-mədəni, dini abidələri bərpa etməklə kifayətlənmir, eyni zamanda dünyanın bir sıra ölkələrində bu sahəyə öz töhfəsini verir. Belə ki, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə tarixi-mədəni, dini obyektləri bərpa etməsi Azərbaycanın ümumbəşəri irsin qorunub saxlanmasına dəyərli töhfəsidir.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanda və ölkə xaricində bu istiqamətdə mühüm işlərə imza atıb. Belə ki, Fondun dünya mədəni irsinə bəxş etdiyi töhfələr sırasında 2006-cı ildə Gürcüstanın Tbilisi şəhərində Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin - Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Həsən bəy Ağayev və Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, 2007-ci ildə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, 2008-ci ildə Luvr Muzeyinin bərpası, 2011-ci ildə İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, 2012-ci ildə Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundovun abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, 2013-cü ildə Romada Kapitolini Muzeyinin "Filiosoflar zalı"nın təmiri və digərlərini göstərmək mümkündür. Əlbəttə, görülən işlər bununla yekunlaşmır. Onlarla belə nümunələri təqdim etmək olar. Xüsusilə Vatikanda həyata keçirilən layihələr dünyanın diqqətini çəkir. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə burada tarixi əhəmiyyət daşıyan bəzi dini abidələr bərpa edilir. Xatırladaq ki, bu ilin əvvəlində Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Bununla da ölkəmizin mədəni irsini dünyada tanıdan Heydər Əliyev Fondu ilə Vatikan arasında davam edən əməkdaşlığın növbəti mərhələsinə qədəm qoyulub.

PƏRVANƏ

 





05.05.2021    çap et  çap et