525.Az

Rusiyaya qarşı yeni ittifaq


 

Rusiyaya qarşı yeni ittifaq<b style="color:red"></b>

Şərqi Avropanın əsas siyasi mərkəzi olan Varşavada beş ölkənin - Polşa, Latviya, Litva, Estoniya və Ukraynanın prezidentləri ortaq bəyannamə imzalayıblar.

Bəyannamədə deyilir ki, müasir təhlükəsizlik təhdidləri qarşısında xalqların həmrəyliyi sülhün, sabitliyin, inkişafın və çiçəklənmənin təməl daşlarıdır. Şərqi Avropanın beş ölkəsinin prezidentinin imzaladığı bəyannamədə diqqət çəkən bir neçə məqam var. Birincisi, dövlət başçıları təhlükəsizliklərinin ümumi xarakter daşıdığını qeyd edirlər. İkincisi, prezidentlər Avropa sivilizasiyasını təmsil etdiklərini, buna görə də azadlıq, suverenlik, ərazi bütövlüyü, demokratiya, qanunun aliliyi, bərabərlik və həmrəylik kimi dəyərləri bölüşən xalqlar və ölkələr üçün Avropanın açıq olmalı olduğunu vurğulayıblar.

Bəyannamə müəllifləri bu addımlarının kimə qarşı yönəldiyini açıq mətnlə qeyd etməsələr də, bu sənədin Rusiyaya qarşı yönəldiyi aydındır. Məlum olduğu kimi, Ukrayna ilə Rusiya arasında müharibə təhlükəsi mövcuddur. Rusiya Ukraynanın ərazisinin bir hissəsini ilhaq edib. Bir neçə gün öncə Rusiya Ukrayna ilə sərhəddə 100 min ordu cəmləşdirərək Kiyevi yeni hərbi müdaxilə ilə təhdid etmişdi. Rusiya ilə Polşa, Latviya, Litva və Estoniya arasında da münasibətlər gərgindir. Latviya, Litva və Estoniya bir neçə gün öncə Çexiya ilə həmrəylik göstərərək Rusiya diplomatlarını arzuolunmaz şəxs elan etmişdilər. İndi də bu üç Baltikyanı ölkə Ukrayna ilə həmrəylik göstərir.

Bəyannamənin Varşavada imzalanması isə belə qəanət yaradır ki, bu ideya ABŞ-la da razılaşdırılıb. Çünki Polşa hazırda Avropada ABŞ-ın ən yaxın müttəfiqi hesab olunur. Çox böyük ehtimalla, ABŞ Polşanın təşkilatçılığı ilə beş dövlətin birgə əməkdaşlıq bəyannamə imzalamasını Ukraynanın Avroatlantik məkana inteqrasiyasının başlanğıcı kimi görür. Bu bəyannamədən sonra Polşa, Latviya, Litva və Estoniya Ukraynanın NATO və Avropa Birliyinə üzvlüyü üçün lobbiçilik edəcək. Beş dövlətin birgə bəyannaməsinin "Beşlər ittifaqı"na çevriləcəyi gün də uzaqda deyil.

Aydın görünür ki, Rusiyanın Qərb sərhədlərində ona qarşı yeni ittifaq yaranır. Bu ittifaq Rusiyanın Ukraynaya qarşı təzyiqlərinin qarşısını almaqla yanaşı, Moskvanın Belarusdakı mövqelərini də sarsıdacaq.

Beş ölkənin birgə bəyannamə imzalaması ilə yanaşı, ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı vahid cəbhə formalaşdırması haqqında "The Economist" dərgisinin məlumatını da nəzərə alanda, ölkəmizin də yerləşdiyi regionda yeni geosiyasi vəziyyətin yaranacağını söyləmək olar.

 





05.05.2021    çap et  çap et