525.Az

Xalça Muzeyi silsilə onlayn tədbirlər hazırlayır


 

Xalça Muzeyi silsilə onlayn tədbirlər hazırlayır<b style="color:red"></b>

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi "Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış"dır.

Azərbaycan Milli Xalça Muzeyi koronavirus təhlükəsini nəzərə alaraq, bu il də Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə tədbirlərlə qeyd edəcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, belə tədbirlərdən biri mayın 18-də, saat 19:00-da muzeylər arasında ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən keçiriləcək "Nə? Harada? Nə zaman?" intellektual oyunudur. "Zoom" proqramı vasitəsilə, Azərbaycan dilində baş tutacaq oyunda 20 komanda iştirak edəcək və oyun muzeyin rəsmi feysbuk səhifəsindən canlı olaraq yayımlanacaq. Qeyd edək ki, iştirakçılara ünvanlanacaq sualların mövzusu incəsənət sahəsini əhatə edəcək, o cümlədən, dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı olacaq.

İntellektual və yaradıcılıq imkanlarını sınamaq istəyən hər kəs oyuna qatılmağa dəvətlidir. Bunun üçün təqdim olunan bu link vasitəsilə qeydiyyatdan keçmək lazımdır: https://form.jotform.com/211223719513448

İştirakçı komandaların sayı məhduddur, ona görə də qeydiyyatdan keçən ilk 20 komanda iştirak haqqı qazanacaq, digər komandalar gözləmə siyahısında yer alacaq.

 





05.05.2021    çap et  çap et