525.Az

Fikrətin səsi - Anar


 

Fikrətin səsi - <b style="color:red">Anar </b>

Elə bil dünən idi. Opera teatrında hansısa yığıncaqda çox, çox cavan Fikrət Qoca gur səslə, təkrarsız ifa tərziylə, təkrarsız “Vals” şeirini oxuyur.

İlk dəfə Fikrətlə o gün tanış olduq və o, 60 ildən artıq bir müddətdə ən sədaqətli, ən etibarlı dostum oldu.
Fikrət şair kimi də nadir idi, insan kimi də, dost kimi də, şeirləriylə poeziyamıza yeni bir ruh, yeni mövzular, ritmlər, intonasiyalar gətirdi. Ən ciddi mətləblərdən yazdığı şeirinə belə incə, mülayim bir yumor çaları qatırdı.
İnsan kimi elə bil dünyaya insanlara ancaq yaxşılıq etmək üçün, kiminsə, kimlərinsə qayğısına qalmaq üçün, kiməsə yardım əlini uzatmaq üçün gəlmişdi. Heç bir şəxsi maraq, mənfəət onu inandığı və getdiyi dürüst yoldan sapdıra bilməzdi.

Dost kimi ən çətin anlarda, insan xisləti ağır sınaq qarşısında duranda əyilmirdi, sınmırdı, yaxasını kənara çəkmirdi. Ona ədalətsiz hücum edənlərə belə kin saxlamırdı. Dostla dost, düşmənlə... yox, düşməni yox idi, heç kəsə düşmən gözüylə baxmırdı. Ağır xəstəliklər keçirdi, amma mətanətlə bütün ağrılara dözərək, Qarabağın azad olacağı mübarək günü gözlədi. Və nə yaxşı ki, o günü gördü, dünyadan nisgilli getmədi.

Hələ çox-çox illər bundan qabaq Heydər Əliyev Moskvada yüksək vəzifədəykən ağır xəstələnmiş Fikrətin ən yüksək peşəkar həkimlər tərəfindən müalicəsini təmin etdi. Faktiki olaraq şairə ikinci ömür bağışladı. Fikrət də bu “qazanc həyatı” şərəflə yaşadı, Ulu öndərə dərin minnətdarlıqla ömür sürdü və Prezident xəstə olarkən nəcabətin bariz örnəyi kimi, “Yaşa, Prezidentim, yaşa” mahnısının sözlərini yazdı.

Yazıçılar Birliyinin rəhbərliyində, növ-növ problemlərlə, təzyiqlərlə, tələblərlə rastlaşanda öz xeyri naminə, yerini şirin salmaqçün heç bir güzəştə getmirdi, hər məqamda əsl kişi kimi davranırdı.

Mərd kişilər haqqında şeirinin “Mərd kişi” qəhrəmanı elə özüydü.

Neyləməli, dünya fani dünyada, bir gün gələn, bir gün gedəsidir. Amma insan kimi yaşayan, şərəfli şair adına layiq ömür sürən, dostun güvəndiyi və dosta güvənən bir şəxsiyyət kimi Fikrət Qocanın şeirimizdə də, gündəlik həyatımızda da yeri həmişə görünəcək. Yerində qalan boşluğu həmişə hiss edəcəyik.

Fikrət Qocanın şeirimizdən gələn gur səsi həmişə qulaqlarımızda səslənəcək.

Əlvida Fikrət, dostum, qardaşım, məsləkdaşım, işdaşım, könül həmdəmim.

Ailəsininin, dostlarının başı sağ olsun, şeirimizin başı sağ olsun. Xalqımızın başı sağ olsun.

 





05.05.2021    çap et  çap et