525.Az

Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri ilə görüşüb - Yenilənib


 

Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri ilə görüşüb - <b style="color:red">Yenilənib</b>

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən 525.az-a verilən xəbərə görə, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə rəsmi səfəri çərçivəsində baş tutan bu görüşdə nazirlər öncə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparıblar.

Həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov mövcud səfərin iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi baxımından əlverişli imkan yaratdığını qeyd edib. Ölkələr arasında mövcud olan möhkəm tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir David Zalkaliani qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Gürcüstan Baş naziri ilə Azərbaycan Respublikası Prezidenti arasında olduqca məhsuldar görüşün keçirildiyini qeyd edən nazir Zalkaliani, ölkələr arasında mövcud olan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcəkdə dərinləşdirilməsinin əhəmiyyətini bildirib. O, Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini qətiyyətlə vurğulayıb, öz növbəsində Azərbaycanın da Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi xüsusilə qeyd edib.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, mövcud əməkdaşlıq imkanları, dövlətlər arasında münasibətlərin normallaşdırılması üçün yaranan unikal vəziyyət, habelə üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər, Ermənistanın üçtərəfli bəyanatın həyata keçirilməsinə maneə törədən davranışı və revanşist bəyanatları, bu xüsusda Azərbaycanın mövqeyi barədə həmkarını məlumatlandırıb.

Nazirlər mövcud yeni reallıqlar fövqündə qarşılıqlı fəaliyyətin uyğunlaşdırılmasının önəmini qeyd ediblər. Tərəflər, həmçinin ikitərəfli gündəliyə daxil olan məsələlər, o cümlədən iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

saat 16:35

Xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan-Gürcüstan nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir.

525.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.

***

saat 16:07

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun gürcüstanlı həmkarı David Zalkaliani arasında təkbətək görüş başlayıb.

525.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında məlumat verilib.

 





05.05.2021    çap et  çap et