525.Az

2051 hektar ərazi mina və PHS-dən tam təmizlənib


 

2051 hektar ərazi mina və PHS-dən tam təmizlənib<b style="color:red"></b>

"44 günlük müharibə zamanı yerli sakinlər tərəfindən daxil olmuş çağırışlar əsasında, həmçinin işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması məqsədilə minatəmizləmə əməliyyatlarına start verilib".

525.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib.

O bildirib ki, bu zaman yerli sakin tərəfindən daxil olan 3000-ə yaxın çağırış nəticəsində 1000-dən yuxarı PHS aşkar edilib.

"10 noyabrdan sonra işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına start verilib. Hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin təmizlənməsi həyata keçirilir. Bu günə kimi aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və PHS-dən tam təmizlənib. Əməliyyatlar zamanı 18 648 mina və PHS tapılıb və zərərsizləşdirilib. İ. İsmayılov qeyd edib ki, bugünədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb: "10 km uzunluğunda Suqovuşan avtomobil yolu, həmçinin elektrik xətləri üzrə Füzulidən Hadrut istiqamətində 37 kilovoltluq elektrik xətti, Fuzuli-Şusa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib. Hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir. Bura dəmiryolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Agdam dəmiryolu xətti, Fuzuli-Zəngilan xətlərinin təmizlənməsi həyata keçirilir. O cümlədən, Füzuli-Şusa avtomobil yolunun təmizlənməsi davam etdirilir. 2-3 gün ərzində Zəfər yolu tam olaraq təmizlənərək təhvil veriləcək". İdris İsmayılovun sözlərinə görə, digər istiqamətlərdə də tədbirlər davam etdirilir.

“Kənd təsərrüfatı istiqamətində artıq 4 milyon kvadratmetrdən çox ərazi təmizlənib".

O bildirib ki, həmin ərazilər daha çox Zəngilan, Qubadlı və Ağdam rayonlarını əhatə edir:

"Bir neçə istiqamətdə isə təmizləmə əməliyyatları davam etdirilir. Həmçinin təməli qoyulan Zəngilan aeroportunda 7.6 hektar ərazi mina və PHS-dan təmizlənib. O cümlədən Zəngilanın I Ağalı kəndi ərazisində 1000 hektar ərazinin partlayıcı qurğulardan təmizlənməsinə başlanılıb və artıq 10 hektara yaxın ərazi tam olaraq təmizlənib. Qalan ərazi isə bu ayın sonu, ən geci gələn ayın əvvəli tam təmizlənib təhvil veriləcək".

Şöbə müdirinin sözlərinə görə, bu müddətdə mina hadisələri də qeydə alınıb:

"Agentlik tərəfindən müdaxilə edilərək təxliyənin həyata keçirilməsi, yaralıların və həlak olmuş şəxslərin ərazidən götürülməsi istiqamətində 20 mina hadisəsi qeydə alınıb. Bunlar Ağdam, Füzuli, Cəbrayıl və Tərtər istiqamətində qeydə alınıb. İnsanlara bir daha müraciət edərək, işğaldan azad olunmuş ərazilərə getməmələri, qaydalara riayət etmələri tələb olunur".

"Humanitar minatəmizləmə əməliyyatları hava şəraitinə uyğun olaraq həyata keçirilir"

O bildirib ki, mayın əvvəlinə kimi Kəlbəcərdə qar örtüyü humanitar minatəmizləmə əməliyyatlarını həyata keçirməyə imkan vermədiyinə görə həmin ərazilərdə heç bir əməliyyat həyata keçirilməyib:

"Lakin Daşkəsəndən Kəlbəcər istiqamətində çəkiləcək elektrik və nəqliyyat xətlərinin keçdiyi ərazilərdə ilkin olaraq müəyyən işləri görülüb. Hazırda hava şəraiti digər qurumlara da infrastrukturun bərpası, nəqliyyat, rabitə xətlərinin çəkilməsinə imkan vermədiyinə görə Agentlik tərəfindən daha prioritet sahələrdə əməliyyatlar davam edir. Təbii ki, hava şəraiti imkan verdikdən sonra digər qurumların sifarişi ilə birgə həmin ərazidə təmizləmə əməliyyatlarına start veriləcək".

 





06.05.2021    çap et  çap et