525.Az

"Hindistanda yoluxma sayının artması bizi də narahat edir"


 

"Hindistanda yoluxma sayının artması bizi də narahat edir"<b style="color:red"></b>

“Keçən ildən başlayaraq ÜST tərəfindən koronavirus pandemiyası elan olunub və bu davam edir”.

525.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Y. Qarayeva bildirib ki, dünyada bu xəstəlik səbəbindən həyatını itirənlərin sayı 3 milyondan çoxdur:

“Son dövrlər Hindistandakı yoluxma sayı bizi narahat edir. Bunu çox narahatlıqla izləyirik. Hindistanda hər gün yoluxma və ölüm saylarında rekordlar qırılır. Artıq rəsmi olaraq təsdiq olunub ki, Hindistanda virusun yeni mutasiyası qeydə alınıb. Mutasiyalar viruslara xas olan prosesdir. Hələ ki, Hindistanda aşkarlanan mutasiya və ştammın xəstəliyin ağırlaşmasına səbəb olması ilə bağlı araşdırmalar yoxdur. Azərbaycanda da bunu aşkarlamaq üçün testlər aparılır. Ancaq hələ buna rast gəlinməyib. Yeni məlumat olsa, açıqlama verəcəyik”.

“Ən çox yeni yoluxmanı noyabr və dekabr aylarında görürdük. Bu zaman aparılan testlərdə 30 % pozitiv nəticələr var idi”.

Y. Qarayeva bildirib ki, yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesi başlayıb:

“Bundan sonra yoluxma maksimum 2000-2500-ə çatdı. Bu gün biz kəskin karantin rejiminə getmədən sosial həyatda bəzi aktivlikləri saxlayaraq, yoluxma sayında enmələr müşahidə edirik. Yoluxma əmsalı 10 %-ə yaxınlaşır. Bu, çox yaxşı vəziyyətdədir. Bu gün Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır”.

“Pandemiyanın ilk günlərindən bu günə qədər koronavirusa yoluxmanın yaş qruplarında vəziyyət dəyişməyib”.

O qeyd edib ki, qadın və kişilər arasındakı bölgü də dəyişməyib:

“Ən çox yoluxma qadınlarda rast gəlinir. Rayonlarda bu gün diqqəti cəlb edən heç nə yoxdur, vəziyyət stabildir. Bakıda Binəqədi və Xətaidə yoluxmalar hər zaman yüksək olub. Bu gün ölkəmizdə epidemioloji vəziyyət stabildir. Karantin şəraiti və vətəndaşlarımızın qaydalara əməl etməsi bizi bu məqama çatdırıb”.

 





06.05.2021    çap et  çap et