525.Az

Mütəfəkkir şair - Yazı


 

Mütəfəkkir şair - <b style="color:red">Yazı </b>

Dünya şöhrətli şair, bir sıra elmlərin bilicisi Nizami Gəncəvi haqqında çoxsaylı kitablar, elmi məqalələr yazılıb.

N.Gəncəvinin xələfi Ə.X.Dəhləvi şairin yaradıcılığını belə qiymətləndirir:

Nizami hər sözü demiş birinci
Qoymamış cilasız qalsın bir inci.

Təsadüfi deyil ki, Nizami Gəncəvinin əksər misraları aforizmə çevrilib:

İncitək sözlər seç az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.

Söz mülkünün sultanı N.Gəncəvinin qələmindən süzülən dərin məzmunlu fikirlər bizə həyatın sirlərini açır. Dahi ədib dövrünün bir sıra elmlərinə vaqif olub və biliklərini insanlara poeziya vasitəsi ilə çatdırıb. Onun yaradıcılığında elm ilə bilik vəhdət təşkil edir. O, peşəkarlıq haqqında belə deyir:

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Böyük mütəfəkkir əksər qapıların yalnız elmlə, yüksək zəka ilə insanların üzünə açıldığını bu fəlsəfi fikirlərlə çatdırır:

Qüvvət elmdədir başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.

N.Gəncəvinin bədii irsi bitib-tükənməyən bir xəzinədir. O, yaşadığı dövrün tarixini, zəngin və çoxcəhətli mədəniyyətini dərindən öyrənib, bunları əsərlərində yüksək sənət nümunəsi kimi əks etdirib. Ədəbiyyatşünas alim F.Köçərlinin dediyi kimi: "Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir".

Nizaminin əsərlərində astronomiya, riyaziyyat, fəlsəfə, kosmologiya, həndəsə, tibb, ilahiyyat, musiqi, təbiətşünaslıq və digər elmlərlə bağlı məqamlara rast gəlinir. O,  həmçinin, qüvvə mənbəyinin Allah olduğunu bildirir:

Bəli, hər bir bilici başa düşür ki,
Dolananı bir dolandıran var
Qarı arvadın dolandırdığı çarx (cəhrə) ilə
Dolanan çarxı (fələkləri) müqayisə et

Burada N.Gəncəvi bir hədisdən bəhrələnib. Yuxarıdakı misralarda şair oxuculara çatdırır ki, "Allahın varlığına necə inanırsan?" - deyə qarıdan soruşurlar O, əlini cəhrədən çəkib deyir ki, bu cəhrəni fırladaramsa, o, hərəkətə gələcək, deməli, bu dünyanı da  hərəkətə gətirən bir qüvvə var.

N.Gəncəvi haqlı olaraq bəşəriyyətin cazibə, eşq üzərində qurulduğunu söyləyir:

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin?!
Eşqsiz olsaydı xilqətin canı
Dirilik sarmazdı bütün cahanı.

Nizami bəzi məqamlarda həm dini, həm də elmi baxımdan qaranlıq məsələlərə aydınlıq gətirməyə çalışır:

Maqnit əgər aşiq olmasaydı,
O, şövqlə dəmiri necə çəkə bilərdi.

Sovet imperiyası dönəmində bu kimi fikirlər söyləmək dini fanatizm kimi qiymətləndirilirdi. Onun fəlsəfəsi dar çərçivəyə sığmır, ümumbəşəri sevgini ehtiva edir. Ona görə də İlahi sevgini əsas götürən dühanın əsərlərinin əksər misraları hikmət, mərifət mənbəyinə çevrilir.

Həbibə ƏLİYEVA
AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı

 





06.05.2021    çap et  çap et