525.Az

Aşıq Ələsgər poeziyasının satira və yumor naxışları - Araşdırma


 

Aşıq Ələsgər poeziyasının satira və yumor naxışları - <b style="color:red">Araşdırma </b>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" 18 fevral 2021-ci il tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 fevral 2021-ci il tarixli Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi ulu ozan Aşıq Ələsgərin zəngin irsinə dövlət tərəfindən göstərilən diqqət və qayğının parlaq ifadəsidir.

Aşıq Ələsgərin yaradıcılığı mövzu-məzmun, janrlar baxımından o qədər rəngarəngdir ki, XIX əsr Azərbaycan həyatının mühüm ictimai-siyasi hadisələrinin bədii əksini, o cümlədən, yumoristik-satirik təqdimatını orada görə bilirik. Filologiya elmləri doktoru, professor Kamran Məmmədov "XIX əsr Azərbaycan şeirində satira" monoqrafiyasında Aşıq Ələsgərin yaradıcılığından da satiranın müxtəlif janrlarına dair nümunələr verir, maraqlı təhlil və müqayisələr apararaq sonda belə bir nəticəyə gəlir: "Aşıq şeirinə qısaca bir səyahət də, orada satiranın necə də zəngin və nə səpkidə olduğunu təyin etməyə imkan verir. Əlbəttə, XIX və XX əsr Azərbaycan satirasının təsirləndiyi mənbələrdən biri olmaq etibarilə, aşıq şeirini daha dərindən öyrənməyə, tədqiq etməyə ehtiyac vardır. Bu qeydlər göstərir ki, Azərbaycan şifahi ədəbiyyatının müxtəlif janrlarında təzahür edən satiranın özünəməxsus zəngin xüsusiyyətləri vardır".

Akademik İsa Həbibbəyli uzun zaman ərzində apardığı müşahidələrə əsasən, satiranın yüksək səviyyədə inkişafını, rəngarəngliyini nəzərə alaraq ədəbi növ hüququ qazandığını və "Satira ədəbi növ kimi" məqaləsində onun konkret olaraq hansı janrları əhatə etdiyini xüsusi olaraq vurğulayır: "Fikrimizcə, satirik ədəbi növ aşağıdakı satirik-yumoristik janrlar qrupunu əhatə edir: təmsil, felyeton, həcv, qaravəlli, taziyanə, parodiya, şarj, bəhri-təvil, hərbə-zorba, şikayətnamə, kuplet və sair".

Aşıq Ələsgərin yaradıcılığının əsas dövrünün təsadüf etdiyi zaman - XIX əsrin II yarısından sonrakı dövr Azərbaycan, rus və Avropa ədəbiyyatında satira xüsusi bir canlanma ilə inkişafa başlamış, XX əsrin əvvəllərində satirik "Molla Nəsrəddin" jurnalı ilə isə öz inkişafının zirvəsinə çatmışdı.

Satiranın həcv və hərbə-zorba janrlarına ümumən aşıq ədəbiyyatında olduğu kimi, Aşıq Ələsgər yaradıcılığında da rast gəlirik. Qüdrətli söz ustadı nə qədər gözəllik, təbiət və vətən aşiqi olsa da, bütün bu anlayışları insandan və onun yaşadığı zəmanədən ayrı təsəvvür eləmir. Bəzən sırf hansısa real bir gözəlin tərənnümü ilə başlayan şeir sonrakı bəndlərdə tamamilə ictimai-siyasi bir mövzuya keçir, bəzən də müxtəlif mövzulu əsərlərində həm də gözəlin tərifi, yüksək mənəviyyatı, zəngin daxili aləmi öz bədii ifadəsini tapır. Həm klassik Azərbaycan ədəbiyyatı, həm də zəngin el ədəbiyyatı ilə yaxından bağlı olan Aşıq Ələsgərin həcvləri də janrın dar çərçivəsinin hüdudlarına sığmır, daha çox ictimai məzmunlu satiralar kimi müəyyənləşir. Aşıq olmaq istəyənlərə "Gərəkdi" rədifli qoşmasında ustadın verdiyi məsləhətlərdən biri də xalqa həqiqətləri anlatmaq, onları baş verən hadisələrdən xəbərdar etməkdir. Aşıq Ələsgər yaradıcılığının bu istiqamətini daşıdığı ideya və mövzu dairəsi baxımından  bir neçə qrupa ayırmaq olar: sırf ictimai və siyasi məzmuna malik olanlar; yalnız öz şəxsi mənfəəti üçün çalışan bəzi yalançı din xadimlərinin ifşası; ailə-məişət mövzusunda qələmə alınanlar; aşıqlıq sənəti ilə bağlı yazılan həcv və hərbə-zorbalar.

Aşıq Ələsgərin "Bu yerdə tapılmaz", "Çıxıbdı", "Düşərsən", "Dönübdü", "Gəlsin" başqa ictimai məzmunlu həcvlərində XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan xalqının güzəranı, siyasi-tarixi hadisələr, ayrı-ayrı zümrələrin davranışlarının real mənzərəsi canlandırılıb. Bu şeirlərdə sadə xalqın nümayəndəsi olan aşıq özünü əzilən kütlənin dərd-sərindən, bitib-tükənməyən problemlərindən ayrı təsəvvür belə edə bilmir və xalqın düşmənləri olan yerli və yadelli vəzifəliləri söz atəşinə tutur.

Bioqrafik məlumatlardan bilirik ki, kəndin zülmkar kovxası tərəfindən "qamçıda belinin qatı çıxan"lardan biri də aşığın oğlu Əbdüləzim olmuş, bu səbəbdən də digər oğlu Bəşir kovxanı yaralayıb qaçmış, aşığın qardaşı Xəlil və Əbdüləzim təqsirli bilinib həbs edilmişdi. Aşıq Ələsgər çox çətinliklə Tiflisə getdikdən sonra onları azad etdirə bilmişdi. Şeirdə xalqın amansız düşmənləri olan zümrələr, Xaqani Şirvaninin sözləriylə desək, şeytana uyan, bəndə yox, "şərməndə" sayılan şəxslər bir-bir sadalanır. Digər bir şeirində bu sıranı daha da genişləndirir, ədalətsiz xanlar, acları doyurmayan zənginlər, oruc tutub namaz qılmamaqla kifayətlənməyib mələkləri dar ağacından asdıran din xadimləri, abır və həyası olmayan kişilər və qadınlar tənqid olunur. Sonda aşıq müqəddəs dinin qaydalarından imtina edən bu kimi "şərməndə"lərin olduğu bir ölkədə onun dərdlərinə dərman, yaralarına məlhəm olmayacağını təəssüflə dilə gətirir

Yalançı din xadimlərinin ifşası onun ictimai məzmunlu satirik şeirlərində də yer alıb. Sırf bu mövzudakı həcvlər isə neştərləyici, qamçılayan tənqidi mahiyyəti, kəskinliyi ilə diqqəti cəlb edir. Aşıq Ələsgər təkcə mollaları deyil, digər dinlərə mənsub "ruhani"ləri də dini kəlamları öz mənafeləri naminə saxtalaşdırmaqda, din pərdəsi altında əxlaqa sığmayan hərəkətlər etməkdə, dinin haram buyurduqlarını özləri icra edib başqalarına qadağan etməkdə, yəni bir sözlə müqəddəs dinə xəyanətdə, ikiüzlülükdə, yaltaqlıqda, etibarsızlıqda qınayır:

İslama haramı halal bilərsiz,
Şəriətdən kənar mətləb dilərsiz.
Əskik danışarsız, artıq gülərsiz,
Namus, qeyrətiniz, arınız olmaz.

Aşıq Ələsgərin ailə-məişət mövzusundakı yumoristik şeirləri daha çox islahedici xarakteri ilə, yüngül istehza və zarafat yolu ilə yazılması ilə diqqəti cəlb edir. Bu şeirlərin bəziləri əməkçi insanların məişət problemlərini bədii ədəbiyyata gətirmək məqsədi daşıyır. Dövrün ziddiyyətli və ağır güzəranı bir yandan, digər yandan da ziyanvericilər kasıbın maddi durumunun daha da pisləşməsinə səbəb olurdular. Aşıq Ələsgərin "Birə", "Pişik" şeirləri bu problemlərin aradan qaldırılması arzusuna istiqamətlənən nümunələrdir. "İnsanların həyatını zindana döndərən, alagöz gəlinlərin zər libasını doğrayan, gen dünyanı insanlara dar edən, insanların canını boğazına yığan" siçanların əlindən dad-fəryad edən aşıq o gəmiricilərə qənim kəsilən Pişiyi tərifləyir, onun "ədəbini, kamalını, aslan kimi caynağını" mədh edir və hər bir naz-neməti ona layiq bilir, hətta xanım ona xələt də bağışlayır.

Aşıq Ələsgərin "Xəbərin varmı?", "Qohum bildik", "Qız sevən oğlan", "Düşmüşəm", "Salamatdı", "Məhəmməd" şeirləri də ailə, qohum münasibətlərindən bəhs edən yumoristik nümunələrdir. Deyilənlərə görə, məclislərini apardığı evlərdə, düyünlərdə söylədiyi gözəlləmələrlə məşhur olan Aşıq Ələsgərin arvadı Anaxanım ondan tərif istəyib, aşıq isə onu tərifləmək əvəzinə zarafatla birinci şeiri söyləyib. Bundan inciyən Anaxanım küsüb atası evinə gedib, aşıq onun könlünü alıb geri qaytarmaq üçün xeyli əziyyət çəkib. Bu hadisə bütün təfsilatı ilə "Anaxanımın küsməyi" adlı dastan-rəvayətdə öz əksini tapıb. 

Ustadın sırf aşıqlıq sənəti ilə bağlı yazılan həcv və hərbə-zorbalar da aşığın bu janrlardakı məharəti və etika qaydalarını gözləməsi, vulqarizmlərə bədii əsərlərində yer verməməsi, məşhur atalar sözü və məsəllərdən istifadə ilə rəqibini sözlə qamçılaması ilə səciyyələnir. "Bir şair çıxıbdı Yekəallardan", "Danışma", "Düşərsən", "Gəlsin", "Olsun", "Şair Nağı" kimi şeirlər ustad aşığa həcv yazan "aşıq və ya şair"lərə cavab olaraq deyilib və onların sözün-sənətin sirlərinə bələd olmadan özlərini öymələri tənqid edilib. Öz xeyrini və şərini anlamayan, elmi, biliyi, istedadı Aşıq Ələsgərlə müqayisəyə belə gəlməyən belələrinə qarşısındakı insanı yaxşı tanımaq və daha sonra deyişməyə qoşulmaq, ya da həcv yazıb göndərmək tövsiyə edilir. Əks təqdirdə:

Tökərəm hörməti, götürrəm sazı,
Şişər başın, bu mahala sığışmaz.

Yaxud:

Soyaram libasın, allam sazını,
Yal-quyruğu yoluq yola düşərsən.

Bu şeirlərdə ustad özünün, əslində, qovğa, dalaş tərəfdarı olmadığını, yeri gələndə də mübahisə meydanına da igid kimi tək çıxmaq lazım gəldiyini, başqa məsələləri, el-obanı, milli məsələləri şəxsi münasibətlərə qarışdırmaq gərəkmədiyini, ədəb-ərkan qaydalarını hər zaman gözləməyi tövsiyə edir:

... Bir adamsan, bir adama namə yaz,
Mahalı incidib, eldən danışma! 

... Kalman çarıq bizə adəti-nasdı,
Müsəlmana "persoy" deyən xənnasdı.
Ulağın eşşəkdi, yükün girbasdı,
Əbrü ətlaz, tirmə şaldan danışma!

Bütün bunlardan müəyyən qədər aydın olur ki, satira və yumor, bu sahənin tədqiqatçılarının da vaxtilə qeyd etdikləri kimi, folklorda olduğu qədər, onun bir qolu olan aşıq ədəbiyyatında da bir-birindən fərqli mövzu və janrlarda təzahür edir. Bunu biz XIX əsr aşıq ədəbiyyatının aparıcı nümayəndəsi Aşıq Ələsgərin yaradıcılığında da bütün rəngarəngliyi və yeniliyi, zənginliyi, yüksək bədiiliyi ilə müşahidə edirik. XIX əsr və XX əsr Azərbaycan satirik şeirinin qaynaqlandığı mənbələrdən biri olan ustad Aşıq Ələsgərin şeirlərinin bu baxımdan araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Çünki Aşıq Ələsgər yaradıcılığında təkcə lirik deyil, satirik məzmunlu şeirlər də  həm ideya-məzmunu, həm də sənətkarlığı baxımından mühüm çəkiyə malikdir. 

Aygün ORUCOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
(AMEA Naxçıvan Bölməsi)

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





06.05.2021    çap et  çap et