525.Az

Kamal Abdulla: "Fikrət Qocanın şeirləri, nəğmələri əbədi olacaq"


 

Kamal Abdulla: "Fikrət Qocanın şeirləri, nəğmələri əbədi olacaq"<b style="color:red"></b>

Xalq şairi Fikrət Qocanın vəfat xəbərini böyük kədərlə qarşıladım. Fikrət Qoca orijinal yaradıcılığı olan gözəl şair kimi hər zaman sevilib və dəyərləndirilib. İlk yaradıcılığa başladığı vaxtdan ömrünün son günlərinə qədər Fikrət müəllimin poeziyasına son dərəcə böyük maraq, diqqət olub və əlbəttə, oxucularla bərabər dövlətimiz də onun xidmətlərini yüksək dəyərləndirib.

Fikrət müəllimin imzası Azərbaycan musiqisinə bir-birindən gözəl nəğmələr qazandırıb. Şəfiqə Axundovanın, Emin Sabitoğlunun, Tofiq Quliyevin, Ramiz Mirişlinin, Oqtay Kazıminin və başqa bəstəkarlarımızın  onun şeirlərinə bəstələdiyi mahnılar Azərbaycan musiqisinin qızıl fondunda saxlanılır, bu gün də dillər əzbəridir.

Fikrət Qoca gözəl orijinal şair olmaqla bərabər, həm də təvazökar insan idi. Onunla ünsiyyətdə olanlar Fikrət müəllimin bu keyfiyyətini hər zaman xüsusi qeyd ediblər.

Fikrət Qocanın haqq dünyasına qovuşması Azərbaycan ədəbiyyatı üçün, bizim poeziyamız üçün böyük itkidir. Cismən bizim aramızda olmasa da, onun şeirləri, nəğmələri əbədi olacaq.

Ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

Fikrət Qocanın işıqlı xatirəsi qəlbimizdə həmişə yaşayacaq!

 





06.05.2021    çap et  çap et