525.Az

Yeriniz çox görünəcək... - Anım


 

Yeriniz çox görünəcək... - <b style="color:red">Anım </b>

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca dünən vəfat edib.

Azərbaycanın tanınmış ədəbiyyat və mədəniyyət adamları dünyasını dəyişmiş Xalq şairi ilə bağlı sosial şəbəkələrdə öz təəssüratlarını bölüşüblər.

Onlardan bəzilərini oxuculara təqdim edirik.  

Vaqif Yusifli, təndiqçi:

- Bu gün səhər eşitdiyim acı xəbər məni sarsıtdı. Şeirlərini sevə-sevə oxuduğum böyük şairimiz Fikrət Qoca vəfat etdi.

Ölüm də, olum da, bunlar bir yana
Bu adi qanunu mən də danmıram.
Şair nəğmə kimi gəlir cahana,
Nəğmə ölümünə mən inanmıram.

Təxminən 50 ildir onu tanıyırdım. Son 30 ildə isə dostlaşmışdıq. Mən onun yaradıcılığı haqqında 2 kitab yazmışam: "Ürəyimi sərdim günəşə" və "Fikrət Qoca-70". Bu kitablarda Fikrət Qocanın işıqla, günəşlə, həyat sevgisi ilə dolu şeirlərini təhlil etmişdim.

Çıxart ürəyini
           günəşə sər
                səhər-səhər.

İndi hər səhər günəşə baxacaq və Fikrət Qocanı anacağam. Mən şair ölümünə, nəğmə ölümünə inanmıram. Allah rəhmət eləsin, ruhu şad olsun böyük şairimizin. 

Vaqif Bəhmənli, şair:

- İndicə xəbər tutdum ki, böyük şair, yaxşı insan, əsl dost və qardaşımız FİKRƏT QOCA haqqın dərgahına qovuşub... Azərbaycan mədəniyyəti, ədəbiyyatımız və xalqımız üçün ağır itkidir. Qələm dostlarıma, ustad şairin ailəsinə, övladlarına, doğmalarına hüznlə başsağlığı verir, Allah rəhmət etsin deyirəm.

Orxan Fikrətoğlu, yazıçı:

- Atamın yadigarı, adaşı Fikrət Qocanı itirdik. Ölüm o qədər yaxınlaşıb, adiləşib ki,  adam heç bilmir nə etsin. Yaxınların hər gün virtual ölüm xəbərləri gəlir. Yaşa-zada baxmır. Bəlkə, AXİRƏT belə olur? Mən qardaşım daxil son günlərdə rəhmətə gedənlərin öldüyünə inanmıram. Elə bilirəm, bu "mirət" pandemiya bitəndən sonra onlar diriləcək. Bu, bir oyundur.

Amma əsl həqiqət odur ki, Azərbaycan doğrudan da dəyişdi. Mən indi yaşayanların çoxunu tanımıram. Onlar da çox güman ki, Fikrət Qocanı tanımırlar.

Düz deyirlərmiş, dünyamız dəyişib. Rəhmətə gedənə də belə deyirlər.

Bəlkə, biz hamımız dünyamızı dəyişmişik?.. 

Xeyrəddin Qoca, yazıçı:

- Əziz Fikrət müəllim, Sizin bu dünyanı tərk etməyiniz məni sarsıtdı! Tez-tez Sizinlə telefonda danışardıq. Bir həftə əvvəl səs-sorağınız çıxmadığı üçün nigaran oldum. Zəng etmək istəyirdim ki, evə "Ədəbiyyat qəzeti" gəldi, şeirlərinizi gördüm, narahatçılığım keçdi... Gərək son dəfə səsinizi eşidəydim...

Biz böyük insanı, böyük şairi itirdik. Heyif Sizdən! Allah rəhmət eləsin. Ailə üzvlərinizə dərin hüznlə başsağlığı verirəm. Rahat uyuyun, böyük sənətkar... 

Günel Anarqızı, yazıçı:

- Görünür, əsl şair yer üzündən əbədi köçəndə təbiət də buna etinasız qala bilmir. O da etirazını bax bu cür - aləmi dağıdaraq göstərir. Bu gün təbiət onu ömrü boyu ölməz əsərləriylə vəsf edən Şair üçün bu cür ağlayır... Həzin-həzin yox, məhz aləmə haray çəkərək...

Fikrət əmi, Allah sizə rəhmət eləsin!

Bu dünyada yeriniz çox görünəcək... 

Fərid Hüseyn, şair:

- Xalq şairi Fikrət Qoca vəfat edib. Allah rəhmət eləsin. Hələ gənclik illərində yazdığı şeirlərdən birində sevgilisinə xitabən belə deyirdi:

Soyun qara paltarını,
mən öləndə geyərsən.

Bu misraları xatırlayanda Fikrət müəllimin vəfalısı - həyat yoldaşı Rəhilə xanım xatirimdə canlandı. Onunla müsahibəmi təkrar paylaşıram.

Ağalar Bayramov, Əməkdar artist:

- Xatirəsi mənim üçün həmişə əziz olan, Fikrət müəllim! 2004-cü ilin noyabr ayında qələmə aldığınız "Cənnətdən qovulanlar" adlı poemanız mənim bədii qiraət sənətimdə çox mühüm rol oynadı, milyonlarla pərəstişkarımın ruhunu oxşadı.  O poemanız mənim dilimdən Muğam teatrında, Dövlət Flarmoniyasında, telekanallarda və nəhayət, Moskvada Mərkəzi Ədəbiyyat evində səsləndı. Sosial şəbəkələrdə isə ona yazılan müsbət şərhləri oxuyub qurtarmaq olmur.  Baxış sayı və paylaşmalar isə sonsuzdur! Bu, sizin qələminizin qüdrətidir! Mən isə sadəcə olaraq Allahın mənə verdiyi səsimi o misralara qatmışam...  Və sizin poeziyanız mənim repertuarımda  xüsusi yer tutur: "Oğul istəyir...", "Ərkəc", "Təpər istəyir", "Qorxuram", "Yanğın salmaq istəyirəm...",  "Yalançı Məhəmməd",  "Sonra da deyirik ki..." , "Uzaq şərqin səmalarında Cavidi anarkən", "Yazıq Musa", "Dədə Qorqud", "Məhəbbət", "Risk", "Qaçqın gəlinə" və s.  Allah sizə rəhmət eləsin, əziz qardaşım Fikrət Qoca!

 





06.05.2021    çap et  çap et