525.Az

Energetika Nazirliyi Yaponiya şirkəti ilə müqavilə imzalayıb


 

Energetika Nazirliyi Yaponiya şirkəti ilə müqavilə imzalayıb<b style="color:red"></b>

Prezident İlham Əliyevin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında müqavilə imzalanıb.

Nazirlikdən 525.az-a bildirilib ki, müqavilə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpaolunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində sahə üzrə beynəlxalq təcrübə araşdırılacaq, işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişaf və əhalinin məskunlaşmasından asılı olaraq enerjiyə tələbat və enerji təchizatı ssenariləri, bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyası, enerji effektivliyi, nəqliyyat, şəhərsalma, tullantıların idarə edilməsi, ağıllı şəbəkələr, yaşıl maliyyələşdirmə və sair kimi məsələlər əhatə olunacaq.

Qeyd edək ki, 1960-cı ildə təsis olunmuş “Tepsco” şirkəti 90-dan çox ölkədə layihələr həyata keçirib və "yaşıl enerji" sahəsində beynəlxalq təcrübəyə malikdir. Şirkət tərəfindən Yaponiya, Vyetnam, Malayziya, İndoneziya, Braziliya və Tailandda “ağıllı şəhər” layihələri çərçivəsində “yaşıl həllər” təklif edilib.

Şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, Azərbaycan Respublikasının enerji sektorunun sahəvi təhlili və digərlərini qeyd etmək olar.

Xatırladaq ki, 2021-ci il mayın 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 





06.05.2021    çap et  çap et