525.Az

"Azərbaycanda Rektorlar Konfransı" layihəsinin təqdimat mərasimi keçirilib


 

"Azərbaycanda Rektorlar Konfransı" layihəsinin təqdimat mərasimi keçirilib<b style="color:red"></b>

4-6 may Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində qalib gəlmiş “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) layihəsinin onlayn formatda təqdimat mərasimi keçirilib.

525.az-a verilən məlumata görə, 2021-2023-cü illərdə gerçəkləşəcəyi nəzərdə tutulan bu layihənin ümumi hədəfi milli inkişaf strategiyalarına uyğun olaraq, rektorlar konfransı vasitəsilə universitetlər və  digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

ECAR layihəsində ADMİU da daxil olmaqla, 15 Azərbaycan və o cümlədən, Fransa, İsveç, Belçika, Litva, Polşa Universitetləri və Rektorlar Konfransları iştirak edəcəkdir.

Açılış mərasimində Təhsil Nazirliyinin rəhbərliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, Magna Charta müşahidə qrupu, Avropa Universitetləri Birliyi, Fransa Beynəlxalq Təhsil Mərkəzi, Belçikanın Avropa İdarəetmə İnkişafı Qurumu, Erasmus+ Azərbaycan ofisinin rəhbərliyi, Təhsil Nazirliyinin Keyfiyyət Təminatı Agentliyi, İspaniya, Polşa, Fransa, Portuqaliya, Litva, Finlandiya Rektorlar Konfransının rəhbərliyi və səlahiyyətli nümayəndələri, ölkəmizdə akreditə olunmuş ABŞ, Polşa, Fransa, Litva səfirliklərinin fövqəladə və səlahiyyətli səfirləri və nümayəndələri, layihə konsorsiumunun üzvləri olan İsveçin Kral Texnologiya İnstitutu, Litvanın Mikolas Romeris Universitetinin professor-müəllim heyəti, Azərbaycanın 15 universitetinin rektorları və rəhbər şəxsləri, eləcə də, digər nüfuzlu mötəbər qonaqlar iştirak ediblər.

Tədbirdə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Tədris işləri üzrə prorektor, professor Validə Məmmədova, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva, Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva, Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Sara Timurova və Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinin müdiri Nizami Əsədov iştirak edib.

Mərasimi Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov giriş sözü ilə açdıqdan sonra təhsil nazirinin müavini Firudin Qurbanov, layihənin koordinatoru Gülşən Bayramova, Erasmus Plus ofisinin rəhbəri Pərviz Bağırov, Avropa Komissiyasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Avropa Universitetlər Birliyinin, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya Rektorlar Konfransının nümayəndələri də Rektorlar Konfransına dair faydalı fikirlərini və təcrübələrini bölüşüblər.

Tədbirin son hissəsində Azərbaycan Universitetlərinin rektorları çıxış ediblər.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova da öz növbəsində çıxış edərək, layihəni yüksək qiymətləndirdiyini və Rektorlar Konfransının beynəlxalq səviyyədə yeni qarşılıqlı fəaliyyət forması kimi faydalı olacağına inandığını vurğulayıb. Rektor bildirib ki, 2023-cü ildə 100 illik yubileyini qeyd edəcək Universitet üçün bu layihədə iştirak həm Azərbaycan Universitetləri ilə, həm də xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil aparan xarici tərəfdaşlarla sıx əməkdaşlığın genişlənəcəyinə gətirib çıxara bilər. 

 





06.05.2021    çap et  çap et