525.Az

“Qədim Culfa” kitabının təqdimatı olub


 

“Qədim Culfa” kitabının təqdimatı olub<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və tarix elmləri doktoru Abbas Seyidovun həmmüəllifliyi ilə nəşr olunan “Qədim Culfa” kitabının təqdimatı keçirilib.

525.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublikada elm adamlarına göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən kitab məhz bu qayğının nəticəsidir.

Akademik söyləyib ki, “Qədim Culfa” kitabı tanınmış alim Vəli Baxşəliyev və Abbas Seyidovun uzunmüddətli tədqiqatlarının bəhrəsidir. Əsər həm elmi əhəmiyyəti, həm də zövqlü tərtib xüsusiyyətlərinə görə fərqlənir. Kitabda verilən rəngli fotoşəkil və qrafik təsvirlər elmi faktların  oxucular üçün daha anlaşıqlı olması üçün xüsusilə faydalıdır.

Vurğulanıb ki, Vəli Baxşəliyev arxeologiya sahəsində həm nəzəri, həm də praktiki cəhətdən dərin biliyə malikdir. O, Naxçıvan ərazisində aparılan beynəlxalq və respublika əhəmiyyətli ekspedisiyaların əsas icraçısı olmuş, arxeologiyamızın yeni elmi faktlarla zənginləşdirilməsində misilsiz xidmətlər göstərmişdir. Təcrübəli arxeoloqun aşkar etdiyi elmi yeniliklər sayəsində ədəbiyyatlarda mövcud olan bir sıra faktların əslində daha da qədim dövrlərə məxsus olması təsdiqlənmişdir. V.Baxşəliyev Naxçıvan ərazisində ən qədim insanların yüz min illər əvvəl yaşadığını, Oğlanqala yaşayış yerinin tarixən Urartu dövlətinin tərkibində olmadığını, əksinə bu dövlətə qarşı fəal mübarizə apardığını sübuta yetirmişdir. Dünyada mədən üsulu ilə duz çıxarılan ən qədim abidənin Naxçıvanda mövcudluğu, I Kültəpə abidəsinin qədim Neolit dövrü abidəsi olması və başqa mühüm əhəmiyyətə malik tarixi faktların aşkara çıxarılması, beynəlxalq elmi ictimaiyyətə çatdırılması məhz professor Vəli Baxşəliyevin yorulmaz fəaliyyətinin müvəffəq nəticəsidir.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Azərbaycan arxeologiya elminə dəyərli töhfə” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, “Qədim Culfa” kitabı mündəricat, ön söz, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Kitabın ön səhifələrində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 11 fevral 2014-cü il tarixli “Culfa rayonundakı “Əlincə qala” tarixi abidəsinin bərpa edilməsi haqqında” və 7 oktyabr 2015-ci il tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamlarının mətnləri verilmişdır.

Kitabın “Culfa rayonunun arxeoloji cəhətdən öyrənilməsi tarixindən” adlı I fəslində müəlliflər rayondakı abidələrin ötən əsrdən başlayan arxeoloji öyrənilmə tarixi haqqında məlumat vermiş, tarixi faktların aşkarlanmasında mühüm xidmətləri olmuş arxeoloqların fəaliyyətini diqqətə çatdırmışlar.
Məruzəçi söyləyib ki, kitabın ikinci fəsli “Culfa rayonunun arxeoloji, tarixi və memarlıq abidələri” adlanır. Burada müəlliflər Xornu, Nəhəcir, Ağsal, Berdi, Zoğala, Dəmirli, Çola, Kolasu, Qazançı, İlandağ, Üçtəpə, Boyəhməd kimi qədim yaşayış yerləri,  qəbir abidələri, qalalar, türbələr, pirlər, körpü, karvansara başqa tikililər haqqında dəqiq və sistemli məlumat vermişlər.

“Qədim köç yolları və mədəni əlaqələr” adlı üçüncü fəsildə isə Culfa rayonu ərazisinin qədim türk ellərinin yurd adları ilə zəngin olması faktına diqqət çəkilir. Sadalanan toponimlərin izahı oxuculara təqdim olunur.
Kitabın nəticə hissəsində tədqiqatlardan əldə edilən elmi nailiyyətlər ümumiləşdirilmiş, tariximiz, arxeologiyamız üçün yüksək önəmə sahib faktlar əks olunmuşdur. Kitab Azərbaycan və dünya arxeologiya elminə yeni layiqli bir töhfədir.

Təqdimat mərasimində Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli və institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək, kitabın Azərbaycan və dünya arxeologiya elmi üçün önəmindən bəhs ediblər. Vurğulanıb ki, əsərdə Culfa rayonu ərazisində aparılan arxeoloji qazıntılar xronoloji ardıcıllıqla sistemləşdirilib, əldə olunan nəticələr arasında təhlillər aparılıb. Müəlliflər tərəfindən burada mövcud olan qədim dövr abidələri ilə yanaşı orta əsr abidələrinin də bütünlükdə tədqiqata cəlb olunması, onların morfoloji, tipoloji təhlili əsərin gələcək tədqiqatçılar üçün faydalı elmi mənbə olduğuna dəlalət edir.

Sonda çıxış edən müəllif Vəli Baxşəliyev alimlərə göstərilən qayğıya və kitabın nəşrinə olunan dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Qeyd edib ki, yaradılan hərtərəfli şərait muxtar respublika alimlərini gələcəkdə də elmə daha sədaqətlə xidmət etməyə sövq edir.

 





06.05.2021    çap et  çap et