525.Az

Əziz Şuşa, sən azadsan! - Münasibət


 

Əziz Şuşa, sən azadsan! - <b style="color:red">Münasibət</b>

8 may Azərbaycan tarixi üçün illərlə ən ağır, ən sarsıdıcı günlərdən biri olub. 1992-ci il 8 may tarixində hər bir azərbaycanlı üçün böyük mənəvi dəyəri olan, hər bir azərbaycanlının qürur, şərəf mənbəyi, Azərbaycan xalqının simvolu  Şuşa düşmən tərəfindən işğal edildi. 30 ilə yaxın ərazilərimizin 20 faizini işğalda saxlayan Ermənistan bu illər ərzində Şuşanın işğalı ilə öyünüb, bunu "böyük qələbəsi" hesab edib.

Yəqin ki, ötən il bu gün - Şuşanın işğalının növbəti ildönümünü anarkən 2021-ci ildə artıq Şuşanın azad ediləcəyini, Şuşanın daha işğal tarixinin olmayacağını  heç kim düşünə bilməzdi. Doğrudur, illərlə aparılan danışıqlar Bakının səbrini tükətmişdi, Ermənistan imitasiya xatirinə danışıqlar aparır,  hərbi təxribatlar həyata keçirirdi. Bakı tərəfindən düşmənə dəfələrlə xəbərdarlıq edilib, amma deyəsən, qarşı tərəf ciddiyə almayıb. Növbəti belə hərbi  təxribatı  - 29 sentyabr 2020-ci ildə həyta keçirən düşmən layiqli cavabını aldı. Və məhz həmin gün bizi böyük Qələbəyə aparacaq Vətən müharibəsi başladı.

Şuşanın azad edilməsi xəbərini Ali Baş Komandan İlham Əliyev elan edən gün bütün xalq sözlə ifadə edilə bilməyəcək sevinc içində idi.

Noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər. Daha sonra dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox", - Prezident müraciətində bildirdi.

Dövlət başçısı əlavə etdi ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir: "Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır".

Ölkə rəhbəri daxildəki həmrəyliyin, milli birliyin, vahid amal uğrunda birləşməyin dövlətimizə əlavə güc gətirdiyini və bunun bəzi mənfur xarici dairələrin öz çirkin planlarını Azərbaycanda həyata keçirməsinə imkan vermədiyini əlavə edib: "Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi".

Dövlət başçısının bu xoş xəbəri - Şəhidlər xiyabanında xalqa verməsi də təsadüfi deyildir: "Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq".

Prezident eyni zamanda,  Ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiyini bildirdi: "Mən Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"

Nəhayət dövlət başçısı, Ali Baş Komandanın  nitqinin son cümlələri hər bir azərbaycanlını qürurlandırmaqla yanaşı, həm də sevinc göz yaşlarına qərq etdi:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bəli, bu gün azad Şuşa dirçəlir. Artıq digər azad olunmuş torpaqlarımız kimi, Şuşada da bərpa, tikinti işləri aparılır. Şuşaya yol çəkilir, tarixi, dini abidələr bərpa olunur. Şuşaya yeni nəfəs gəlib. Bir daha Şuşanın işğal günü olmayacaq, 8 noyabr tarix olacaq - Şuşanın əbədi azad olduğu gün.

PƏRVANƏ

 





07.05.2021    çap et  çap et