525.Az

Avrodeputatlar erməni terroruna əsir düşüb... - Sosial şəbəkədə yazılanlar


 

Avrodeputatlar erməni terroruna əsir düşüb... - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Bahəddin Həzi, jurnalist:

- Avropa Parlamentinin 121 deputatı Avropa Komissiyasının sədrinə və Avropa İttifaqının sədrinə müraciət göndərib. Erməni "əsir"lərin qaytarılmasının Azərbaycandan tələb olunmasını istəyib.

Mənim həmkarlarım haqlı olaraq sual edir: Birinci Qarabağ müharibəsində erməni tərəfin əsir və girov götürdüyü 4000 azərbaycanlı Avrodeputatların yadına niyə düşməyib?! Həm də 27-30 il boyunca. Bu sual ritorikdir; cavabı bəllidir.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən tutmuş ayrı-ayrı missiyalara qədər, BMT-dən ATƏT-ə, Avropa İttifaqından Avropa Şurasına... qədər bütün Qərb təsisatları bu 4000 civarında insanın əsir və girov olduğunu bilirdi. Və susurdu. O, insanların ən amansız işgəncələrə məruz qalmasından tutmuş ən ağır, zərərli və alçaldıcı işlərdə işlədilməsinə qədər, daxili orqanlarının çıxarılıb satılmasından tutmuş fiziki və mənəvi təhqir olunmasına qədər məlumatları var idi. Ancaq özlərini görməməzliyə vururdular. Və hələ də buna davam edirlər.

Azərbaycan bu illər ərzində əsir və girovların "hamının hamıya" prinsipi ilə dəyişdirilməsini təklif və təkid edirdi. Avropanın bundan da xəbəri var idi; bu məsələ rəsmi danışıqlar masasında, beynəlxalq təşkilatlarda qaldırılırdı. Ancaq Qərb siyasətçiləri bunu "eşitmirdi".

Fikir verdinizsə, söhbət minlərlə azərbaycanlı əsir və girovdan gedir. Girov qisminə ayrıca diqqət edək: əsir hərbi qulluqçulardan olur, girov isə mülki şəxslərdən. Həm də minlərin tam çoxluğu girovlardır. Yəni dinc əhali. Deməli, erməni tərəf (arxasındakı güclərlə birlikdə) Azərbaycan ordusundan da daha çox Azərbaycan xalqına qarşı müharibə aparıb. Avrodeputatların görməli olduğu birinci gerçək budur.

İkinci gerçək: girov götürmək terrorçuluğun əsas əlamətidir. Yəni Ermənistan dövləti terror təşkilatı kimi davranıb. Onu dəstəkləyənlər isə terroru və terrorçuluğu dəstəkləmiş olublar. Terrorçu ilə eyni zehniyyəti bölüşüblər. Bu arada Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini verməkdən yayınır. O ərazilərdə o minalardan təkcə hərbçilər zərər çəkmir; orda mülki şəxslər, təbii ki, hərbi kontingentin sayından qat-qat daha çox olacaq. Avrodeputatlar erməni "əsir"lərin hayına qalmaqdansa, əvvəlcə bu minalanmış xəritələri Ermənistandan tələb etməli, Azərbaycana verilməsində israrlı olmalı idilər.

Üçüncü gerçək: müharibə Azərbaycanın ərazisində gedib. Ermənistan əsgəri Azərbaycan ərazisində nə gəzirdi ki, onu "əsir" götürələr?! Bu sual da ritorikdir. İşğalçı əsgərin başını kim sığallayır ki?! Bunlardan Avropa deputatlarının xəbərsiz olması da mümkün deyil.

Avrodeputatlar "əsir"lərin buraxılmasını istəyir. Ancaq müharibə dayanandan, Ermənistan kapitulyasiya edəndən sonra Azərbaycan ərazisində Azərbaycan ordusu və əhalisi əleyhinə təxribat-diversiya əməliyyatları aparmış Ermənistan əsgərlərini "əsir" adlandırmaq ən azı savadsızlıq, əslində isə riyakarlıqdır. Belə çıxır ki, Avrodeputatlar özləri erməni məkrinə, erməni yalanına, bir sözlə, erməni terroruna əsir düşüb.

Hazırda ABŞ və Avropa ölkələri Rusiyanın diplomatlarını dəstə-dəstə qovur. Niyə?! Həmin ölkələrin əleyhinə kəşfiyyat əməllərinə yol verməkdə şübhəli bilinirlər. Necə olur ki, kəşfiyyat əməllərində şübhəli bilinən diplomat cəzalandırıla bilər, amma kəşfiyyat-diversiya əməliyyatı aparan silahlı erməni hərbçilərinə "gözün üstündə qaşın var" deyilməz?! Hətta buna da baxmayaraq, Azərbaycan onsuz da bir neçəsini özü təhvil verib. Və bunu Avrodeputatların müraciətindən əvvəl edib. Bu arada Avrodeputatlar erməni hərbçilərin taleyindən belə narahatdırsa, yaxşı olar ki, hazırda Qarabağın dağlıq hissəsində qalmış və ya gizli, yarımgizli yollarla gəlmiş Ermənistan əsgərlərinin oradan tez bir zamanda və tam heyətdə çıxarılmasını da tələb etsin. Bir müraciəti də Ermənistan rəhbərlərinə yazsınlar. Bir zəhmət! 

Aslan İsmayılov, hüquqşünas:

- Bu gün peyvənd olunmağımla bağlı yazıma olan şərhlərə görə bir daha bu mövzuya qayıtmaq istədim. Ən dəhşətlisi də odur ki, ömründə bir kitab, qəzet oxumayanlar məni hansısa oyunda iştirak etməkdə günahlandırırlar. Ömürlərini cadugərlərə, mollalara etibar edənlər dünya mütəxəssislərinin rəyini şübhə altına alıb "ağıllı-ağıllı" məsləhətlər də verirlər. Dünyada Nobel mükafatçılarının ən azı yarısını təşkil edən yəhudilərin vətənində hamı peyvəndləndi və artıq rahat gəzə bilirlər. Almaniyada vaksinlərin çatışmazlığından dünyaya iqtisadi inkişafın nə olduğunu göstərən almanlar 2 min avro xərc çəkib Moskvaya peyvənd olunmaq üçün uçurlar, Azərbaycanda isə peyvənd olunmamaq üçün rüşvət verib saxta arayış alırlar. Bundan sonra da hər gün karantin rejiminin sərtliyindən, xəstəxanalarda yer qıtlığından şikayətlənirlər. Allah rəhmət eləsin Mirzə Ələkbər Sabirə!

Dindirir əsr bizi, - dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz!

Günay Quluzadə, Səhiyyə Nazirliyinin nümayəndəsi:

- Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda da istifadə olunan Sinovac (Çin istehsalı) peyvəndi ilə bağlı araşdırmanın nəticəsini paylaşıb. Peyvəndin hər 2 dozasını almış adamlarda 14 gün sonra qoruyuculuğu 67 %-ə malikdir. Ortalama hər 3 adamdan 2-də xəstəxanaya yatış 85 %-ə qədər hallarda azalır. Reanimasiyaya yatışlar 89 %-ə qədər azalır. Ölüm halları 80 %-ə qədər azalır.

Taleh Şahsuvarov, jurnalist:

- Azərbaycan Qarabağ uğrunda 44 gün çəkən İkinci savaşda qalib gəldi. Amma bu qələbənin bir də arxa planda intellektual qəhrəmanları var. Bax, o qəhrəmanlardan biri tarixçi alim Ülviyyə Hacıyevadır. Həyatda heç zaman rast gəlmədiyim bu görkəmli alimi tədqiqatlarına görə tanıyıram. Qarabağın alban xristian əhalisinin deetnizasiyasının son mərhələsi üzrə tarixi-etnoqrafik səpkidə ciddi araşdırmalar aparıb. Yaxşı deyiblər, biz nə etmədik bu vətən üçün, kimimiz şəhid olduq, kimimiz nitq söylədik. Ülviyyə xanım - bir daha deyirəm, təsadüfən qarşılaşsaq, tanımaram - bu vətən üçün çox ciddi tədqiqatlar aparıb. Lütfən tanıyanlar varsa, mənim salam və ehtiramımı çatdırsın dəyərli alimə. PDF arxivimdə bir kitab axtardım, xeyli araşdırması çıxdı deyə, bunları yazmağı özümə borc bildim.

 





07.05.2021    çap et  çap et