525.Az

"Veteran", yoxsa "qazi"? - Münasibət


 

"Veteran", yoxsa "qazi"? - <b style="color:red">Münasibət </b>

Həyat inkişaf edir, hadisə və proseslər tez-tez dəyişir. Həyatımıza daxil olan bu və ya digər proseslər hər halda yeni və müasir yanaşmalar tələb edir. COVİD-19 virusunun həyat tərzimizi, dünya görüşümüzü və baxışlarımızı sürətlə dəyişən və bizi yeni qaydalar əsasında yaşamağa məcbur edən mühüm proses kimi dəyərləndirilə bilər. Yalnız təsəvvürlərdə və xəyallarda dolaşan, bəzən ağıla sığan və ya sığmayan məsələlər artıq günümüzün reallıqlarına çevirilib. Sovet İttifaqının dağılması, müstəqil dövlətimizin yaranması, ərazilərimizin düşmən xalq tərəfindən işğal olunması, otuz ildən çox işğal altında saxlanması, artıq tarixi reallıqlardır. 27 sentyabrda ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin tarixi çağırışı da heç vaxt görmədiyimiz, eşitmədiyimiz, lakin ömür boyu yaddan çıxmayan tarixi reallıqdır.

Son illər bizim istəyimizdən asılı olmayaraq, həyatımızda və həyat tərzimizdə baş verən dəyişikliklər mühüm ifadə vasitəsi olan dilimizdə də istər-istəməz müəyyən dəyişikliklərə rəvac verib. Biz bu dəyişiklikləri kor-korana qəbul etməliyikmi, yaxud baş verənlərə yaradıcılıqla yanaşmalı, təhlillər aparmalı, ən məqbul variantı seçib qəbul etməli, daha məqbul istiqamətə üstünlük verməliyik. Biz azərbaycanlıyıq, bizim öz milli-mənəvi və elmi dəyərlərimiz, dilimiz var, biz onu sevməli və qorumalıyıq. Bu baxımdan son illər tez-tez istifadə edilən "qazi" istilahına hazırda aydınlıq gətirilməsinə zərurət yaranıb. Heç şübhəsiz, bu sözə əvvəllər ədəbi dilimizdə nadir hallarda rast gəlmək olardı, son illər isə mənasına, məzmununa, ifadə yükünə əhəmiyyət verilmədən bu sözdən geniş istifadə etməkdə haqlıyıqmı? Bəziləri haqsız, əsassız olaraq özlərinə "qazi" deməklə qürur duyurlar, özlərini az qala "qəhrəman" hesab edirlər. Çalışaq məsələyə ümumi axın konteksində yox, ədalətli və obyektiv aydınlıq gətirək.

Azərbaycan dilinin izahlı lüğətinə görə ərəb mənşəlli "qazi" sözü müsəlmanlarda dini məhkəmə işlərinə baxan rühaniyə, şəriət hakiminə deyilir. Başqa bir mənbədə isə din yolunda düşmənə qarşı müharibə edərək qalib gələn şəxslərə "qazi", bu yolu həyat tərzi, bir peşə kimi ifadə etmək üçün isə "qazilik" istilahı işlədilib. Şəhid olanlara "qazi" deyərdilər. "Tarix terminləri lüğəti"nə görə, müsəlmanların kafirlərə qarşı apardıqları müqəddəs müharibələrin - qəzavatların iştirakçılarına "qazi" deyilməsi qəbul edilib. Bəzi ölkələrdə sərhədləri mühafizə edən və ya xalq üsyanlarının yatırılmasınada iştirak edənlərə də "qazi" deyilir. "Məktəblinin alınma sözlər lüğəti"nə görə isə, dini müharibədə döyüşən, cihad edən, qalib gələn şəxslərə "qazi" deyilir. Bəzi müsəlman ölkələrində hərbi sərkərdələrə də "qazi" deyə müraciət edirlər. Türkiyə Cümhuriyyətində isə bizim işlətdiyimiz mənada müharibə veteranları "qazi" adlandırırlar. Zənnimcə, müstəqillik illərindən sonra dilimizdə istifadə edilən "qazi" sözü, hər şeydən əvvəl dilimizə Türkiyə Cümhuriyyətinin hərbi terminlər lüğətindən götürülməklə istifadə edilir. Halbuki son dövrlərə qədər baş verən müharibələrdə döyüş zamanı yaralanan şəxslərə tarixən "müharibə veteranı" deyə müraciət edilirdi. Məsələn, 1941-1945-ci illər müharibəsinin iştirakçılarına bir qayda olaraq "Müharibə veteranı" kimi müraciət edilir (bax "Veteranlar haqqında" qanun). Tanınmış ərəbşünas alim Nəriman Qasımoğlu məsələyə aydınlıq gətirərək yazır ki, "şəhid" sözünün dini məzmunu olsa da, "qazi" sözünün heç bir dini məzmunu yoxdur. Çünki ərəb dilində "qəz" sözü, "işğal edən şəxs", "işğalçı" mənasını ifadə edir. "Uduzan ordunun yaralanan əsgərinə də "qazi" demək olarmı?" sualını cavablandıran alim bildirir ki, ancaq qələbə halında, hansısa torpağı gedib tutduğun zaman, sən "qazi" ola bilərsən. "Sözün məna tutumunda, informativ yükündə "işğal edən", "tutan" sözü var.

Təəssüf ki, bizim dilçilər, əsassız olaraq ərəb dilində olan bəzi sözlərin əsl mənasından kənarlaşmalara yol verirlər və sözün məna yükünü nəzərə almırlar. "Şəhid" sözünün dini mənasına da toxunan Nəriman Qasımoğlu bildirir ki, sözün mənası "şahidlik" etmək, ilahinin qüdrətinə şahidlik etmək, onun dəyərlərinə, varlığına, təkliyinə, dəlillərinə və s. şahidlik etmək mənasını ifadə edir. Tək Vətən yolunda yox, elə alim öləndə də, ona "şəhid oldu" deyirlər. Peyğəmbərin kəlamlarından birində də var ki, qiyamətdə alimin qanı şəhidin qanından üstündür. Təkcə döyüş səhnəsində yox, öz şərəfini, evini qoruyan şəxs də həlak olduqda, əslində, o, "şəhid" hesab olunmalıdır. "Azərbaycan dilinin izahlı lüğəti"nə görə, yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən, ölən şəxsə "şəhid" deyilir. Yüksək amal, əqidə, məslək yolunda canını fəda etmək, həlak olmaq, ölmək, nəticə etibarilə "şəhid olmaq" mənasını verir. Bu söz elə indi də eyni mənanı ifadə edir və heç bir mübahisə yaratmır. "Qazi" kəlməsinin kökü isə yuxarıda qeyd edildiyi kimi, müsəlmanlıqla bağlıdır. Düşmən təcavüzünün qarşısının alınmasında iştirak edən döyüşçülərin Vətən qarşısında müstəsna xidmətləri nəzərə alınaraq, "şəhidlik zirvəsinə ucalmaq" kimi ifadələr işlədilir. Əslində isə, dilimizdə "qazi" sözü, əvvəllər "veteran" sözü kimi işlədilmişdir. Bu söz beynəlxalq səviyyədə qəbul olunmuş və qədim tarixi kökə malik olan hərbi termin olmaqla, dünyanın onlarla ölkəsində bir termin olaraq qəbul edilir, belə vəziyyətdə onun "qazi" sözü ilə əvəz edilməsinə heç bir zərurət yoxdur. Tarixə müraciət edək: "Veteran" sözü öz etimaloji mənbəyini qədim Romanın hərb tarixindən götürsə də, o, artıq beynəlxalq səviyyəli termin olaraq çox sayılı dövlətlətlərdə eyni ilə işlədilir. Bu, milli səviyyədə də özünə vətəndaşlıq qazanmışdır. "Qocaman əsgər", "təcrübəli döyüşçü", "ağsaqqal", "yaşlı hərbçi" və s. bu kimi mənaları ifadə edən "veteranus" sözü, latın dilində "qoca" mənasını ifadə edir. Dünyanı fəth edən qədim Romanın müharibə tarixində, hərbi xidmətini başa vurmuş döyüşçülərə "veteran" adı verilməklə, bu söz həm də böyük səfərbəredici mahiyyət daşıyırdı. Hələ Yuli Sezarın "Dəmir döyüşçülər" adlandırdığı "veteranlar legionları", xüsusi hərbi bacarığı və şücaəti ilə fərqlənən peşəkar hərbçilərə latın dilində "veteranus" deyilirdi. Belə şəxslər İtaliyada, qədim Romada köləlikdən azad edilir və onlara vətəndaşlıq hüququ verilirdi. Təsadüfi deyil ki, Roma İmperatorluğu, dünya tarixində ilk dəfə olaraq, belə şəxslərin sosial təminatının ən yüksək formada həll edilməsi ilə tarixə düşmüşdür. Orduda döyüşmək və qalibiyyəti təmin etmək - Böyük Roma İmperatorluğu vətəndaşlarının, Vətən qarşısında dayanan ən mühüm və şərəfli vəzifəsi hesab olunurdu. Bütün İmperiyanın tarixi mövcudluğu dövründə daim fəaliyyətdə olan "Roma veteranları" - nəhəng dövlətin monolit birliyinin məhək daşı hesab olunurdu. Məhz bunun nəticəsində də hələ e.ə. 1-2 ci əsrlərdə Roma Respublikasında peşəkar ordu və peşəkar donanmanın yaradılması, onun tarixi qələbələrinin əsasında dayanırdı. "Veteran" adlandırılan təcrübəli əsgərlər və onların ailə üzvləri, İmperiya qanunları əsasında bütün vergilərdən və öhdəliklərdən azad olunur, onlara vətəndaşlıq statusu verilir və onlar öz valideynlərinin əmlaklarına varislik hüququ əldə edirdilər. Hətta veteran övladları atalarının daşıdığı statusdan bəhrələnərək, yeni Roma ordusunun əsas heyətini təşkil edirdi. Qay Yuli Sezar e.ə. 45-44-cü illərdə yüz minə qədər veteranı İtaliyada və onun ən yaxşı koloniyalarında yerləşdirməklə ölkədə həm də "veteran" adını şöhrətləndirmiş oldu. Onların çoxu öz dövrü üçün ən qiymətli nemət hesab edilən - mülk torpaqlarla mükafatlandırıldılar. Belə əsaslarla formalaşdırılan Roma ordusu, dünyanın ən döyüşkən və qalib ordusu kimi tarixə düşmüşdür. Beləliklə, "veteran" sözü uzun tarixi bir dövr ərzində "fədəkar döyüşçü" mənasını ifadə etməklə, dünyanın müxtəlif dövlətlərində və xalqlarının dilində tətbiq olunmuş və bu gün də edilməkdədir.

Qeyd edilməsi zəruridir ki, ölkəmizdə "Veteran hərəkatı" daim diqqətdə saxlanılmış və zaman-zaman təkamül prosesi keçmişdir. 3 iyun 1956-cı ildə keçmiş Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi böyük rəşadətlər və igidliklər göstərərək, nəinki SSRİ-ni, habelə bütün Avropanı faşizm bəlasından xilas etmiş müharibə veteranlarını bir təşkilatda birləşdirmək təşəbbüsü ilə 29 sentyabr 1956-cı ildə "Sovet Müharibə Veteranları Komitəsi"ni təsis etdi. Sonradan digər veteranların da (əmək veteranı və s.) həmin təşkilatda birləşməsi təmin edildi və müttəfiq respublikalarda da onun nümayəndəlikləri təsis olundu. Bir maraqlı faktı da diqqətə çatdırmağı vacib hesab edirəm ki, indi bir çox ölkələrdə veteranların sosial problemlərinin həllində ciddi narahatçılıqlar olsa da, müharibədən sonrakı illərdə SSRİ büdcəsinin hər il 35%-ə qədəri, ümumilikdə ölkənin sosial və mədəniyyət sahəsindəki problemlərinin, o cümlədən, veteranların problemlərinin həllinə sərf edilirdi. Buna görə də illər keçdikcə "Veteran hərəkatı" daha böyük vüsət aldı, genişləndi və yeni-yeni səhifələrlə zənginləşdi. Xüsusilə faşizm üzərində qələbənin 20 illik yubileyinin keçirilməsi və veteranlara göstərilən diqqət daha da inkişaf etdirildi. Gənclər bütün İttifaq miqyasında tarixi yürüyüşlər keçirir və ölkənin inkişafında fəallıq göstərirdilər. Bu yürüşlər içərisində "Brest qalasına tarixi yürüş" xüsusilə qeyd edilməlidir. Tarixçilər qeyd edirlər ki, "Brestin məhşur meydanında, bütün ölkə veteranları adından, qalanın tarixi müdafiəçiləri, yürüş iştirakçıları olan gənclərə, simvolik olaraq qəhrəman qalanın açarını təqdim etdilər. "Brest qalasının mövcud olduğu bütün tarixi dövr ərzində, ilk dəfə olaraq onun müdafiəçiləri, bu əfsanəvi darvazanın açarını gənclərə etibar etdilər". Çox maraqlıdır ki, qəhrəman "Brest" qalasının tarixi açarını" SSRİ gənclərinin nümayəndəsi, gənc toxucu Valentina Kondratiyevaya Azərbaycan məktəblisi İlham Əliyev (hazırkı Prezidentimiz) təqdim etdi. Fikrimcə, bu gün ölkə Prezidenti, cənab İlham Əliyevin Azərbaycan veteranlarına göstərdiyi xüsusi qayğı və diqqət də məhz həmin dövrdən başlanmışdır. İttifaq miqyasında geniş vüsət almış "Veteran hərəkatı" 21 mart 1987-ci ildə Azərbaycan Respublikasında Veteranlar Təşkilatının birinci qurultayında, yeni bir təşkilatın - veteranlar təşkilatının təsis edilməsi ilə nəticələndi.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, bütün ölkədə olduğu kimi, Veteran hərəkatının da yeni inkişaf mərhələsinə keçidinə səbəb oldu. Veteranlara lazımi şərait yaradıldı. Ən böyük və yadda qalan hadisə isə 28 iyun 1994-cü ildə ölkə tarixində ilk dəfə olaraq "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi oldu. Həmin qanun Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış və onun tərəfindən də Milli Məclisə təqdim edilmişdi. Əlbəttə, layihə yekdilliklə qəbul edildi. Bu qanunda veteranlara dair dövlət siyasətinin əsas istiqamətləri müəyyən edilmiş, müharibə veteranlarının, Silahlı Qüvvələr veteranlarının, Əmək veteranlarının statusu, onların pensiya təminatı, istehsal fəaliyyəti, mənzil-məişət şəraiti, dərman və müalicə vasitələri ilə təminatı, onlar üçün nəzərdə tutulan əlavə güzəştlər, veteranların sosial və tibbi müdafiəsi, digər zəruri və vacib məsələlər, ilk dəfə olaraq hüquqi baxımdan mükəmməl tənzim edilirdi. Qanunun 21-ci maddəsində göstərilirdi ki, veteranların sosial müdafiəsi tədbirlərini, müvafiq icra hakimiyyəti orqanları planlaşdırır və veteranların sosial müdafiəsi proqramları dövlət büdcəsinin, Azərbaycan Respublikası Sosial müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Veteranların Respublika Təşkilatı isə dövlət büdcəsi hesabına ayırmalarla maliyyələşirdi.

Beləliklə də, fikirimi yekunlaşdıraraq, tarixi reallıqlara söykənərək və minlərlə veteranın yekdil fikrini, rəyini bir daha ifadə edərək Vətən uğrunda fədakarlıqla döyüşən əsgərlərin, zabitlərin, döyüşçülərin, birmənalı olaraq, yenə də "veteran" adlanması tamamilə düzgün və əsaslıdır. Bu sözün "qazi" və ya hər hansı başqa bir sözlə ifadə edilməsinə heç bir zərurət, əsas və məntiq yoxdur.

Bəhram ZAHİDOV
Hüquq elmləri doktoru, professor, müharibə və əmək veteranı

 





07.05.2021    çap et  çap et