Böyük hind şairi, yazıçı, bəstəkar və fikir adamı Rabindranat Taqor 1861-ci il mayın 7-də anadan olub. Kəlkətədə yaşayan zəngin brahmən ailəsinin on dördüncü uşağı Hindistanın gələcək taleyində böyük rol oynayır. Ümumiyyətlə, bu ailə Hindistan və Taqorlar ailəsi üçün bir çox cəhətdən önəmlidir; yəni onun doğulmasından əvvəlki və sonrakı illərdə baş verən ictimai-siyasi hadisələrin məcrasının dəyişməsində bu ailənin də rolu olub. Cəvahirləl Nehru “Hindistanın kəşfi” əsərində Hindistana böyük qatqıları olan ailə haqqında yazır:
“Taqorlar ailəsi bütün XIX əsr boyu Benqaliyada müxtəlif reformançılıq hərəkatında qabaqcıl rol oynamışdır. Bu ailədə gözəl yazıçılar, sənətkarlar yetişmişdir. Lakin Rabindranat onların hamısından yüksək olmuş və tədriclə bi-zim Hindistan onun sonsuz üstünlüyünü qəbul etmişdir”.
Taqorun dünya miqyasında qəbul edilən böyük və zəngin irsi vardır. Sağlığında həm yaradıcılığı, həm sülh yolunda fəaliyyəti ilə məşhur olan bu tolstoyvari müdrikin əsərləri, yaradıcılığının polifonikliyi, çoxyönlülüyü (yazıçı, şair, publisist, musiqiçi, bəstəkar, ictimai xadim, rəssam, maarifçi və s.) bütövlükdə Hindistandan kənarda da tanınır və öyrənilir. Onun ədəbi, bədii təfəkküründə Şərq-Qərb sintezi heç bir sənətkarda olmayacaq dərəcədə qovuşuq şəkildə üzə çıxır. Onu bu günə gətirən və gələcəyə aparacaq əsas xüsusiyyətlərdən biri irsindəki Şərq-Qərb ənənələrinin yaranan sintezi və daxili məni ilə DİSKURSudur.
Taqor, hər şeydən əvvəl, şairdir və onun poetik ruhunun təkamülü ən çox poeziyada ifadə olunur. Taqor poeziyası üç minillik hind ədəbiyyatının varisi kimi çıxış edir. Bu varislik zəngin Vedic və Sanskrit mədəniyyətinə söykənirdi. Buna görə açıq şəkildə bu təkamülü bəlirləmək və analitik formullarda tutmaq lazım gəlir. Burada onun poetik dünyasının inkişafındakı müxtəlif istiqamətləri, problemləri araşdırmaq daha doğru olardı. Çünki Taqor poeziyasında Şərqdə çox az-az rast gəlinən, ənənəvi hind poetik dünyagörüşündən fərqli dominant formalar, meyillər, ifadə vasitələri meydana gəldi. Ənənəvi milli poeziyadan fərqli olaraq şeirində insan faktorunun, insan varlığının təsvirinə geniş yer verildi. Brahməsəmaj ruhunda böyüməsinə rəğmən, şeirində insan taleyinə fərqli bir təsəvvür ifadə etdi. Onun İnsanı gəldiyi dünyanı çox sevir və bu sevgini gələcək insanlara ötürərək deyir:
Bu gözəl dünyada ölmək istəmirəm,
İnsanlar arasında yaşamaq istəyirəm!
Taqor həm də Nobel mükafatını alan ilk Asiyalı olaraq tarixə keçir. “Gitançali nəğmələri”nin Nobel mükafatı alması hər cəhətdən səs-küylü olur. Təkcə Asiyadan olan bir şairin almasına görə yox, həm də Nobelə layiq görülən şeirlərin məzmunu haqqında uzun zaman söhbətlər gedir. Bu mübahisələr arasında kiçik bir şeir parçasına verilməsi iradı da var idi. Şeirlərin ənənəvi poeziya nümunəsi olmayıb mənsur şeirlər olmasını da buraya əlavə etsək, mənzərə bir qədər də aydınlaşar. Şeirlərə Nobel mükafatı verilsə də, Qərbdə bir çoxları onun mahiyyətini tam anlamayaraq bədii dəyərini verməkdə çətinlik çəkdi. Bəziləri isə bu şeirləri adi Şərq ekzotikası səviyyəsinə endirərək dəyərini aşağı salmağa çalışdı. Lakin subyektiv fikirlərlə yanaşı, şeirlərin mahiyyətini açan, onu yüksək qiymətləndirən fikirlər də səsləndirilirdi. Amerika modernizminin görkəmli nümayəndələrindən biri Azra Paund bu şeirlərin “Qərb həyatının xaosu içərisində unudulmuş müdrik həqiqətləri bir daha xatırladan” poetik nümunə kimi təhlil edirdi. “Şərqlə Qərbi bir-birinə birləşdirən poetik nümunələr” olaraq qiymətləndirənlər də oldu. Lakin bütün bu qiymətləndirmələrdə Şərq-Qərb diskursu aparıcı yer tuturdu. Əslində isə şeirin bədii dəyəri daha dərin, alt qatlarda gizlənmişdi. Mükafat kiçik bir şeir kitabına verilsə də, Taqor poeziyasının orijinallığı, bədii təsvir və ifadə vasitələri, buradakı ümumbəşəri ideyalar, üslub yeniliyi və s. mükafatın ünvanı düz tapdığını təsdiq edirdi. Bu kiçik şeirlərdə hər şey var idi; həyat, dünya, mübarizə, həyatdan çıxarılan dərslər, onu dərketmə və s. Buraya daxil olan şeirlərin birində həyatın fani olması bədii detallarla göstərilir: “Sənin əllərinin ölümsüz təmasından mənim zəif qəlbim sevinclə dolur və deyilməmiş sözlər yaradır.
Sənin bitib tükənməz hədiyyələrin yalnız bu xırdaca əllərə nazil olur. Əsrlər gəlib keçir, amma sən o hədiyyələri daim əta edirsən və hələ də onlara yer tapılır”.
“Gitançali”yə daxil olan şeirlərin bir çoxu Allaha xitabla yazılıb və şair ona üz tutur, onunla həsbi-hal aparır. Hətta bu şeirlərin yazılmasını ilahidən gələn söz olaraq mənalandırır.
Başqa bir şeirində Allahı özünə ustad hesab edir, onun oxuduğu nəğmələri heyranlıq içində dinlədiyini bəyan edir. Çünki bu nəğmələr dünyaya nur saçır, bu nəğmələrin nəfəsi səmalara yayılır, müqəddəs axını bütün əngəlləri yıxıb dağıdaraq irəliləyir. O, qəlbinin bu nəğmələrə qovuşmaq həsrətilə yandığını, lakin ona qovuşa bilmədiyini, bütün ciddi-cəhdlərin əbəs olduğunu deyir. Onun lirik “mən”i söz həsrətində yanır, amma bu sözlər dönüb nəğmə ola bilmir, məyus-məyus fəryad edir. Bununla sanki yazdığı nəğmələrin ilahidən gəldiyini demək istəyir: “Ah, sən mənim qəlbimi öz nəğmələrinin nəhayətsiz toruna salıbsan, ey ustad!”
Taqorun insanı safdır, təmizdir, vücudunun təmizliyinə, paklığına çalışır, çünki əzalarında Onun həyatverici təmasını izləyir. Burada qədim Şərq fəlsəfəsinin izlərini də görmək mümkündür. O, bunu oxucuya da təlqin edir. O, xəyallarını, fikirlərini həmişə yalan və riyadan uzaq tutur, qəlbində həmişə Şəri qovmağa, məhəbbət bəsləməyə çalışır, çünki bilir ki, qəlbinin ən gizlin guşəsində Odur. Bu fikir hürufizm fikri ilə bir qədər də səsləşir. Allahın insanda təzahürü Taqorda belə ifadə olunur: “Mənim məqsədim hər bir işimdə səni təzahür etdirməkdən ibarət olacaqdır;-çünki bilirəm ki, sən məni himayə edəcəksən”.
Taqorun şeirləri ən müxtəlif mövzulara həsr edilib. Lakin bu şeirlərin hamısında bir həyat, həyatdakı proses, yaşamaq eşqi əks olunub. Sadə bir çiçəyin yaşamaq həyatının bəzən insandan asılı olması həyatın fəlsəfəsidir. Ən zəif çiçəyin belə yaşamaq arzusunun olduğunu şair belə ifadə edir:
Taqor hekayələri, romanları, dramları və şeirlərində sosial, ailə, dini və s. düşüncələrini əks etdirir. Qəhrəmanları çox vaxt ya azad olur, ya da heç olmasa, olduğu bağlardan azad olmağa çalışırlar. Yaradıcılığında ənənəvi hind cəmiyyəti simvollaşdırılır, yeni və gələcək cəmiyyətin mənəvi-əxlaqi xəritəsi cızılır. Keçmişin inert ənənələrindən azad olmaq problemi Taqoru ömrünün sonuna qədər narahat etmişdi. Bu gün də problemin hind cəmiyyətini məşğul etməsi göstərir ki, Taqor daim xalqı düşündürən əzəli və əbədi mövzulara toxunmuşdur. Müasir insanın sənaye dövlətinin siyasi və iqtisadi sistemindəki köləliyi “Azad edilmiş axın” (1922) və “Qırmızı Oleanders” (1926) simvolik pyeslərində bütün çılpaqlığı ilə göstərirdi. Tədqiqatçıların Taqorun ideoloji təkamülünü dünyanın siyasi, iqtisadi və sosial reallıqları haqqında daha çox məlumatlı olmasında görmələrində həqiqət payı az deyil.
Taqor dünyada daha çox şair kimi tanınsa da, çoxsaylı pyeslərin və nəsr əsərlərinin (novella, hekayə, roman və s.) müəllifidir. “Qurban mərasimi”, “Poçt”, “Qırmızı məxmər gülləri” pyeslərində ədalət və həqiqət axtarışları, mənəvi təkamül uğrunda mübarizə öz əksini tapmışdı. Novellalarında benqal kəndlilərinin həyatının, güzaranının təsvirinə üstünlük verirdi. R.Taqor həm də hind ədəbiyyatında hekayə janrının əsasını qoymuşdur. Əsərlərində realizm cərəyanına sadiq qalaraq onu əhatə edən mühiti olduğu kimi göstərmiş, Hindistanın sadə adamlarının həyatını tərənnüm etmiş, onların ağır həyatlarını, sevinclərini, dərdlərini və arzularını əks etdirməyə çalışmışdır.
Taqorun yaradıcılığı müxtəlif mərhələlərə bölünür. Yaradıcılığının ilk dövründə (XIX yüzilin 90-cı illərinin sonuna qədər) əsasən şair kimi məşhurlaşır və daha çox Hindistan mühitində tanınır. XX yüzilin başlanğıcından yaradıcılığında keyfiyyətcə ikinci dönəm başlayır. Bu zaman bədii yaradıcılıqla yanaşı, ictimai proseslərdə yaxından iştirak edir və “svadeşi” hərəkatının tanınmış nümayəndələrindən biri olur. Bu mərhələ Taqorun Nobel mükafatı almasına qədər (1913) davam edir. Nobel mükafatı alması ilə həm yaradıcılığının inkişaf yolunda, həm də öyrənilməsində yeni mərhələ başlayır. Bu mükafatla yalnız Hindistanda deyil, bütün dünyada məşhurlaşır. Yüzilliyin ikinci onilliyinin sonuna qədər Taqor həm Qərbdə, həm də Şərqdə geniş tanınır, əsərləri nəşr edilir, haqqında məqalələr yazılır, dünyanın müxtəlif ölkələrini gəzərək mühazirələr oxuyur. İngiltərə, Amerika, Yaponiya, Sovetlər İttifaqında olması həm də bu ölkələrdə əsərlərinə marağı artırır və onların nəşrini intensivləşdirirdi. Avropada Taqor yaradıcılığına heyranlıq ötən yüzilliyin 30-cu illərindən nisbi laqeydliklə əvəz olunur. Bunu müəllif tərcümələri istisna olmaqla, ondan edilən tərcümələrin qeyri-mükəmməliyi və azlığı ilə də əlaqələndirirlər. Lakin istənilən halda Taqorun ən böyük хidməti Hindistanın Britaniya asılılığında olduğu dövrdə ölkəsinin səsini dünyaya duyura bilməsində, onun zəngin tarix və mədəniyyətini yaradıcılığı timsalında nümayiş etdirməyi bacarmasında idi.
O, Hindistanın “kökəlib piy basmış İngiltərəni” sonadək yedirtməyin mümkün olmayacağını ilk dərk edənlərdən və söyləyənlərdən biri olur. Hərçənd, o zamanlar mövcud imperiyada “İngiltərəni daim yedirtmək – Hindistan üçün böyük iltifatdır!”, – düşüncəsi hələ çox möhkəm idi və bu möhkəmliyi xalqın iradəsi ilə yanaşı, deyə bilərik ki, Taqorun mənəvi gücü və Qandi siyasi yetkinliyi kökündən sarsıtdı. Xalqı hərəkətə gətirmək üçün möhtəşəm Qandi-Taqor ikiliyi hind tarixinin heç bir zaman kəsiyində bu şəkildə siyasi, mədəni-mənəvi məhsuldarlıqla nəticələnməmişdi. M.Qandi si-yasi, Taqor isə maarifçi fəaliyyətilə hind xalqını yeni mərhələyə hazırladı:
“Taqor Hindistan xalqını məhdud təfəkkür yolundan çıxıb insanlığı məşğul edən böyük problemlər üzərində düşünməyə çağırdı”, – Cəvahirləl Nehru.
İngilis tənqidçilərinə “orta əsr bard” etiketlərini yapışdıran bu şairin bir çox gənc müasirlərindən daha güclü və cəsarətli olduğu ortaya çıxdı. Bir çox ictimai məsələlərdə baxışları fərqli olsa da, Qandi Taqoru insan hüquqlarının “böyük qəyyumu” adlandırdı, hər bir şəxsin, ağ, qəhvəyi və ya qara rəngli, insanların hərtərəfli inkişafı üçün müdafiəçisi kimi təsvir edilməsi zərurətini intuitiv olaraq dərk etdi. Hər hansı bir sosial və ya siyasi sistemin, nə qədər müqəddəs və to-xunulmaz olursa-olsun, onun əsasında insan rifahı və inkişafı dayanmalı olduğunu söylədi.
Taqor Hindistanın mənəvi aləminə yeni nəfəs gətirdi, ölkəsinin intellektual və mənəvi ərazilərini mümkün olduğu qədər genişləndirdi, məchul düşüncə üfüqlərini bir qədər də konkretləşdirdi, sadələşdirdi və həyata, hind insanını cəmiyyətə bağlamaqda böyük işlər gördü. Şərqlə-Qərb arasında mədəniyyət körpüsü yaratması da bu işlər arasındadır. Yaratdığı ədəbi formaların zənginliyi, müxtəlifliyi, gözəlliyi, orijinallığı hind ədəbiyyatında yeni bir səhifə açdı. Xalqına əsrlər boyu inkişaf verə biləcək qədər bir irs qoydu: elə bir irs ki, burada zaman-zaman dil, mədəniyyət, düşüncə formalaşdı. Əsərlərində hind xalqının həyatını, mübarizəsini əks etdirməklə yanaşı, hisslərin, düşüncələrin ən incə modulyasiyalarını ifadə edə bilən yeni bir dil yaratdı.
Dünyaya sanki Hindistanı, onun problemlərini dərk etmək üçün gəlmişdi Taqor. Hadisələrə və onun mahiyyətinə yüksəklikdən baxır və asanlıqla dəyərləndirə bilirdi. Üstün dünyagörüşü bütün yönlərilə əsərlərində təzahür etsə də, araşdırıcılarının fikrincə, bir şəxsiyyət kimi siyasi hadisələrə mü-nasibətində zəif tərəfləri də özünü göstərirdi. Ancaq o da var ki, xüsusən, ədəbiyyat adamı üçün siyasi hadisələri dəyərləndirmək, yaxud mövqe bildirmək hər zaman uğurlu olmur. Bu cür uğursuzluq bəzən siyasilərdən də yan keçmir. Və ya bu gün təqdir edilən hər hansı bir hadisə sabah siyasi iflasa uğraya bilir. Yəni bütün bunlar hər bir siyasətçinin həyatında ola bilər, nəinki bir yazıçının. Hərçənd onun həyatında bu cür səhvlər barmaqla sayılacaq qədərdir. O, həmişə siyasi proseslərin içində olsa da, bunu yaradıcılığına şamil etməkdən uzaq durmuşdu. Yalnız ömrünün son illərində dünyada baş verən ictimai-siyasi proseslərə münasibətini publisistikasında və ya müsahibələrində bildirməyə çalışmışdır. Yaponiyanın Çinə hücumu, İspaniya Vətəndaş müharibəsi, Münhen sazişi, İkinci Dünya müharibəsinin başlanması və s. kimi aktual mövzular onu həmişə narahat edirdi. Lakin bütün bunlara görə onu şair-siyasətçi, şair-jurnalist adlandırmaq çətindir. O, bütün varlığı ilə yaradıcı sənətkar idi və bədii düşüncəsini siyasətə, ictimai proseslərə mümkün qədər az bulaşdırmağa çalışırdı. Onu ideoloji şair, yazıçı adlandırmaq da düzgün olmazdı (baxmayaraq ki, sovetlərdə şairi ən çox bu yöndən təqdim etməyə çalışırdılar!) və bu fikir heç vaxt tənqidçi və tədqiqatçıların ağlının ucundan belə keçməyib. Sovetlər İttifaqına münasibətində belə ideoloji əyintilərə getməyib, gördüyünü yazı, hətta bir çox yerlərdə kəskin tənqiddən çəkinməyib. Amma illər keçdikcə siyasi hadisələrə daha mülayim və ya sərt cavab verməsi yaradıcılıq təkamülünün mərhələ və inkişafından irəli gəlirdi. Bəzən onu sırf ideoloji yöndən, sosializmə rəğbət bəsləyən fikir adamı kimi də qələmə verirlər. Cəvahirləl Nehrunun “...proletariata rəğbət bəsləyən demokrata çevrilmiş bir aristokrat-sənətkar...” hesab etməsi də, olsun ki, bu cür qiymətləndirməyə müəyyən təsir göstərib. Əslində isə o, sosializmdə öz ölkəsində də çoxluq təşkil edən sadə adamların (oxu: fəhlə və kəndlilərin!) ağ günə çıxmasının rüşeymlərini gördüyü üçün təqdir edirdi.
Taqor öz fəaliyyəti, yaradıcılığı ilə Hindistan mədəni dü¬şüncəsini inkişaf etdirdi və bununla da ziyalılarının geniş dairələrini, hətta, belə demək mümkünsə, praktik siyasətçilərini yetişdirdi. Cəvahirləl Nehru kimi Hindistan Milli Konqresinin digər liderlərini ilhamlandırdı və gələcək Hindistanın idealını formalaşdırmaqda böyük rol oynadı. Çağdaş Hindistan kimliyinin təşəkkülündə gördüyü işlər ölçüyəgəlməzdir. Onun bütün yaradıcılığının və fəaliyyətinin ana xətti Yeni Hindistan idi. Yeni Hindistan idealının yeganə yaradıcısı olmasa da, onu yaradanlardan biri idi. Araşdırıcısı K.Kripalaninin yazdığı kimi: “Taqor, Şantiniketon və Şriniketonanın yaradılmasından başqa bir şey etməsəydi belə, bu onu Hind millətinin ən böyük yaradıcılarından biri adlandırmaq üçün kifayət edərdi”.
Rabindranat Taqoru yalnız hind xalqının yox, bütün dünya xalqlarının taleyi dərindən düşündürürdü. O, hind xalqı kimi, əsarətdə olan digər xalqları da daim müdafiə edirdi. Eyni ehtirasla ağır müstəmləkə şəraitində hüquqları tapdalanan Afrika xalqlarına, hətta Amerika zəncilərinə hüquq və azadlıqlar tələb edirdi. Amerikada zəncilərin təhqir olunması ilə bağlı “Bu günə qədər Amerika Birləşmiş Ştatlarında zəncilər yenə də irq ayrı-seçkinliyinin bütün əzablarına, dəhşətlərinə dözməli olmuşlar”, – deyə haqq səsini dünyaya çatdırırdı. XX yüzilin 30-cu illərində faşizm taununa qarşı ən kəskin etiraz səsini ucaldanlardan biri də Taqor idi...
Taqor həm də bir publisistdir; məqalələrində Hindistanın taleyindən, keçmişindən, bu günü və gələcəyindən söz açır, sabahı üçün narahatlıq keçirir, dünyadakı yerini və mövqeyini bəlirləyir. Yazılarında dəfələrlə yaşadığı dövrü dünya tarixinin keçid dövrü kimi səciyyələndirirdi. Qlobal düşünür, hadisələri müxtəlif xalqların və mədəniyyətlərin yaxınlaşması, vahid ümumbəşəri mədəniyyətin inkişafı kontekstində dəyərləndirirdi.
Taqorun yaradıcılığı daim hərəkətdədir, hərəkət isə inkişaf, zənginləşmə deməkdir. Lakin tədqiqatçıların özü belə bəzən bu inkişafın mahiyyətini düzgün başa düşmür, hansı istiqamətə getdiyini bəlirləyə bilmir, yaxud nədən ibarət olduğunu ziddiyyətli şəkildə ifadə edirlər. Çünki onun yaradıcılıq yolu birxətli deyil və ya hər hansı bir şablon düstura söykənmir. Yaradıcılığına müasir ədəbi tənqidin standartları ilə yanaşma və təhliletmə bəzən doğru nəticə verməyə də bilir. Taqor mövzularını Qərb standartlarına yaxın ədəbi-estetik prinsiplər çərçivəsində işləsə də, bədii təfəkküründə ənənəvi hind kanonları başlıca yer tutur. Ona görə də yaradıcılığının araşdırılması, təhlili və qiymətləndirilməsi bəzi çətinliklər yaradır. Taqorun bədii düşüncəsi, hər şeydən əvvəl, Hindistan və Qərb ənənələrinin sintezidir. Romen Rollan Taqorun sivilizasiyaya böyük önəm verdiyini önə çəkərək “...Gete 1813-cü ildə Fransız sivilizasiyasını və mədəniyyətini rədd etmədiyi kimi, Taqor ingilis sivilizasiyasını qovmaqdan imtina etdi”, – deyə məntiqi nəticəyə gəlirdi. Rollan Gete və Taqorun universallığının oxşarlıqlarını hiss edən yeganə böyük Avropa yazarı deyildi. Albert Şvitzer “Taqorun böyük simfoniyasında harmoniya və modulyasiya düşüncələri hindlidir. Ancaq mövzular bizə Avropa düşüncəsinin mövzularını xatırladır” kimi qiymətləndirirərək “Müasir təbiətşünaslığın təsiri ilə in¬kişaf etdirilmiş düşüncə tərzinə aiddir. Ancaq Hindistan Gete şəxsi təcrübəsini əvvəlkindən daha dərin, güclü və cəlbedici bir şəkildə ifadə edir. Həqiqətən nəcib və ahəngdar düşünən təkcə özünə aid deyil xalqa, həm də bütün bəşəriyyətə aiddir”, – deyə davam edirdi.
Taqor yaradıcılığı Hindistanın təbiəti kimi ekzotikdir, insanları kimi humanistdir, hind bədii düşüncəsinin dünənini və bugününü əks etdirir. Hind mənəvi xəritəsini dəyişərək yüz əlli il yol gələn Taqor manifesti bu gün də dünyanı dolaşmaqdadır.