525.Az

Ermənistan silahlı qüvvələrinin məhv etdiyi təhsil obyektlərimiz


 

Ermənistan silahlı qüvvələrinin məhv etdiyi təhsil obyektlərimiz<b style="color:red"></b>

Ötən əsrin 90-cu illərinin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 20 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilmiş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdü. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdu. Hərbi təcavüz ölkəmizin 17 min kvadratkilometr ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150 min evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılması ilə nəticələnmişdi. Təəssüflə qeyd edək ki, bu rəqəmlər və statistika hələ son deyil.

Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən  500 milyard ABŞ dollarından çoxdur.

Bu yazıda məqsədimiz alimlərin, mütəxəssislərin araşdırmalarına və analitik yazılarına, həmçinin, mərkəzi, yerli İcra hakimiyyətləri və təhsil orqanları tərəfindən təqdim edilən sənədlər əsasında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mindən çox təhsil obyektinin məhv edilməsi ilə bağlı bir sıra fakt və epizodlar haqqında söz açmaqla bəzi fikir və mülahizələrimizi oxucularla bölüşməkdir.

Bu məqalənin müəllifi 1993-cü ilə qədər xidməti fəaliyyəti və özünün şəxsi  təşəbbüsü ilə bir neçə dəfə Şuşa, Ağdam, Laçın, Zəngilan, Qubadlı, Füzuli rayonlarında olub, Kəlbəcər, Cəbrayıl, Xocalı və Xocavənd rayonlarının yaşayış məntəqələrini gəzib. Bu səfərlər zamanı həmin yerlərdə abad məktəb binalarının olduğunu görmüşəm və hətta bəzilərində olmuşam.

Tənəffüs zamanı şagirdlərin sevinc dolu anlarını, müəllimlərin çoxmənalı və sərt baxışlarını, lazımi avadanlıqlarla təchiz olunmuş sinif otaqlarını və kabinetlərini, təmiz, səliqəl və baxımlı məktəb həyətlərini görmüşəm. İndi isə televiziya kanallarında dağıdılmış, tamamilə məhv edilmiş rayon mərkəzləri, qəsəbə və kəndlər haqqında televiziya çəkilişlərinə baxanda ürəyimizdən keçən hissləri sözlə ifadə etmək mümkün olmur.

Təhsil obyektlərinin erməni vandalları tərəfindən özülünə qədər dağıdıldığını gördükdə emosional vəziyyətinizi təsvir etmək o qədər də asan deyil.

Təkcə Şuşanın işğalı nəticəsində 23 ümumtəhsil məktəbi, 6 məktəbəqədər uşaq müəssisəsi, 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, Peşə-ixtisas məktəbi, Mədəni-maarif, Kənd təsərrüfatı, M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun filialı, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Ədəbiyyat  İnstitutunun filialları dağıdılıb. 

 

Şuşa Realnı məktəbinin binası. XX əsrin memarlıq abidəsi 

1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları tərəfindən yandırılaraq xarabazara çevrilmiş obyektlərdən biri Realnı məktəbidir. Onun əsası hələ 1881-ci ildə qoyulub. Hazırlıq və üç əsas sinifdən ibarət olan bu məktəbə ilk dəfə 159 şagird qəbul edilib. Məktəb dövrünün nümunəvi maarif ocağı sayılırdı. Bu məktəbdə dinin qoyduğu qadağalara baxmayaraq, başqa xalqların dilləri öyrədilir, digər xalqların ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilirdi. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunları olmuşlar.

Ağdam şəhərində işğaldan əvvəl Musiqi, Kənd təsərrüfatı, Kənd Təsərrüfatı Mexanikləşdirmə və Elektrikləşdirməsi texnikumları,  9 ümumtəhsil və internat orta məktəbi, iki Peşə məktəbi, həmçinin, Şahmat, Uşaq, Gənclər və İdman, Ekoloji Tərbiyə və Təcrübəçilik, Tibb məktəbləri, Texniki Yaradıcılıq və Gənclər Yaradıcılıq mərkəzləri fəaliyyət göstərirdi. Həmin təhsil obyektlərinin binaları da işğal dövründə yerlə yeksan edilib.

Laçın Rayon Təhsil Şöbəsinin verdiyi məlumata görə, 1992-ci ilin may ayının 18-də Laçın rayonu erməni silahlı birləşmələri tərəfindən işğal olunanadək rayonda 102 ümumtəhsil məktəbi fəaliyyət göstərib. Onlardan 40-nın fəaliyyəti dayandırılıb, 62 məktəb isə məcburi köçkün əhalinin ölkəmizin müxtəlif bölgərində kompakt məskunlaşdıqları yerlərdə fəaliyyətini davam etdirib, sonrakı illərdə əhalinin yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq şagird kontingenti azaldığı üçün bu məktəblərdən 13-ü bağlanıb.

 

Laçınlı məcburi köçkün uşaqların təhsildən kənarda qalmaması üçün əhalinin sıx məskunlaşdığı ərazilərdə 55 ümumtəhsil məktəbi təşkil edilib. Hazırda 14 şəhər və rayonda 104 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Rayon işğaldan azad olunduqdan sonra həmin məktəb binalarından şəhər 2 nömrəli tam orta, M.Müseyibov adına Bozlu kənd tam orta, P.Məmmədov adına Qarıqışlaq kənd tam orta və Ə.Şahverdiyev adına Şəlvə kənd ümumi orta məktəblərinin binalarının qismən yararlı olduğu, digər məktəb binalarının isə tamamilə dağıdıldığı məlum olub.

 

Qubadlı rayonunda işğaldan əvvəl 61 ümumi təhsil məktəbi, o cümlədən, 33 tam orta, 16 ümumi orta, 12 ibtidai məktəb fəaliyyət göstərirdi. Rayonda 6000-ə qədər şagirdin təhsili ilə 1317 nəfər  pedaqoji işçi məşğul olurdu. Qubadlıda Uşaq-gənclər idman məktəbi, Uşaq şahmat məktəbi,  həmçinin, Uşaq və yeniyetmələrin yaradıcılıq, Texniki yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzləri, Texniki Peşə məktəbi fəaliyyət göstərirdi. Bunlardan əlavə, əyani-qiyabi məktəb və məktəbəqədər tərbiyə müəssisələri də var idi. Erməni vandalları tərəfindən rayonun şəhər və kəndləri yandırılıb, şəxsi və ictimai mülkiyyət, tarixi abidələr  talan və məhv edilib, məktəb binaları dağıdılıb və yararsız hala salınıb.

Ermənistan silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocalı, Xocavənd rayonlarının təhsil müəssisələri də dağıdılıb və viran qoyulub. Bunların arasında Xocavənd rayonunun 1859-cu ildə əsası qoyulmuş Tuğ kənd məktəbi,  bu il 130 yaşı tamam olacaq Laçın rayonunun B.M.Məmmədov adına Minkənd tam orta məktəbi, 145 il əvvəl əsası qoyulmuş Akademik M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbi, növbəti ildə fəaliyyətinin 140 ili tamam olacaq Qara İlyasov adına Qubadlı şəhər tam orta məktəbi, ötən il yaradılmasından 190 il keçmiş Azərbaycanın ilk qəza məktəbi - Şuşa şəhəri 1 nömrəli orta məktəbi - bütün bu təhsil ocaqları işğaldan sonra erməni barbarları tərəfindən dağıdılıb, talan edilib, nəticədə həmin və yüzlərlə digər məktəblər öz fəaliyyətlərini respublikamızın müxtəlif bölgələrində, o cümlədən, Bakı, Sumqayıt şəhərlərində davam etdirməyə məcbur olub.

Qeyd etmək lazımdır ki, vaxtilə işğal olunmuş və hazırda işğaldan azad edilmiş rayonlarda yüz ildən artıq fəaliyyət göstərmiş daha bir sıra məktəblər var. Həmin məktəblər də işğal dövründə ölkəmizin müxtəlif şəhər və rayonlarda fəaliyyət göstəriblər.

Yaşayış məskənlərini, evləri və binaları özülünə qədər dağıtmaq, meşələri qırmaq və talan etmək, torpaqları yandırmaq, əraziləri viran qoymaq və "təmiz vərəqdən" yeni erməni tarixinin uydurulması üçün şərait yaratmaq - bütün bunlar ermənilərin millətçi ideolojisinin başlıca məqsədləri olub. Onlarda başqa xalqlara aid olan maddi-mədəniyyət abidələrinin, memarlıq incilərinin və tarixi abidələrin dağıdılması və ya saxtalaşdırılaraq özününküləşdirilməsi, dini, ictimai və dövlət tikililərinin istisnasız olaraq məhv edilməsi və yer üzündən silinməsi istəkləri artıq pataloji xəstəliyə çevrilib.

Bütün bunlar barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aydın şəkildə demişdi: "Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi".

Qeyd etmək lazımdır ki, işğal dövründə ermənilər tərəfindən Ermənistanla sərhəd bölgələrində olan və münaqişə zonasından xeyli uzaqda yerləşən məktəblər də erməni silahlı qüvvələri tərəfindən müxtəlif növ silahlardan intensiv atəşə məruz qalıb. Təbii ki, hərbçilərimiz tərəfindən onlara qarşı adekvat tədbirlər görülüb.

Bu sətirlərin müəllifi 1996-cı ildə Ağstafa rayonunda xidməti ezamiyyətdə olarkən Ermənistanla sərhəddə yerləşən Köhnə Qışlaq kəndinin bütün gün ərzində düşmən tərəfindən iri və kiçik çaplı silahlardan fasiləsiz olaraq atəşə tutulduğunun şahidi olub. Kəndin yuxarısında yerləşən orta məktəb binası da atəşə məruz qalmışdı. Xoşbəxtlikdən müəllimlər və şagirdlər arasında xəsarət alan olmamışdı. Bununla əlaqədar, mövcud vəziyyət hərtərəfli müzakirə edildikdən sonra təhsil prosesinin kəndin aşağı hissəsində təşkil edilməsi qərara alınmışdı.

O zaman bu işdə "Azəryolservis" ASC-nin (hazırkı "Azəravtoyol" ASC) o vaxtkı rəhbərliyinin, şəxsən Cavid Qurbanovun böyük köməyi olmuşdu. Onun təşəbbüsü ilə məktəbin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi üçün etibarlı bir format təşkil olundu və kəndə inşaat-məişət vaqonları göndərildi. Təhsil Nazirliyi isə məktəbi yeni şəraitə uyğun avadanlıq və dərs ləvazimatları ilə təchiz etdi. Sonradan Heydər Əliyev Fondunun köməyi ilə Köhnəqışlaq kəndinin təhlükəsiz hissəsində üçmərtəbəli məktəb binası tikildi və istifadəyə verildi. Qeyd etmək lazımdır ki, bu kəndin ərazisində hələ də partlamamış hərbi sursat tapılır və zərərsizləşdirilir.

Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsinin kəndləri də uzun illər intensiv atəşə məruz qalıb. Ötən əsrin 90-cı illərində həmin bölgədə ezamiyyətdə olarkən kəndlərin birində sakinlərlə görüşdüm. Söhbət zamanı kəndin sakinləri ermənilər tərəfindən tez-tez müxtəlif növ silahlardan yaşayış binalarının, əkin, örüş, otlaq və biçənək sahələrinin ermənilər tərəfindən atəşə tutulması barədə danışır, eyni zamanda, məktəb binası istiqamətində atəş açdıqlarını da xüsusi qeyd edirdilər. İclasdan sonra təhsil prosesinin təhlükəsiz təminatını təmin edəcək tədbirlər müəyyənləşdirildi.

2020-ci ilin Vətən müharibəsində də Ermənistan silahlı qüvvələri beynəlxaq hüquq normalarını kobud şəkildə pozaraq, müharibə zonasından kənarda yerləşən dinc əhalini və mülki infrastrukturu  yenə də ağır silahlardan atəşə tutmaqda davam edirdilər.  Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Mingəçevir, Naftalan, Bərdə, Tərtər, Xızı, Abşeron və digər bölgələrin yaşaış məntəqələrinin raket atəşinə tutulması artıq dünya ictimaiyyətinə də məlumdur.

 

2020-ci il 44 günlük müharibə dövründə Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda bombalanıb. Bu hücumlar nəticəsində hamısı mülki şəxslər olmaqla,16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Raket  hücumlarından həyatını itirənlər  və  yaralananlar  arasında azyaşlılar da var. Hücum nəticəsində şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər çoxsaylı binalara, avtomobillərə ziyan dəyib. Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin binasına da ciddi ziyan vurulub.

Müharibə dövründə Tərtər rayonuna vurulan zərərin miqyası çox böyükdür - 3548 fərdi ev, çoxmərtəbəli binalarda 1735 mənzil, 163 sahibkarlıq obyekti, 47 sosial obyekt, 28 inzibati bina, 103 maşın-mexanizm, 2 qazanxana dağıdılıb. Zərər çəkmiş və ya tam dağıdılmış obyeklərdən biri də rayonun Düyərli kənd məktəbinin binasıdır.

 

Bu ilin fevral ayında Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri birlikdə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ciddi ziyan dəymiş Düyərli kənd  tam orta və  Gəncə şəhəri 29 nömrəli  tam  orta məktəblərində olublar. Düşmən təcavüzünün  faciəvi nəticələrinin əyani şahidi olduqdan sonra rəsmi şəxslərin bu ərazilərdə təhsil alan şagirdlərlə görüşü keçiriliib. Tədbirdə bildirilib ki, tezliklə bu təhsil ocaqları əvvəlkindən daha abad olacaq və tərəfdaşlar müharibə cinayətlərinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi  ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərə sosiol-psixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edəcəklər.

Bu çərçivədə Təhsil İnstitutu UNICEF ilə birgə əməkdaşlıqda Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonlarında və Gəncə və Naftalan şəhərlərində fəaliyyət göstərən məktəblərdə çalışan psixoloqlar üçün təlimlər təşkil ediblər. Bu təlimlər Vətən müharibəsi zamanı zərər çəkmiş müəllimlər, şagirdlər və onların valideynlərinə psixoloji dəstək göstərilməsi və məktəb psixoloqlarının biliklərini artırmaq məqsədi ilə həyata keçirilib. Bunlar son 30 ildə Azərbaycan ərazisindəki təhsil obyektlərini dağıtmış Ermənistan silahlı qüvvələrinin təcavüzkar hərəkətləri ilə bağlı çoxsaylı fakt və epizodların yalnız cüzi bir hissəsidir.

Əlbəttə, Ermənistan təcavüzünün nəticələrinin öyrənilməsi üçün bu mövzuda geniş və hərtərəfli araşdırmalar, analitik təhlillər, fundamental və sistemli tədqiqatlar aparılmalıdır. Bu işə xarici mütəxəssislərin cəlb olunması da vacibdir. Sonrakı mərhələdə Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə Azərbaycanın təhsil obyektlərinin məhv edilməsi istiqamətində təcavüzkar hərəkətlərin bütün aspektlərini müzakirə etmək və dünya ictimaiyyətinə çatdırmaq  üçün beynəlxalq konfransın keçirilməsinə də ehtiyac var.  Bu konfrans bizə ölkəmizlə bağlı  həqiqətləri və reallıqları bir daha göstərmək, yaymaq və təbliğ etmək üçün böyük bir fürsət vermiş olar. Bu, ona görə lazımdır ki, dünya ictimaiyyəti Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın dağıdılmış və qarət edilmiş təhsil müəssisələri barədə geniş məlumata malik olsun.

Ermənistanın təhsil müəssisələrinə, dövlət əmlakına vurduğu zərərin beynəlxalq ekspertlərin cəlb edilməsi ilə hesablanması vacibdir. Sözsüz ki, bu istiqamətdə görülən tədbirlər Ermənistanın vurduğu bütün ziyanın qiymətləndirilməsi üzrə aparılan işlərin ayrılmaz tərkib hissəsi kimi qəbul edilməlidir. Görülən işlərin nəticəsi beynəlxalq səviyyədə hüquqi cəhətdən qiymətləndirilməlidir. Bundan sonra Ermənistan ölkəmizə vurduğu bütün ziyanlara görə maddi təzminat ödəməli olacaq.

Qeyd etmək lazımdır ki, ölkəmizdə son 20-25 ildə gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük diqqət yetirilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın müasir gəncliyi bütün sahələrdə özünü doğruldaraq, ölkəmizi ləyaqətlə təmsil edir, onun dinamik inkişafı üçün əllərindən gələni əsirgəmir. Yaşlı nəsilin nümayəndələri ilə birlikdə torpaqlarımızın düşmən işğalında azad edilməsi üçün gənclərimizin göstərdikləri qəhrəmanlıqlar bunun bariz nümunəsidir.

Bəli, XXI əsrin əvvəllərində birinci sinifə gələn və 2018-2020-ci illərdə məktəbi bitirən uşaqların çoxu, dünənki məktəb məzunları həqiqi hərbi xidmətə getdilər və milli ruhda tərbiyə almış bu keçmiş məzunlar Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Qəhrəmanlıq salnaməsi yazan Azərbaycanın müasir gəncliyi gələcək nəsillər üçün qürur mənbəyinə çevrildi.

İlkin araşdırmala görə, Vətən müharibəsində 19-23 yaş arası 1020 gəncimiz şəhid olub. Çox böyük itikidir. Şəhidlərin adına layiq təmiz, namusla, vətənə və xalqa ləyaqətlə xidmət etməklə yaşamaq qalanlarımızın - hamımızın borcudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: "Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq".

Burada həmin gənc əsgərlərin müəllimlərinin və valideynlərinin ünvanlarına xoş və isti minnətdarlıq sözlərini söyləməmək mümkün deyil. Bu gənclərə ən vacib xüsusiyyəti - geniş qəlbli və  layiqli insan olmağı öyrətdiyiniz üçün Sizə təşəkkür edirik! Gənclərə vətənpərvərlik, Vətənə məhəbbət və Vətəninimizlə qürur duymaq hisslərini aşıladığınız üçün Sizə hədsiz minnətdarıq.

 

Daha bir məsələ haqqında. İşğal altında olan və hazırda işğaldan azad edilmiş rayonların məcburi köçkun məktəblərinin birinci sinifinə XXI əsrin lap əvvəllərində daxil olmuş və 11 ildən sonra həmin məktəbləri bitirmiş gənclər indiyə qədər öz kiçik vətənləri haqqında yalnız öz valideynlərinin xatirələri əsasında məlumat ala bilirdilər. Müəllimlər də onlara çoxlu maraqlı məlumatlar verirdilər. Bununla yanaşı, bununla əlaqədar məlumat bülletenləri və broşurlar buraxılıb, məktəblərdə bu və ya digər rayonun bütün yaşayış məntəqələrinin adlarının göstərildiyi müvafiq stendlərlə təchiz edilib.

6 may 1996-ci ildə Ulu öndər Heydər Əliyev Şuşa ziyalıları ilə görüşdə rayonun tarixi, mədəniyyət abidələri, mövcud hadisələr ətrafında geniş söhbət apararkən demişdi: "Mən bunu bəyənirəm, bəli, Şuşanın öz məktəbləri var. Qoy olsun, öz məktəbi olsun. Öz məktəbi olanda, o, Şuşa haqqında daha çox düşünəcək". Onun təhsillə bağlı etdiyi tövsiyələr həm Şuşanın məktəbləri üçün, həm də bütün məcburi  köçkün təhsil müəssisələri üçün yol xəritəsi oldu.

Lakin bununla belə, XXI əsrin əvvəllərində birinci sinifə daxil olan şagirdlər, eləcə də bu məktəblərin sonrakı məzunları və ümumiyyətlə, bu bölgələrin gəncləri öz kəndlərini, doğma qəsəbələrini və rayon mərkəzlərini, valideynlərinin, böyük qardaş və bacılarının oxuduğu məktəbləri hələ də reallıqda görməyiblər.

Şübhəsiz ki, işğaldan azad edilmiş ərazilərdə partlamamış hərbi sursatların zərərsizləşdirilməsi və insanların həyatı və rifahı üçün bütün sosial-iqtisadi şəraitlərin yaradılması üçün bütün lazımi işlər görüldükdən sonra məcburi köçkünlər kiçik vətənlərinə qayıda biləcəklər. Gənclər də onların sırasında olacaqlar.

Elə etməliyik ki, bugünkü məktəblilər və bu bölgələrdəki gələcək təhsil alanlar öz bölgələrinin və qəsəbələrinin vəziyyətini, erməni təcavüzündən əvvəl buradakı sosial və mədəni obyektlərin necə olduğunu və işğaldan sonra hansı işlərin görüldüyünü bilsinlər. Bu mövzuda broşurlar, hər azad edilmiş ərazi ilə bağlı tematik prospektlər buraxmaq, filmlər çəkmək barədə düşünmək lazımdır. Bu mövzularda hazırlanmış bütün broşur və filmlərin sonradan xarici dillərə tərcümə edilməsi də vacib məsələlərdəndir.

Bərpa üçün yararsız təhsil müəssisələrinin yerində ağaclar əkilməsini və bununla "Xatirə bağları" yaratmağı da təklif etmək mümkündür. Bu aksiya ölkəmizin tarixinə hörmət hissi aşılamaqla cəmiyyətdə vətənpərvərlik dəyərlərinin formalaşmasına kömək edəcək. Bu bağlar torpaqlarımızı düşmən işğalından azad edənlərə dərin minnətdarlıq hisslərimizin ifadəsi olacaq, nəsillər arasındakı bağlılığın simvoluna çevriləcək və gələcək nəsillərimizə xalqımızın qəhrəmanlığını xatırladacaq. Bu, işğaldan əvvəl və sonra bilik və xeyirxahlıq işığı daşıyan, öz fədakar əməyi ilə şagirdlərin və valideynlərin sevgisini qazanan müəllimlərə da bir ehtiram əlaməti olacaq.

Aydındır ki, hər hansı hərbi qələbə yüksək dərəcədə inkişaf etmiş iqtisadiyyat hesabına əldə olunur. Son illər ölkəmiz öz təbii ehtiyatlarını çox səmərəli və səriştəli şəkildə idarə edib. Neft sərvətimiz xalqın rifahı, milli iqtisadiyyatın dinamik inkişafı və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün istifadə olunur. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox uğurla həyata keçirilir.

Şübhəsiz, Vətən müharibəsində qazanılan qələbə nəzərə alınmaqla, məktəblərin tədris proqramlarına və dərsliklərinə Azərbaycanın yeni tarixi ilə bağlı əhəmiyyətli dəyişikliklər və əlavələr ediləcək. Bu dərsliklərdə Azərbaycanın birinci şəxsi, ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 44 günlük müharibədə qələbə qazanılmasında müstəsna rolu layiqincə əks etdirilməlidir.

Yekun söz əvəzi. Artıq işğaldan azad olunan rayonlarda yeni həyat başlanıb. Hazırda yenidənqurma işləri planlaşdırılır, şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir. İşğaldan azad edilmiş bölgələrin sakinləri yaxın vaxtlarda tədricən doğma şəhərlərinə, qəsəbələrinə və kəndlərinə qayıtmağa başlayacaqlar. Bu vaxta qədər bərpa üçün yararsız olan dağıdılmış binaların əksəriyyəti onsuz da söküləcək, yaşayış üçün hər cür şəraiti olan evlər, tibb və mədəniyyət obyektləri inşa ediləcək, kommunal xidmətlər və digər əlaqədar infrastrukturlar fəaliyyətə başlayacaq. Məhv edilmiş məktəblərin fəaliyyətini bərpa etmək üçün yeni binalar tikiləcək.

Bu mənada Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı və Ölkə Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada məktəb inşa edilməsi ilə bağlı qəbul edilmiş qərar ictimaiyyət arasında böyük ruh yüksəkliyi ilə qarşılanıb. Məktəbin təməlinin qoyulması Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və MHP lideri Dövlət Baxçalının iştirakı ilə nəzərdə tutulur. Sözsüz, bu tədbir qardaş xalqlarımız arasında qırılmaz dostluq münasibətlərinin möhkəmlənməsində daha bir əhəmiyyətli amil olacaq.

Eyni zamanda, bu məktəbin məhz Şuşada tikilməsi, istismara verildikdən sonra fəaliyyət göstərməsi Xeyirin Şər üzərində qələbəsinin, Ermənistanın 30 il davam edən iyrənc və alçaq təcavüzkar siyasəti üzərində böyük Zəfərinin simvoluna çevriləcək.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





07.05.2021    çap et  çap et