525.Az

Uşaq ədəbiyyatımızın cəfakeş nümayəndəsi - Araşdırma


 

Uşaq ədəbiyyatımızın cəfakeş nümayəndəsi - <b style="color:red">Araşdırma </b>

Çətinliklərlə, məhrumiyyətlərlə dolu ömür yaşamış şair Əbdül Kazım - Kazımov Əbdül Rəcəb oğlu (1910-1954) bir bahar günü Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində yoxsul ailədə anadan olmuşdu.

Ə.Kazım atasını erkən itirdiyindən əmisinin himayəsində boya-başa çatmış, ibtidai təhsilini Molla Zeynalabidinin mədrəsəsində almışdı. O, Sovet hakimiyyəti qurulduqdan sonra təhsilini davam etdirmişdi. Ə.Kazım 1937-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilir, həmçinin, Naxçıvan MR Yazıçılar İttifaqının katibi seçilir. Naxçıvanda "Şərq qapısı" qəzeti redaksiyasında şöbə müdiri işləyir (1932-1941). O, İkinci Dünya müharibəsi dövründə Sovet nümayəndə heyəti tərkibində İranda olmuşdu. Şəxsiyyətə pərəstiş dövründə 10 il həbs cəzasına məhkum edilib dustaq həyatı yaşamışdı (1944-1954). 1954-cü ildə azadlığa buraxılan ədib müəmmalı dəmiryol qəzası nəticəsində faciəvi şəkildə həlak olmuşdu. Ə.Kazımın uşaqlar üçün yazılmış şeirlərdən ibarət "Sayıq uşaqlar" (Bakı, Azərnəşr. 1937), "Elşad" (Bakı, Uşaqgəncnəşr. 1938), "Pəhlivan Nəzər və igid qardaş" (Bakı, Azərnəşr. 1938) və "Sayıq uşaqlar" (Bakı, Uşaqgəncnəşr. 1939) adlı dörd kitabı nəşr olunmuşdu.

Məhrumiyyətli və əzablı həyatı boyu istedadlı şair fəal şəkildə bədii, elmi-pulisistik yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olaraq, uğurlu nəticələr əldə etmişdi. "Şərq qapısı" qəzetinin 1 may 1934-cü il tarixli nömrəsində yazılıb: "İttifaqın (Naxçıvan MR Yazıçılar İttifaqı - Ə.Q.) heyətinə aşağıdakı üzvlər seçildi: Mirzə İbrahimov - sədr, Əbdül Kazım - katib, Qurban Qurbanov - üzv, Əli Vəliyev - üzv..." Bu qeyddən bir daha görmək olar ki, istedadlı gənc şair Ə.Kazım yaşadığı dövrdə öz yaradıcılığı ilə bir sıra həmkarlarından fərqlənirdi və qısa zamanda yazıb ərsəyə gətirdiyi şeirləri ilə oxucuların hörmətini qazanmışdı.

Şair Müzəffər Nəsirli Ə.Kazımın şeirlərinin "Şərq qapısı" qəzeti ilə yanaşı, Bakıda nəşr olunan "Ədəbiyyat" qəzetində, "Hücum" və "Ədəbiyyat cəbhəsində" adlı məcmuələrdə müntəzəm çap edildiyini və həmçinin, şairin "Böyük gələcək", "Altı şərait", "Sərhəddə" şeirlərinin adlarını çəkərək, sonuncu şeirindən bir bəndi örnək verir:

Kim deyir sərhədlərdə ömür qısa,
gün qısa,
Bu sərhədin o tayında
ellər batarkən yasa,
Mən bu tayda milyonlara
yeni dünya qururam
Yorulmadan, mətanətlə
sərhədimin keşiyində dururam.

Surə Seyid, Müzəffər Nəsirliyə istinadən Ə.Kazım yaradıcılığından qısa bəhs edərək, şairin bitməmiş "Səməd" poemasından söhbət açır. "Bir qanun" şeirindən bir bənd misal gətirir.

Həyat bir qaladır onun içində
Fırlanıb-fırlanıb insan dəyişir.
Təbəqə-təbəqə yerin dibində
Havalar dəyişir, vulkan dəyişir...

Ə.Kazım "Ədəbiyyat" qəzetində "Bahar içində bahar" (23.04.1935), "Sevmək və çalışmaq" (08.10.1937), "Parlaq günlər" (24.06.1935), "Bir may həyəcanları" (01.05.1935), "Kolxozçunun məktubu" (03.04.1935) adlı şeirlərini çap etdirmişdi. Şair zamanın siyasi çağırışlarına cavab verən ictimai-siyasi məzmunlu şeirlərində lirik təbiət lövhələrini incə şair duyğuları ilə poetik biçimdə qələmə almışdı. "Bahar içində bahar" şeirində şair bu cür ifadə edir.

Gün çıxır, ay çıxır, yer işıqlanır,
Həyat fırtınalı dənizlər kibi
Köksündə parlayan bir mayak yanır.

***

Kədər xəyal kibi uçur, yox olur
Şəfəqdən örtülər geyir, kəndimiz
Burda sıxıntı yox, nəşə çox olur.

"Sevmək və çalışmaq" şeirində şair əməyin romantikasını lirik təbət lövhələri fonunda əsl ustalıqla təsvir edə bilmişdir.

Gözəlim bir ayıl, sökmüş dan yeri
Gecənin zülməti çəkilir geri
Nə gözəl də səma boyanmış rəngə
Bax bu üfüqdəki uyğun ahəngə
Görünür yan-yana seyrək buludlar,
Səhərin nə dadlı tamaşası var.
Dur, əmək səhrası gözləyir bizi
Orda göstərəlim hünərimizi.
...
Axşam, gün çəkilir dağlar ardına
İnsanın bir xəyal gəlir yadına.
Buludlar toplaşır, yağış başlayır,
Göyün bu zövqünü yer alqışlayır.

Ə.Kazım nədənsə ictimai-siyasi, məişət mövzulu şeirlərini kitab halında çap etdirməmişdi. Şairin nəşr olunmuş bütün kitabları uşaqlar üçün yazılıb və uşaq ədəbiyyatının maraqlı nümunələri kimi bu gün də oxucunun diqqətini cəlb edir.

Ə.Kazım uşaq ədəbiyyatının tarixi, tədqiqi, təbliği və nəzəri məsələləri ilə məşğul olmuş, bu sahəyə dair "Ədəbiyyat" qəzetində "Uşaq ədəbiyyatını tələblərimiz səviyyəsinə" (15.09.1937), "Azərbaycan uşaq ədəbiyyatı tarixinə dair" (06.06.1938), "Uşaq kitabları" (01.12.1938) adlı məqalərlər çap etdirmişdir. Şair həmçinin, "Ədəbiyyat" qəzetində çap olunmuş "Naxıvan yazıçılarına xüsusi diqqət" (06.02.1935) və "Bir neçə qeyd" (26.09.1937) adlı məqalələrində Naxıvanda yaşayan şairlərin yaradıcılığından və Azərbaycan dilinin orfoqrafiya qaydalarına dair  məsələlərdən yazırdı.

Ə.Kazımın ilk kitabı "Sayıq uşaqlar" şairin sağlığında iki dəfə nəşr olunub. Mənzum hekayədə balaca məktəbli uşaqların igidliyi, qoçaqlığı, onların fəallığı, zirəklik və çalışqanlıq qabiliyyətləri şairin poetik təfəkkürü ilə şirin, axıcı dildə nəzmə çəkilib. Balaca şən uşaqlar bağçada oynayırlar, məktəbə gedib dərslərinə fəal hazırlaşıb oxuyurlar, bir sözlə, hər sahədə fəaldırlar, ayıq-sayıqdırlar. Onları tülkü cildinə girmiş şər, qara qüvvə aldatmaq istəsə də, məqsədinə nail ola bilmir, uşaqların sayıqlığı sayəsində ifşa edilir. Görünür, əsərin yazılmasında Ə.Kazıma tanınmış şair Abdulla Şaiqin "Tülkü həccə gedir" əsərinin təsiri olmuşdu.

Dilbər təmiz gəzərdi,
Telinə gül düzərdi.
Oyanınca hər səhər,
Dişlərini təmizlər
Yuyardı üz-gözünü,
Şən tutardı özünü.
İstirahət günləri,
Görməliydin Dilbəri.
Alın açıq, üz gülər,
Uşaqlarla bərabər
Çıxardı oynamağa,
Yaxında olan bağa.

Şən balaca uşaqlar bağçada şənlik edir, müxtəlif oyunlar oynayırdılar. Bu zaman.

Oyun qızışan zaman,
Bir səs gəldi qabaqdan.
Girdi bağa bir tülkü,
Əynində tüklü kürkü,
Başında motal papaq,
Kiprikləri ağappaq.
Burnu badımcan kimi,
Qulağı fincan kimi,
Ayağında çarığı,
Boynunda ağ sarığı.

Tülkü onlara yaxınlaşıb, şirin dillə uşaqları aldadıb, ələ alıb hinin yerini göstərmələrini istəyir. Sayıq uşaqlar tülkünün yalvarışlarıına məhəl qoymayıb, evlərinə qaçıb analarına hadisəni danışırlar. Anaları bunun hiylə olduğunu onlara bildirir. Sabah dərs başlayanda uşaqlara müəllimləri "Tülkü həccə gedir"i danışır, bir parça oxuyurlar və onlar bir daha bağçadakı hadisəni yadlarına salıb, tülkünün hiyləsini anlayırlar. Dilbərin balaca cücələri var, Dilbər onları sevib, əzizləyir, onlara dən səpir, böyüdür.

Dilbər gəlir məktəbdən,
Cücələrə səpir dən.
Onları sevindirir,
Gülə-gülə dindirir.
Üstü xallı cücələr,
Güllü, allı cücələr.
Durmayın qapın dəni,
Axtarın, tapın dəni.
Cü-cü deyib səsləyim,
Sizi yaxşı bəsləyim.

Beləcə iki ay keçəndən sonra dilbərin bəslədiyi cücələr böyüyür. Amma Dilbər narahatdır, hər gün onun cücələri azalır. Sayıq uşaqlar tələ quraraq, cücələri aparan tülkünü tələyə salıb tuturlar və onu el içində ifşa edirlər və əsər uğurlu sonluqla bitir.

Bizim əziz uşaqlar,
Pəhləvanlar, qoçaqlar,
Onu tora saldır.
Çıxardılar donunu,
Kəsdilər quyruğunu.
Tülkü sifətli heyvan,
İndi çıxdı bir insan.
Gəlib kəndə gizlicə,
Hər gün yeyirmiş cücə...
Hamı tanıdı onu,
Bağladılar qolunu...

Ə.Kazımın "Elşad", "Pəhləvan Nəzər və igid qardaş" mənzum hekayələri də lirik həyat lövhələri və məna, məzmun dolğunluğu ilə diqqəti cəlb edir. Mövzusu xalq nağılından alınmış "Pəhləvan Nəzər və igid qardaş" mənzum hekayəsi ideya, məzmun və bədii sənətkarlıq nöqteyi nəzərindən şairin ən kamil əsəri hesab olunur. Keçmişdə bir qarı varmış, bu qarının gözünün ağı, qarası bir oğlu varmış, qarı övladını min bir əziyyətlə böyüdüb, boya-başa çatdırmışdı. Uşaq çox qorxaq idi, bütün kənddə ona lağ edib, ələ salırdılar. Bir gün anası ilə çölə odun yığmağa gedən uşaq təbii fəlakət nəticəsində anasından ayrı düşür, meşədə tənha yaşayır, orada meşədə yaşayan Pəhləvan Nəzərə rastlaşır, ondan qoçaqlıq, igidlik öyrənir və sonra el-obada insanlara zülm edən şər qüvvələrlə mübarizə aparıb, qalib gəlir və  sonda öz anasına qovuşur. Şairin uşaqlar üçün yazılmış mənzum şeirlərinin əsas ideya qayəsi xeyirin şər üzərində qalib gəlməsi, firavan, işıqlı həyat, uşaqların zamanla ayaqlaşan, qoçaq, savadlı və milli ruhda böyümələri aşılanır.

Ötən il Ə.Kazımın 110 illiyi tamam oldu. Şairin həyatı və yaradıcılığı tədqiqatçı və mütəxəssislər tərəfindən çox az araşdırılıb. Əziyyətli ömür sürmüş istedadlı şair qısa həyatı boyu özünün əhatəli bədii və elmi yaradıcılığı, həmçinin, ictimai fəaliyyəti ilə xalqının işıqlı gələcəyi üçün yaddaqalan fəaliyyət göstərib. Şair Əbdül Kazım çoxşaxəli yaradıcılığı ilə  ədəbiyyat tariximizdə özünəlayiq yer tutur.

Əsəd QULİYEV
Sənətşünas, AMEA-nın dissertantı

 





07.05.2021    çap et  çap et