525.Az

Səlis şəxsiyyətin qeyri-səlis nəzəriyyəsi - Yazı


 

Səlis şəxsiyyətin qeyri-səlis nəzəriyyəsi - <b style="color:red">Yazı</b>

Dünya şöhrətli, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, güclü məntiqə malik, hər sözdə, hər yerdə məntiq axtaran, sadə, saf, təmiz qəlbli, torpağını sevən, əsl azərbaycanlı xüsusiyyətlərini özündə cəmləşdirən, görkəmli alim, prof. Lütfi Ə.Zadə kəşf etdiyi nəzəriyyələrlə bütün dünyaya sübut etdi ki, həyatda heç bir şey mütləq deyil, real dünyanın ümumi mənzərəsi 0 ilə 1 arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir. Bununla da, klassik riyaziyyat, qeyri-səlis riyaziyyat, qeyri-səlis hesab, qeyri-səlis cəbr, qeyri-səlis məntiq və sair yarandı. Onun elmi kəşfləri, ideyaları bəşəriyyətin inkişafına, insanların rifahına və rahatlığına xidmət edir.

Qeyri-səlis çoxluqlar elə çoxluqlardır ki, ona daxil olan elementlərin sayı, tərkibi, quruluşu, sərhədləri qeyri-müəyyəndir. Dahi alimin elmə gətirdiyi "qeyri-səlis" nəzəriyyəsinə söykənən bütün elmi istiqamətlər çox böyük praktiki əhəmiyyət kəsb etdi. Bu nəzəriyyənin tətbiqinə ilk olaraq Yaponiya firmaları imza atdı və beləliklə, o, nəhəng sənaye şirkətlərində öz tətbiqini tapdı və çox qısa zaman kəsiyində böyük iqtisadi səmərə verərək, bütün aparıcı şirkətlər, firmalar tərəfindən dəstəkləndi. Bu nəzəriyyənin Yaponiyaya gətirdiyi yüksək iqtisadi səmərəsinə görə 1989-cu ilin iyul ayında Lütfi Zadəyə Yaponiyanın elm sahəsində ən yüksək mükafatı - Honda mükafatı təqdim edildi. 

Hazırda Yaponiyada istehsal olunan məişət və texniki avadanlıqların böyuk əksəriyyətnin onun məşhur  nəzəriyyəsi əsasında hazırlandığı bildirilir. Yaponlardan sonra amerikanlar həmin nəzəriyyəni öz ölkələrinə tətbiq etdilər. Amerikanın hava hücumundan qorunmasının yenidən qurulması məsələsi gündəmə gələndə Kasko adında bir alim bu nəzəriyyəni tətbiq etməyi təklif etdi. Trilyon dollarla vəsait sərfi ilə görülməli işi bu nəzəriyyə həll etdi. Hal-hazırda bu nəzəriyyə Çinə ildə yüz milyardlarla dollar gəlir gətirir.

Lütfi Ə.Zadənin son dövrlərdə təklif etdiyi nəzəriyyələr içərisində rəqəmlə deyil, sözlə işləyən kompüter nəzəriyyəsi böyük əhəmiyyət kəsb edir. Bu cür maşınlarda informasiyanın ötürülməsinsə müxtəlif rəqəmlər, kodlar deyil, sözlər, söz birləşmələri, cümlələr istifadə olunur. Şübhəsiz, bu nəzəriyyənin əsasını insan faktoru təşkil edir və informasiyanı dərk edib tətbiq edən də insan beynidir. Bu nəzəriyyə ətraf aləm haqqında çevik, dolğun və dəqiq ölçmə aparmadan informasiya almağa imkan verir.

"Sözlə hesablama nəzəriyyəsi haqqında Lütfi Zadə deyirdi ki, heç bir insan rəqəmlərlə fikirləşmir. Bir müddəa var: bütün insanlar öləcək. Deyirik ki, Sokrat insandır. Siz də, mən də düşünürük ki, Sokrat da öləcək. İndi oxucularımız baxsın, biz bu cümlədə hansısa bir riyazi hesablama apardıq? Xeyr! Zadə də bunu deyirdi ki, insan sözlər üzərində əməliyyat aparır".

L.Zadənin çoxluqlar nəzəriyyəsində kəmiyyətin keyfiyyətə keçməsi məsələsi özünü daha aydın şəkildə büruzə verir. Çoxluğun hər bir elementi kəmiyyətcə artdıqca, onun keyfiyyəti də artmış olur və beləliklə, çoxluq anlayışının məzmununda kəmiyyət və keyfiyyət elementləri vəhdət təşkil edir və onları bir-birindən ayırmaq mümkün olmur. 

Məsələn, "Sevinc mənim yaxınımdır" nümunəsində Sevinc qeyri-səlis yaxınlar qrupuna daxildir. Lakin Sevincin bu çoxluğa daxil olma dərəcəsinin özü də qeyri-səlis çoxluqdur. Belə çoxluqları insan təfəkkürü intuisiya vasitəsilə dərk edir və onlar üzərində əməliyyatlar apara bilir. L.Zadə nəzəriyyəsinin linqvistikaya gətirdiyi qeyri-səlis çoxluqlar anlayışlarının köməyi ilə bu prosesi modelləşdirib öyrənmək olur. Dilimizdə qeyri-səlis çoxluqları göstərmək üçün bir sıra şiddətləndirici, emosionallığı artıran ifadələrdən istifadə edirik. Belə ki, yuxarıdakı nümunəni "çox", "az", "daha çox", "müəyyən qədər", "evimin içi" və s. söz və ifadələrlə ifadə etməklə, fikrimizi çatdırmış oluruq, həm də emosionallığı müəyyən qədər artırıb və ya azaltmış oluruq.

Lütfi Ə.Zadə dünya elmində elə çevriliş etdi ki, o qədər böyük işlər gördü ki, onları sona çatdırmağa şübhəsiz bir insan ömrü yetməzdi. O, özündən sonra böyük bir irs qoyub getdi və bütün varlığı ilə əmin idi ki, davamçıları onun arzularını reallaşdırmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.

Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüş Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan və ABŞ akademiyalarının üzvüdür. Onlarla dünyaca nüfüzlu şirkətlərin medalları ilə təltif olunmuşdur.

Amma ilk dəfə dünyada Lütfi Zadə Allahdan başqa hər şeyin dərəcəsinin olduğunu sübut etdi; yəni dünyada qəti olaraq tam ağ və qəti olaraq tam qara deyilən şey yoxdur. Bu iki məhfum arasında minlərlə çalar dəyişikliyi var. Eyni zamanda, o, bir insanın ya dost, ya da düşmən olduğu nəzəriyyəsini dağıtmış, dost və düşmən arasında min fərqli münasibətin olduğu fikrini üzə çıxarmışdır.

Bunu da qeyd etmək lazımdır ki, Lütfi Ə.Zadə qeyri-səlis riyazi məntiq nəzəriyyəsi ilə ondan əvvəl söylənilən və qəbul edilən bir çox nəzəriyyələri kölgədə qoymuşdur.

Zadə məntiqində yaşadığımız həyatı daha dərindən, daha real şəkildə dərk etmək qabilliyəti və tolerantlıq üstünlük təşkil edirdi. Onun uğur formulu qabiliyyət, nailiyyət, çalışqanlıq idi.

Lütfi Ə.Zadənin mənəvi qızı hesab olunan, 14 il onunla çiyin-çiyinə Amerikada laboratoriyada çalışan professor Şahnaz xanım Şahbazova böyük alim haqqında xatirələrində deyir ki, "Lütfi Ə.Zadə son nəfəsində onun elmi fəaliyyətinə həsr olunmuş Soft Computing üzrə Ümumdünya Konfransını iki ildən bir olmaqla davamlı təşkil edilməsi və yarıda qalmış bir sıra elmi layihələrin sona çatdırılmasını ondan xahiş etmişdir".

Lütfi Ə.Zadə Azərbaycan televiziya kanallarından birində Azərbaycanın gələcəyinə inamla baxmasından, yeni təfəkkürlü alimlərin yetişməsindən, onların Azərbaycana və dünyaya yeni-yeni məntiqlər gətirəcəyinə ümid bəslədiyini qeyd etmişdir.

Xatırladaq ki, Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilib. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin, professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 2017-ci il sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saatlarında dünyasını dəyişib. 

Nə qədər dünya davam edəcək, nəsillər dəyişəcəksə, alim və elm adamları tərəfindən yeni-yeni ixtiralar, nəzəriyyələr irəli sürüləcəksə, bu azərbaycanlı alimin nəzəriyyələri elm və iqtisadiyyatın müxtəlif sahələrdə tətbiq ediləcək. Onun əziz xatirəsi hamının qəlbində yaşayacaq və bizdən sonra gələn nəsillər uğurlarına görə bu sadə azərbaycanlı alimə minnətdar olacaqlar. 

Fenomenal elmi təfəkkür və məfkurəyə malik olan, adı elm tarixinə qızıl hərflərlə həkk olunan, dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Ə.Zadənin əziz xatirəsi  biz azərbaycanlıların qəlbində daima yaşayacaq.

Leyla XANBUTAYEVA
Filologiya üzrə fəlsəfə doktoru, ADU-nun İngilis dilinin qrammatikası kafedrasının dosenti
 





07.05.2021    çap et  çap et