"Hər imtahan kampaniyasından sonra səsləndirilən şikayətlərdən biri də açıq tipli test tapşırıqları ilə bağlı olur. Bəzi valideyn və abituriyentlər bu tapşırıqların xüsusən çətin olmasından gileylənirlər. Bu məsələ təhsil mütəxəssisləri üçün hər hansı sual doğurmasa da, onun valideyn və abituriyentlər üçün daha sadə dildə izah olunmasına ehtiyac var. Qeyd edim ki, testlərin strukturu formalaşdırılarkən iki məsələ prioritet kimi müəyyən olunur - abituriyentlərin təhsil prorqamını nə dərəcədə mənimsəmiş olması və onların zehni və ya məntiqi qabiliyyətləri".
Bunu "525"ə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, standart çoxvariantlı test tapşırıqları geniş diapazonlu mövzuları əhatə edir və imtahan verənlərin tədris proqramını nə dərəcədə mənimsədiyini müəyyən etməyə imkan verir. Açıq tipli suallar isə onların hər hansı bir məlumatı dərindən işləmə və təhliletmə qabiliyyətini qiymətləndirir. Əgər standart tapşırıqların cavablandırılmasında yaddaş və məntiqi qabiliyyətlər balanslı şəkildə tətbiq olunursa, açıq tipli tapşırıqlarda ikinci daha əhəmiyyətli rol oynayır.
M.Abbaszadənin dediyinə görə, imtahanların nəticələri əsasında aparılan təhlillər göstərir ki, açıq tipli tapşırıqlar xüsusən yüksək nəticə göstərən abituriyentlər arasında seçim etmək üçün əhəmiyyətli rol oynayır. Lakin açıq tipli tapşırıqların cavablandırılması və yoxlanılması daha uzun vaxt tələb etdiyi üçün onlar test blokuna məhdud sayda daxil edilir.
SEVİNC