525.Az

Əziz Şuşa, biz qayıtmışıq!


 

Əziz Şuşa, biz qayıtmışıq! <b style="color:red"></b>

Əziz Şuşa, biz qayıtdıq! 8 may - bu tarix 28 ildir ki, bütün Azərbaycan üçün Şuşa nisgilinin, yurd həsrətinin simvoluna çevrilmişdi. 28 il sonra isə qaysaq bağlamayan Şuşa yaramıza məlhəm, susuzluğumuza çarə tapıldı.

Xatırladaq ki, Şuşa 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal edilmişdi. İşğal nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. 1993-cü ildən başlayaraq hər il mayın 9-da ermənilər Şuşanın işğalı gününü Şuşada "Qələbə bayramı" kimi qeyd edirdilər. Eyni zamanda, Qarabağ müharibəsindən sonra Şuşada bərpa işlərini "Hayastan" ümumerməni fondu, qondarma "Dağlıq Qarabağ hökuməti" və erməni xeyriyyəçiləri maliyyələşdirirdi. Həmçinin, Qarabağ müharibəsindən sonra, Şuşada tarixi abidələrin bərpası adı altında abidələrin erməniləşdirilməsi və saxtalaşdırılması prosesi gedirdi.

28 il sonra - 8 noyabr 2020-ci ildə Şuşa Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Bu gün Şuşanın işğalından 29 il deyil, azad olunmasından 6 ay ötür. Qalib Ali Baş Komandanın rəhbərliyi ilə güclü Azərbaycan Ordusu sayəsində Şuşalı günlərimizə yenidən qovuşduq. Məhz noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev paytaxtın Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək, Şuşanın azad olunduğunu elan etdi. Prezidentin bu müraciəti bütünlükdə xalqımızın Qarabağ ağrılarına əlhəm oldu. Çünki Şuşasız Qarabağı təsəvvür etmək olmurdu.

9 may tarixində isə Müdafiə Nazirliyi Şuşa şəhərinin videogörüntülərini yayımladı. Azad Şuşamızın ilk görüntülərini hər bir azərbaycanlı sevinc göz yaşları və fəxarətlə izlədi.

1992-ci ilin mayından 2020-ci il noyabrın 8-dək, yəni 28 ildən çox Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Şuşa şəhərində tarixi abidələrə qarşı vandalizm kütləvi hal alıb. Ermənilər Şuşada Dövlət Dram Teatrını, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeylərini, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeylərini, eləcə də görkəmli sənət adamlarının ev-muzeylərini, Azərbaycan Milli Xalça Muzeyinin filialını, Dövlət Rəsm Qalеrеyasını, 4 texnikumu, 2 institut filialını, orta və orta ixtisas musiqi məktəblərini, 1200 yerlik internat məktəbini, kitabхanaları, 2 sanatoriyanı, 70 yerlik turist bazasını və s. dağıdıb, tar-mar ediblər. Eyni zamanda, 350 hektarlıq qoruq zonasındakı 300 tarix və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin görünüşünə ciddi zərər vurublar.

Artıq Şuşada yeni həyat başlayıb və təmir-bərpa işləri aparılır. Şəhərin abadlaşdırılması, yeni infrastrukturun qurulması istiqamətində görülən işlər tam sürətlə davam etdirilir. Əminliklə vurğulamaq istərdik ki, çox qısa zamanda Qarabağın tacı olan bu şəhər öz tarixi gözəlliyinə qovuşacaq!

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Afaq Rza

 





08.05.2021    çap et  çap et