525.Az

Azərbaycan saatında Şuşa vaxtilə…


 

Azərbaycan saatında Şuşa vaxtilə…<b style="color:red"></b>

Ötən ilin bu gününün, bəlkə elə bu saatının ertəsinin ertələnməsini  istəyirdim. Mayın 8-nə keçən gecə Tanrının lənətinə tuş  gəlmişdik sanki. “Açılma, sabahım, açılma”-deyə  çox ahlar, amanlar etmişdik.  Zirvədəkinin zirvəsini tərk etmək bir yana, onun başında başqalarının  durması  yandırmışdı hamımızı. Şuşa zirvəydi, qalaydı, alınmazdı… Almışdılar,  çalmışdılar bizdən..

Şuşayla bərabər qürurumuz, mənliyimiz tapdanmışdı. Zaman-zaman dilə gətirsək -gətirməsək  də, bağışlamırdıq bu məğlubiyyətdən doğan  utancı, xəcaləti özümüzə…

1992-ci ildən bu yana ötən illərin bu gününün bu saatında zamanı durdurmaq, ertəsinin ertələnməsini arzulayırdıq. Arzuya bax. Başımızı mayın 8-nə keçən gecənin qoltuğuna soxub xəcalətdən sabaha baxmaq istəməmək arzsuna həm də. “Düşmənə belə arzulanmayan”  arzu ölçüsünü də  keçmişdi bu. Bundan betəri varmıydı,  Şuşa yoxduysa…?!

O günün ertəsindən sonra  biz ruhu əlindən alınmış xəyalətlərə dönüşdük, büzüşdük. İllərlə zamanın saatının kəfkirində  irəliyə sürüklənən tarixlə süründük. Bu hisslərin hirsindən doğan neçə sabahlara oyandıq. Əslində o gündən sonra heç yatmadıq… “Yuxusuz gecələrdə “aranı dağa daşıya bilmədik”. Çünki ən uca dağımızda bizə dağ çəkmişdilər. Hər kəsin qəlbinə Şuşa-şüşə saplanmışdı…

Arzuya bax dedim….Arzularda Şuşa vardı. İstəklərdə Şuşa vardı. “Gün o gün olsun ki” ilə başlayan cümləli istəklər  bir müddətdən sonra ikrah doğururdu. Çünki “gün o gün olmadığını”  illər qabağına qatıb govalayırdı.

İlk dəfə bu ilin bu gününün ertəsi arzulanandır. İlk dəfə “Gün o gün olsun ki” ilə başlayan cümlənin sonu var.

Şuşa  geri alındı.  Gerisinə döndük. Mayın 8-də qəfil qafil (düşmən) silahının saatın  kəfkirinə tuşlanmış gülləsi durdurduğu  zamanın  gerisinə.  Azərbaycan saatında  Şuşa vaxtıyla  saat…  Bu gündən səhərə açılan  Sabahın xeyir, Şuşam!!!

Tünzalə Vəliqızı, Moskva

 





08.05.2021    çap et  çap et