525.Az

Milli iradənin parlaq təzahürü - Anım


 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK İRSİNƏ ƏSASLANAN İSLAHATLAR MƏHKƏMƏ ORQANLARINDA UĞURLA DAVAM ETDİRİLİR

Milli iradənin parlaq təzahürü - <b style="color:red">Anım </b>

Böyük lider, ideal insan obrazı Azərbaycan xalqının milli dünyagörüşündə hər zaman özünəməxsus yer tutmuş, böyük ədəbi dühalarımız əsərlərindəki adil hökmdar surətləri şəxsində bu obrazın parlaq nümunələrini yaratmışlar. Bu obraz milli dövlətçilik tariximizin ən müxtəlif dövrlərində yaşamış böyük tarixi şəxsiyyətlərimizin timsalında real həyatda da öz ifadəsini tapmışdır.  

Xalqımızın ötən əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu öndər Heydər Əliyev də siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz Ulu öndər Azərbaycanı müxtəlif dövrlərdə düşdüyü böhrandan çıxarmaq, çətinlik və təhlükələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Heydər Əliyev təbiətin ona bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmiş, xalqının qəlbində sabaha inam hissi yaratmağı bacarmışdır. O, hələ Azərbaycana birinci rəhbərliyi dövründə sərt ideoloji baryerlərlə, böyük təzyiqlərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Hələ ötən əsrin 70-80-ci illərində ulu öndər sanki Azərbaycanın müstəqil dövlət olacağını görmüş, buna zəruri zəmin formalaşdırmaq üçün uzaqgörənliklə fəaliyyət göstərmişdir.

Heydər Əliyevin o dövrdə repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın korifey şəxsiyyətlərinin adlarını əbədiləşdirməklə, əsərlərinin təkrar nəşrini təşkil etməklə, heykəllərini ucaltmaqla, muzeylərini yaratmaqla xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşatmaq, bütövlükdə isə milli yaddaşın qorunub gələcək nəsillərə çatdırmaq məqsədini güdmüşdür. Ümummilli lider 60-cı illərdə milli düşüncə sahibi olduqlarına görə təqibə məruz qalmış görkəmli Azərbaycan yazıçı və şairlərini, tarixçilərini məhv olmaq təhlükəsindən hifz etmişdir.

Yunan filosofu Platon yazırdı ki, "Ədalətlə idarə edilən cəmiyyətdə yaxşı vətəndaş olmaq asandır". Ulu öndər Heydər Əliyev də ədalət meyarını bütün ölçü və qəliblərin, ideoloji prinsiplərin fövqündə saxlayırdı. Onun yaratdığı spesifik idarəçilik sisteminin  mühüm cəhətlərindən biri də məhz kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması - mənəvi-əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi, mütərəqqi dünyagörüşü ilə fərqlənən mütəxəssislərə üstünlük verilməsi idi. Azərbaycana birinci rəhbərliyi dövründə ümummilli lider təhsil sistemində neqativ tendensiyalara qarşı amansız mübarizə aparmış, zəhmətkeş ailələrin övladlarının o zamankı Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə qabuluna imkan yaradan şəffaf mühitin formalaşdırılmasına nail olmuşdu. Bu gün adlı-sanlı hüquqşünasların böyük əksəriyyəti ulu öndərin bu addımını böyük rəğbət və ehtiramla xatırlayır.

Fransız mütəfəkkiri Ş.Mönteskyenin fikridir: "Liderlik lazımi anda cəsarət nümayiş etdirmək bacarığıdır". Tarixi təcrübə göstərir ki, yalnız milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli tarixin sərt sınaqları qarşısında duruş gətirərək milli inkişafın əsasına çevrilir. Hər bir müstəqil dövlətin yaranmasına, möhkəmləndirilməsinə və qorunub saxlanılmasına doğru uzanan mürəkkəb ictimai-siyasi proseslərin episentrində də məhz lider və şəxsiyyət amili dayanır. Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, milli dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi prinsiplər əsasında müəyyənləşdirmişdir.

Müstəqilliyin bərpasından sonra ilk illərə hüquqi, demokratik dövlət  quruculuğu və vətəndaş cəmiyyəti formalaşdırmaq yolunda ciddi sınaqlarla üzləşən Azərbaycan Respublikası məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi islahatlar nəticəsində cəmiyyətin təkamül sistemini, dövlət idarəçiliyi mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsini və təkmilləşdirilməsini davamlı prosesə çevirmişdir. Ötən 28 ildə respublikanın demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanması da bilavasitə müasir vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış ədliyyə və məhkəmə-hüquq islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.

Konstitusiyanın qəbulundan sonra respublikada ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən məhkəmə-hüquq islahatları həyata keçirilmiş, bu məqsədlə zəruri qanunvericilik bazası formalaşdırılmışdır. Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq insan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilmiş, respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuş, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulmuşdur. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edilmiş, əfv və amnistiya aktlarının geniş tətbiqinə başlanılmışdır.

Aparılan məhkəmə-hüquq islahatı nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin, məhkəmələr üzərində prokurorluq və ədliyyə orqanlarının nəzarəti ləğv olunmuş, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır.

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən, test üsulu ilə imtahanla seçilmiş, nəticədə hakim korpusunun 60 faizi təzələnmişdir. Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmişdir.

Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçını yetişdirməsindədir. Ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə son 18 ildə məhkəmə sisteminin modernləşməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq uğurla davam etdirilmişdir. Bunun nəticəsidir ki, hazırda respublikada ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara uyğun həyata keçirilir. Məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.

Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərmanı keyfiyyətcə yeni mərhələdə ölkəmizdə çoxşaxəli hüquq islahatları üçün baza rolunu oynamışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn bu mühüm fərman əsasında regionlarda yeni apellyasiya və inzibati-iqtisadi məhkəmələr yaradılmışdır.

Həmin Fərmanın davamı kimi ölkə başçısının 17 avqust 2006-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" Fərman hakimlərin sayının 157 ştat artırılmasını nəzərdə tutmaqla, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etmişdir. Bu addımlar sonrakı illərdə də davam etdirilmiş, respublika üzrə hakimlərin sayı 2 dəfədən çox artırılaraq 800 nəfər müəyyən edilmişdir.

Məhkəmə-Hüquq Şurasının rəhbərliyi altında hakimlərin test üsulu ilə seçimi və fəaliyyətinin qiymətləndirilməsinin daha şəffaf, obyektiv, çevik mexanizmlərinin müəyyənləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini artırır. Obyektiv və ədalətli qiymətləndirmələr və təyinatlar nəticəsində cəmiyyətin məhkəmələrə olan inamı daha da möhkəmlənir, ölkəmizin beynəlxalq imici yüksəlir. Ötən illərdə hakimlərin maddi təminatının yaxşılaşdırılması məsələsi də diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, bütün məhkəmə aparatlarının tərkibi yenidən müəyyən olunmuşdur.

2014-cü ildə Dünya Bankı və Azərbaycan Hökuməti arasında "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı yeni layihənin imzalanması mərasimi keçirilmişdir. Layihənin keçirilməsində məqsəd məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması, ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsi, elektron hüquqi xidmətlərin genişləndirilməsi ilə ədliyyə sisteminə dair vətəndaşların məmnunluğunun artırılmasını təmin etməkdir.

Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 13 fevral tarixli "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Yeni sistemin yaradılmasında məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsidir. Yeni sistem vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik və işlək mexanizmlər əsasında qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında qanunvericiliyin tələblərinə tam riayət olunmasına imkan yaratmış, operativliyi və şəffaflığı maksimum dərəcədə təmin etmişdir.

İnsan hüquq və azadlıqlarının təminatı sahəsində həyata keçirdiyi ardıcıl islahatlarla demokratik idarəetmə prinsiplərinə sadiqlik nümayiş etdirən Azərbaycan bu siyasətin mühüm tərkib hissəsi kimi ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi və cəza siyasətinin humanistləşdirilməsi məsələlərinə də ciddiliklə yanaşır. Respublikamızın iqtisadi inkişaf dinamikasına adekvat şəkildə gerçəkləşdirilən bu islahatlar liberal mahiyyəti ilə insan amilinin cəmiyyətdə ali meyar kimi qəbulunu şərtləndirmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı keyfiyyətcə yeni mərhələdə məhkəmə-hüquq islahatlarının səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edir. Dövlətimizin başçısının humanizmin təntənəsinə xidmət edən bu sərəncamı ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ədliyyə və məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi cəmiyyətdə yüksək qiymətləndirilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, 2018-ci ilin 11 aprel seçkilərində növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev son bir ildə dövlət idarəçilik sisteminin əsaslı dərəcədə müasirləşdirilməsi, insan və vətəndaş hüquq-azadlıqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi, ictimai rəy amilinə daha həssas münasibətin təmin edilməsi istiqamətində sistemli islahatlar həyata keçirir. Qısa müddətdə dövlətimizin başçısının reallaşdırdığı sosialyönümlü islahatlar paketi əhatəliliyinə görə cəmiyyətin bütün sferaları, o cümlədən, məhkəmə-hüquq sistemi qarşısında da yeni çağırışları aktuallaşdırır.

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı bu baxımdan müstəsna əhəmiyyətli sənəd kimi dəyərləndirilməlidir. Fərmanın imzalanması deməyə əsas verir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Fərmanda bütün məhkəmələrin sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş digər prinsiplərinə dönmədən riayət etmək tövsiyə edilmişdir.

Fərmanda, həmçinin, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi; sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması; hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması; hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması; məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi; məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması; ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılması və digər bir sıra mühüm məsələlər öz əksini tapmışdır.

Azərbaycan 44 günlük Vətən Müharibəsində layiqli qələbəsini və ərazi bütövlüyünü təmin edən Ali Baş Komandan, Prezident cənab İlham Əliyev həm də beynəlxalq hüquq normalarının aliliyini, ədaləti bərqərar etmişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, təzavüzkar ölkə işğal altında saxladığı ərazilərdə törətdiyi vandalizm aktlarına görə beynəlxalq hüquq qarşısında cavab verməli olacaq və bu prosesdə Azərbaycanın hüquq ictimaiyyətinin də üzərinə mühüm vəzifələr düşür.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı alternativsiz lideri olan cənab İlham Əliyevi ictimai-siyasi sabitliyin, əmin-amanlığın və təhlükəsizliyin, birliyin və həmrəyliyin qarantı hesab edir, ona tam güvənir. Azərbaycanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz rəhbərinə dəstəyini əsirgəmir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanın parlaq, firavan sabahına aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir, bu siyasəti birmənalı dəstəkləyir.

Rəşid RZAYEV
Bakı şəhəri Xətai rayon Məhkəməsinin sədri

 





08.05.2021    çap et  çap et