525.Az

Njdenin abidəsinin götürülməsində daha çox Rusiya maraqlı olmalıdır


 

Njdenin abidəsinin götürülməsində daha çox Rusiya maraqlı olmalıdır <b style="color:red"></b>

Rusiyalı veteranlar nasist Qaregin Njdenin heykəlinin sökülməsini tələb edir. Dolqoprudnensk (Moskva vilayəti) Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranlarının ictimai təşkilatı  bununla bağlı müraciət hazırlayıb.

Rusiya rəhbərliyinə ünvanlanan müraciətdə nasist Njdenin Qarabağdakı (Xocavənd-red) abidəsinin götürülməsi ilə bağlı tələblər yer alıb. "İkinci Dünya müharibəsi dövründə Njde qızıl ordu sıralarından əsir düşmüş erməni əsgərlərindən ibarət "Erməni legionu" formalaşdırıb. Vermaxt sıralarında döyüşməyə başlayan bu legion Polşa və Ukraynada minlərlə dinc sakinə qarşı cinayətlər törədib, Qərbi Krımda iyirmi mindən çox dinc sakini qətlə yetirib", müraciətdə qeyd edilib.

Faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğu xatırlanan sənəd Rusiya Xarici İşlər və Müdafiə Nazirliklərinə də göndərilib.

Keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bir hadisə kimi faşizm üzərində qələbənin vacibliyini vurğulayan təşkilat, Rusiyanın sülhməramlı kontingentinin 9 May Qələbə gününü qeyd edəcəyi ərazidə belə bir abidənin olmasını Avrasiyada birləşdirici dəyərləri sarsıdacağını diqqətə çatdırıb.

Deputat Cavid Osmanlı hesab edir ki, Ermənistanın yürütdüyü siyasətin mərkəzində hər zaman faşizm, separatizm və terrorçuluq dayanıb. Qaregin Njdenin hələ də Xocavənddə abidəsinin ucaldılması, bir daha onların faşizm siyasətinə nə qədər önəm verdiklərini və dövlət siyasətinin tərkibinə daxil etdiklərini büruzə verir. Bu abidənin sökülməsində təkcə Azərbaycan tərəfi maraqlı olmamalıdır. Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatın tələblərinin yerinə yetirilməsində Rusiya tərəfi də maraqlı olmalıdır: "Qarşıdan 9 may II Dünya Müharibəsində əldə edilmiş qələbənin növbəti ildönümü gəlir. Faşizm siyasətini yürüdən və o dövrdəki sovetlər birliyinə qarşı faşistlər tərəfindən vuruşan Qaregin Njdenin abidəsinin götürülməsində daha çox maraqlı Rusiya olmalıdır. Düşünürəm ki, Xocavənddəki Qaregin Njdenin abidəsinin götürülməsi istiqamətində yaxın gələcəkdə işlər görüləcək. Düzdür, mətbuatı izlədikdə erməni tərəf iddia edir ki, sözügedən abidə ordadır. Bu gün müəyyən dairələr də istəyir ki, o abidə götürülsün. KİV-lərdə də görünür ki, Rusiyada İkinci Dünya Müharibəsinin veteranları, həm Rusiya müdafiə və xarici işlər nazirliklərinə abidənin oradan götürülməsi ilə bağlı müraciət ünvanlayıblar. Bir sözlə, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq".

Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov rusiyalı veteranların faşist Njdenin abidəsinin sökülməsi ilə bağlı müraciətini müsbət qarşıladığını deyib. O bildirib ki, Respublika Veteranlar Təşkilatı bu məsələ ilə bağlı Rusiyadan tutmuş, dünya veteranlarına qədər hər yerə müraciətlər ünvanlayıb: "Təşkilatımızın sədri Fatma Səttarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Biz bu məsələyə qəti etirazımızı bildirmişik. Njde müharibə zamanı yüzlərlə, hətta minlərlə Sovet əsgərinin qətlində rol oynayıb. Ermənilərin bəzi yerlərdə Njdenin adını əbədiləşdirərək abidələr qoymasına etiraz edən Cəlil Xəlilov zamanında Rusiyada da erməni nasist liderin təbliğatının qarşısının alınmasını xatırladıb: "Azərbaycan Respublikası Veteranlar Təşkilatının müraciəti ilə Rusiyada bu istiqamətdə gedən anormal təbliğatı dayandırdıq. Bu ölkədə tarixi faktlara bir daha nəzər salaraq anladılar ki, əslində təbliğatı aparılan şəxs qatı faşistlərdən biri olub. Amma buna baxmayaraq, ermənilər Armavirdə, İrəvanda, hətta Azərbaycan torpağı olan Xocavənddə abidə ucaltmağa nail olmuşdular".

Veteran hesab edir ki, faşist Njdenin abidəsini nəinki Qarabağdakı torpaqlardan, İrəvandan da götürməlidirlər. Bu gün söhbət yalnız Xocavənddəki abidədən getməməlidir: "Rusiya veteranları bu gün Njde ilə bağlı məsələ qaldırırlarsa, bu ölkənin dövlət orqanları da məsələyə qarışmalı, ciddi tədbirlər görməlidirlər. Ermənistana təzyiqlər artmalıdır. İrəvana siyasi, hətta iqtisadi təzyiqlər də olmalıdır ki, ermənilər bu cür abidə və heykəlləri saxlamaqla faşizmə haqq qazandırmasınlar".

PƏRVANƏ

 





08.05.2021    çap et  çap et