525.Az

Ağsuda "Müdriklik zirvəsi" adlı onlayn tədbir keçirilib


 

Ağsuda "Müdriklik zirvəsi" adlı onlayn tədbir keçirilib<b style="color:red"></b>

XII əsrin ikinci yarısında Azərbaycan intibah ədəbiyyatı Nizami Gəncəvinin yaradıcılığı ilə ən yüksək mərhələsinə qədəm qoyub. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərindəndir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında yer tutur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayon Mədəniyyət Mərkəzində "Nizami Gəncəvi İli" çərçivəsində təşkil olunan onlayn tədbirdə səsləndirilib. Tədbirdə regional mədəniyyət idarəsinin rəisi Elçin Nəcəfov, Milli Məclisin deputatı Tahir Kərimli, Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Ağsu şəhər 1 sayılı məktəb liseyin direktoru Sənan Nemətov, Heydər Əliyev Mərkəzinin, mərkəzi kitabxananın, uşaq musiqi məktəbinin kollektivləri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, bu il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. 2021-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə "Nizami Gəncəvi İli" elan edilməsi ölkə rəhbəri tərəfindən milli-mənəvi dəyərlərə göstərilən xüsusi diqqətin, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür. Qeyd olunub ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkibi hissələrindən biri olub. Məhz Ümummilli Liderimiz hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkəmizdə mütəfəkkir şairin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. Onlayn tədbirin bədii hissəsində Üzeyir Hacıbəylinin şairin sözlərinə yazdığı "Sənsiz", "Sevgili canan" romansları ifa olunub, şeirlərindən parçalar səsləndirilib, əsərlərindən ibarət kitab sərgisi nümayiş etdirilib.

 





08.05.2021    çap et  çap et