|
|
|
|
Mayın 7-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi qeyd edilib.
İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva tədbirdə çıxış edərək, Azərbaycan xalqının həyatında Ulu öndərin əvəzedilməz rolundan danışıb. G.Baxşəliyeva Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrünün ulu öndərin adı ilə sıx bağlı olduğunu və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunduğunu bildirib.
G.Baxşəliyeva Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açıb: "Azərbaycanın müstəqilliyinin bərpası, ölkəmizdə siyasi sabitliyin yaranması, Azərbaycan ideologiyasının yaranması və inkişafı, respublikamızın dünya birliyinə inteqrasiyası, nail olduğu yüksək iqtisadi inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hər zaman ölkə həyatının bütün sahələrinə, o cümlədən, elmə böyük diqqət yetirmişdir.
Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə, böyük uğurla davam etdirildiyini bildirib.
İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Heydər Əliyevin böyük düha sahibi, təcrübəli diplomat və siyasətçi, ictimai xadim, vətənpərvər və dərin milli ruha malik bir insan olduğunu deyərək, çıxışını bu sözlərlə tamamlayıb: "Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi parlaq zəfərlə başa çatdı. Bu, eyni zamanda Heydər Əliyev dühasının, onun azərbaycançılıq ideologiyasının qələbəsidir".
Tədbirdə İnstitutun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov, Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova və başqaları çıxış edərək, müstəqil Azərbaycan dövlətinin əsasını qoymuş Ulu öndərin suveren Azərbaycanın inkişafı yolunda göstərdiyi misilsiz xidmətlərdən söz açıblar.