525.Az

Kiçik kəndin böyük ürəkli, Vətən sevdalı qəhrəmanları - Foto


 

Kiçik kəndin böyük ürəkli, Vətən sevdalı qəhrəmanları - <b style="color:red">Foto</b>

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: "Naxçıvanlılar İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər".

Sizə Naxçıvanın çox da böyük olmayan, ancaq qələbəyə böyük töhfə verən Naxçıvan MR-in Kəngərli rayonunun Xok kəndindən söhbət açacağam. Rayon mərkəzinə, Şərur və Sədərəyə gedəndə yol kənarınacan uzanan bu kəndin yanından ötüb keçirik. Böyük ürəkli insanlar yetişdirib bu torpaq, bu yurd yeri. Torpaq bu yurdun insanlarını yalnız zəruri qida ilə təmin etməyib, həm də bu insanlar ürəklərinə torpaq, Vətən sevgisi toxumları səpiblər. O toxumlar cücərib, boy atıb, hərəsi  düşmənə bir sipər olub.

Vaxt gəldi, məqam yetişdi, zaman o zaman oldu ki, Vətən igidlərini səslədi. O səsə Xok kəndinin neçə-neçə igidi də səs verdi. Atalar düşmənə sipər oğullarını cəbhəyə yola salanda  qapılarına bayraq sancdılar, oğullar qələbə müjdəsi ilə geri dönsünlər deyə. Analar haqlarını halal etdilər, oğulların gözü arxada qalmasın deyə. Kənd bayraq libasına büründü, qələbə ab-havasına boyandı və gözlər yollara dikildi ötən 44 gündə. 30 illik həsrətə son verməyin zamanı yetişmişdi. Bu 30 ildə Qarabağ, Vətən, torpaq sözləri misralara çevrilərək valideynlərinin dilindən övladlarının yaddaşına, ürəyinə, ruhuna hopmuşdu. Onlar heç ömürlərində bir dəfə də olsun Qarabağı görməmişdilər, suyunu içməmişdilər, havasını udmamışdılar. Amma nə fərqi, Vətənin hər yeri əzizdir, hər qarışı qiymətli və müqəddəsdir. O dəyərlərlə başlayırdı Xokdan Şuşaya uzanan yollar.

Ölkə başçısının qələbə motivli çıxışları anaları ordumuza mənəvi dəstəyə səfərbər edirdi. Kimisinin övladı döyüşdə düşmənlə üz-üzə idi, kimisi ekranlardan Azərbaycan əsgərinin irəliləyərək torpaqlarımızdan düşmənin murdar ayağını kəsməsini böyük qürur və həyəcanla izləyirdi.

Vətən müharibəsi bir daha göstərdi ki, bu xalq yenilməzdir. 90-cı illərdə ölkənin düşdüyü böhran durumundan sui-istifadə edərək torpaqlarımızın 20 faizini işğala məruz qoyan quldur ermənilər Azərbaycan xalqının bu torpaqlardan əl çəkəcəyini zənn edirdi. Lakin düşünə bilmədilər ki, torpaqdan pay olmaz. Sadəcə hər şeyin öz vaxtı, məqamı var...

O məqam yetişdi və 44 gün ərzində Azərbaycan Ordusunun gücü, rəşadəti qarşısında duruş gətirə bilməyən düşmən geri çəkilməyə məcbur oldu.

Kimisi bayrağı çiynində, kimisi tabutu üzərində qayıtdı doğulub boya-başa çatdığı Xok elinə. Xok camaatı öz igidlərini necə yola salmışdısa, elə də qarşıladı, izdihamla, alqışlarla. Ataların əməyi boşa çıxmamışdı. Oğullar tarix yazıb qayıtmışdı: alnıaçıq, üzüağ. Hərəsi bir qəhrəman.      

Ümumilikdə Xok kəndinin 40-a yaxın igidi Vətən müharibəsinin fəal iştirakçısı olub. Onlardan 7-si şəhidlik zirvəsinə ucalıb.

Möhsümovlar ailəsinin 3 övladı hərb peşəsini özlərinin həyat amalına çevirib. Kiçik oğul leytenant Elmar Möhsümov şəhidlik zirvəsinə yüksəlib. "Vətən sağ olsun!", - dedi Hicran ana!

Ortancıl oğul kiçik çavuş Elnar Möhsümöv da bu döyüşlərin fəal iştirakçısı olub. Elnar deyir ki,  çoxdankı arzumuz idi torpaqlarımızı azad görmək. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bu torpaqları azad etmək şərəfi biz gənclərə nəsib oldu. Elnarın şücaəti yüksək qiymətləndirilib və o "Şücaətə görə", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb. Şəhid leytenant Elmar Möhsümov  isə "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

 

Bir də döyüşə könüllü yollanan iki gəncin, iki dostun, iki qəhrəmanın hekayəsindən bəhs edim sizə: Təbriz Əsgərov və Kəmaləddin Məmmədovdan. Birlikdə döyüşə yollanan igidlər, əsl dostlar birlikdə də şəhadətə qovuşdular. Təki vətən sağ olsun!

 

 

"Mübariz İbrahimovu özünə örnək götürmüşdü. Həmişə istəyirdi ki, onun kimi mübariz bir əsgər olsun. Xidmətini başa vurandan sonra yenidən qayıtdı ordu sıralarına. Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm, oğlum Vətən torpaqlarının azadlığı uğrunda şəhid olub", - Təbrizin anası Təranə xanım dedi.      

Dostu, həmkəndlisi Kəmaləddin də könüllü qatılmışdı döyüşlərə. Şuşaya qədər şərəfli yol keçən hər iki dost son damla qanlarına qədər döyüşürlər. Təbrizin vurulduğunu görən Kəmaləddin dostunu ölümün pəncəsindən xilas etməyə can atarkən düşmənin hədəfinə tuş gəlir. Torpaq hər iki vətənpərvər gənci öz qoynuna alır. Hər iki Vətən fədaisi ölkə başçısının müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunublar. 

Niyaməddin İsgəndərov da bu döyüşə könüllü qatılanlardan idi. Anasının narahatçılığına, nigaran baxışlarına cavab olaraq “Bu torpaqları biz qorumasaq, kim qoruyacaq. Vətən də sənin qədər müqəddəsdir ana. Xeyir-duanı ver, mən bu yola çıxacağam”, deyərək döyüşlərə qatılıb. Niyaməddin İsgəndərov döyüşdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "İgidliyə görə" medallarına layiq görülüb.         

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Basid Rüstəmovun ən böyük amalı Vətənə xidmət etmək idi. Bu amal idi onu hərb peşəsinə bağlayan. Basid Rüstəmov döyüşlərdə iki dəfə yaralanır. Buna baxmayaraq döyüşə davam edir. İllərdir ürəyində bəslədiyi arzusu idi torpaqlarımızı azad görmək. "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunan Basid özündən sonra iz buraxır: qəhrəmanlıq, Vətənə, torpağa dərin köklərlə bağlılıq izi...       

 

Bir qədər də kəndin daha bir igidi Ülvi Cəfərlidən bəhs edək. Qoy gənc və gələcək nəsil də görsün ki, insan məqsədə çatmaq üçün onun ardınca getməlidi, gənclərə örnək olacaq Ülvi kimi.  Bu gənc qəhrəman ülvi amalının arxasınca getdi. O amal, o müqəddəs sevginin adı Vətən idi. Bu igidə Hərbi liseydə oxumaq nəsib olmur. Lakin hərb peşəsinə olan böyük sevgi onu yolundan döndərmir. Necə deyərlər, niyyətin hara, mənzilin ora.

Naxçıvandan yoldaşları ilə birgə döyüşə yollanarkən "Marş irəli, Azərbaycan əsgəri" mahnısını oxuyur və hər kəsi bu mahnını səsləndirməyə sövq edir. Böyük əhvalla, ülvi amalla döyüşə gedir Ülvi Cəfərli. Ata Habil Cəfərov hər şeyə rəğmən özünü xoşbəxt hiss edir. Xoşbəxtəm ki, bu qələbənin qazanılmasında bizim də ailənin payı oldu.  "Abbas Səhhətin məşhur misralarında da deyildiyi kimi, Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir. Amma övladlarımız Vətəni özlərinə məskən yox, mədfən seçdilər. O məskəni bizlərə miras buraxdılar. Düzdür, övlad itkisi ağırdır. Biz bu itkini ürəyimizdə daşıyacağıq. Amma bütün dünyaya məğrur olduğumuzu, başı dik, əyilmədiyimizi bundan sonra da davranışımzla sübut edəcəyik. Ağrı-acılarımız qalacaq bu dörd divar arasında. Lazım gələrsə, son damla qanımıza qədər övladlarımızın yolunu getməyə hazırıq".

Vətənpərvərlik nümunəsi olan Ülvi Cəfərli adını tarixin səhifələrinə belə həkk etdirir: "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunan Vətən müharibəsi iştirakçısı Ülvi Cəfərli.
Xok kəndinin Aslan adlı igidi də varmış. Adı kimi özü də aslanürəkli imiş. 20 yaşlı bu gənc döyüşə atılanda geriyə buraxdıqlarını düşünmədi. Çünki irəlidəki yol onun amalı idi, hələ uşaqlıqdan ürəyində bəslədiyi arzusu idi. Öz arzusuna  doğru qanadlandı Aslan Mirzəyev. Döyüş yoluna Cəbrayıldan başlayan Aslan yaralanmasına baxmayaraq, yaralarını özü sarıyaraq israrla döyüşə davam edib. Şərəfli döyüş yolu keçən bu gənc Şuşa fatehlərindən biri kimi, şəhidlik zirvəsini də fəth edib. Aslan Mirzəyev "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. 

Xok kəndi  torpaqlarımızın azadlığı uğrunda 7 şəhid verib. Hər birinin kitablara sığmayacaq  həyat yolu, hər birinin fərqli həyat hekayəsi, zira hamısını birləşdirən ortaq dəyər - Vətən, torpaq sevgisi. Hər biri bu sevgi uğrunda öz həyatlarını yarımçıq buraxdılar, düşünmədən, cəsarətlə, mərdcəsinə.         

Naxçıvanın bu kiçik yaşayış məntəqəsinin sakinləri qələbəyə öz böyük əməlləriylə töhfə verdilər. Bu töhfənin təməli ailələrdə uşaqlara, gənclərə aşılanan Vətən məhəbbəti oldu. O məhəbbət zamanla igid bir nəsil yetişdirdi. Həmin nəsil zamanı yetişəndə silaha sarılaraq sübut etdi ki, hər şey Vətən üçündür! Necə ki, Vətən uğrunda xalq əlbir oldu, birliyini bütün dünyaya sübut etdi.       

Xok kənd qəbiristanlığında Vətən müharibəsinin 7 igidi uyuyur. Tarix yazan oğullar indi daş abidəyə çevrilərək gənc nəslə Vətən torpaqlarının müqəddəsliyini, toxunulmazlığını anladır. Onlar həm də örnək olaraq gələcəyimiz olan uşaqların bənzəmək istədikləri ideal və real qəhrəmanlar olacaqlar.

Bizi Vətən torpaqlarına qovuşduran igidlər, rahat uyuyun. Bu qələbənin qazanılmasında hər birinizin payı var. Hər birinizin qəlbimizdə bir dünya yeri var.

 





08.05.2021    çap et  çap et