|
|
|
|
İsraildə martın 23-də keçirilən vaxtından əvvəl parlament seçkilərinin nəticəsi məlum olduqdan sonra yeni hökumətin formalaşdırılması prosesinin çətin olacağı aydınlaşdı.
Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" Partiyası seçkidən birinci partiya olaraq çıxmağı bacarsa da, seçicilərinin bir hissəsinin dəstəyini itirdiyi məlum oldu. Bunun nəticəsində isə "Likud" Partiyasının parlamentdəki təmsilçilərinin sayında nəzərə çarpacaq azalma baş verdi. Bu isə Binyamin Netanyahunun yeni hökuməti formalaşdırmasına ciddi maneə olacağı demək idi. Gözlənilən kimi də oldu. Prezident Reuven Rivlin seçkidən sonra hökumət qurmaq səlahiyyətini Binyamin Netanyahuya versə də, "Likud"un lideri yeni hökumət formalaşdıra bilmədi.
Bundan sonra prezident Reuven Rivlin hökuməti formalaşdırma səlahiyyətini müxalifət partiyasının lideri Yair Lapida verib. Lapidin baş nazirliyə namizədliyini hələlik parlamentin 120 üzvündən 58-i dəstəkləyir. Əgər qarşıdakı günlərdə Lapid Knessetin ən azı üç üzvünü öz tərəfinə çəkməyi bacarmasa, hökumət qura bilməyəcək. Binyamin Netanyahunun namizədliyini də Knessetin cəmi 59 üzvü dəstəklədiyi üçün hökumət parlamentdə dəstək ala bilməmişdi. Siyasi müşahidəçilər belə hesab edir ki, ərəblərin təmsilçisi olan RAAM müxalifətə dəstək verəcəyi halda Yair Lapid hökumət qura bilər. Çünki RAAM-ın Knessetdə 4 təmsilçisi var.
Yaranmış vəziyyət bəzi siyasi təhlilçilərin ölkədə siyasi proseslərin dalana dirənməsi haqqında narahatlıq ifadə etmələrinə səbəb olub. Əgər yeni hökumətin formalaşdırılması istiqamətində uğur qazanılmasa yeni seçkilər qaçılmaz olacaq. Bu isə son iki ildə beşinci parlament seçkiləri deməkdir.
İsraildə əksər siyasi təhlilçilər yeni hökumətin ən qısa zamanda formalaşdırılmasının zəruriliyini qeyd edirlər. Dünyada və bölgədə ciddi siyasi proseslərin getdiyi, İranın nüvə proqramında yeni uğurlar qazandığı bir zamanda legitim hökumətin yoxluğu İsrail üçün əlavə problemlər yarada bilər. Buna görə də hətta çoxpartiyalı koalision hökumətin qurulmasını da məqsədəuyğun hesab edirlər.