525.Az

"Heydər Əliyevin media dərsləri": jurnalistikaya böyük töhfə


 

"Heydər Əliyevin media dərsləri": <b style="color:red">jurnalistikaya böyük töhfə </b>

Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Əflatun Amaşovun media sahəsində gördüyü işləri sadalamağa ehtiyac yoxdur.

Düşünürəm ki, bu, xalqımıza kifayət qədər məlumdur. Əflatun Amaşovun jurnalistikamızın inkişafı naminə atdığı ən uğurlu addımlardan biri də ötən il "Heydər Əliyevin media dərsləri" adlı kitabı nəşr etdirməsi oldu. Vaxtilə "Respublika" qəzetinin baş redaktoru olan görkəmli jurnalist Teymur Əhmədov 2003-cü ildə dörd cildlik "Heydər Əliyev və mətbuat" kitabını ərsəyə gətirmişdi. O vaxtdan 18 il ötüb. Həmin məsələyə müasir jurnalistikanın gözü ilə baxmaq mütləq idi. Jurnalist olmağa çalışan tələbələr üçün də yeni nəşr vacib amildir. Teymur Əhmədov o kitabı ərsəyə gətirməklə, əlbəttə, çox böyük işə imza atmışdı. Amma indi informasiya qəbul etməyə çalışan nəsil daha lakonik və yeni nəfəsli məlumatlar toplusu aruzusundadır. Bu baxımdan, Ümummilli lider Heydər Əliyevin media ilə əlaqələri barədə yeni nəşrin hazırlanması çox zəruri idi və Əflatun müəllim, sözün əsl mənasında, bu çox vacib, sanballı nəşri meydana gətirdi, son dərəcə dəyərli işə imza atdı. Digər tərəfdən, kitabın ədəbiyyat siyahısı çox zəngindir və bu da dərin araşdırmadan xəbər verir.

"Heydər Əliyevin media dərsləri" kitabı "Giriş"dən və on bir dərsdən (hissədən) ibarətdir. Kitabda müstəqillikdən əvvəlki və sonrakı illərdə Heydər Əliyevin mətbuatla əlaqəsi barədə ən maraqlı məqamlar oxuculara təqdim olunur. Ən maraqlısı odur ki, bu təqdimat media dərsləri, bir növ, təlimlər şəklində öz əksini tapır. Bütün dərslərdə "Heydər Əliyev və jurnalistika" kontekstində "peşəkar media işçisi necə olmalıdır" sualına cavab axtarılır və dərslərdən alınan nəticə oxucunu düzgün istiqamətə yönləndirir. Məhz kitabın bölmələrinin "hissə" yox, "dərs" adlandırılması bu nöqteyi-nəzərdən heç də təsadüfi deyil.

"Kitaba niyə bu başlığı seçdik" adlı giriş hissədə Əflatun Amaşov dərsliyin əsas istiqaməti, mövzuların ümumi predmeti və ana xətti barədə öz fikirlərini oxucularla bölüşür. Xüsusilə, niyə məhz bu adın seçilməsi barədə əsaslı arqumentlər göstərir, ümumi aspektdə medianın inkişafının bünövrəsini məhz Heydər Əliyevlə əlaqələndirir. Müəllif qeyd edir ki, Ümummilli lideri fərqləndirən məqam onun mətbuata spesifik yanaşması idi: "Bütün tədbirlərində, görüşlərində, nitqlərində, müsahibələrində, sinədəftər çıxışları, cilalanmış fikirləri, cümlələri ilə dinləyicilərin, həmçinin, qələm əhlinin diqqətini özünə çəkən Heydər Əliyev fenomeninin dərslər üçün mövzu vermədiyi sahə yoxdur. Onu özündən əvvəl Azərbaycana rəhbərlik etmiş şəxslərdən əsaslı fərqləndirən başlıca xüsusiyyətlərdən biri məhz bu cəhətdən də nəzərəçarpacaq üstünlüyüdür".

Birinci dərs belə adlanır: "Sovetlər dönəmi Azərbaycan mediası - rəhbər istəyi, iradəsi, qayğısı inkişafın başlıca meyarı kimi". Bu dərsdə Heydər Əliyevin Sovet illərində jurnalistikamız naminə gördüyü işlərdən bəhs olunur. Ulu öndərin həmin illərdəki fəaliyyətinin təhlilindən əvvəl media sahəsində gördüyü işlərin bəziləri nümunə kimi sadalanır. Göstərilir ki, bu illər ərzində kütləvi informasiya vasitələrində mövcud olan problemlər həll edilib, milli ruh güclənib, bir sıra qələm əhli dövrün amansız reallığından qurtarılıb. Heydər Əliyev birinci dəfə ölkə rəhbəri olana qədər mətbuatda qadağan olunan imzalar yenidən parlamağa başlayıb. KİV-in maddi-texniki bazalarının təkmilləşdirilməsi, yeni peşəkar kadrların hazırlanması, mətbuat işçilərinin maddi durumlarının yaxşılaşdırılması naminə Heydər Əliyev bir sıra mühüm işlərə imza atıb. "Respublikanın Əməkdar Jurnalisti" fəxri adı da bu dövrdə təsis edilir. Ə.Amaşov Ümummilli liderin jurnalistlərə çox böyük dəyər verdiyini vurğulayaraq yazır: "Heydər Əliyev dərsləri göstərirdi ki, jurnalistə ümid və tələbkarlıqla yanaşan hakimiyyət, cəmiyyət yaradıcı insana sayğılı münasibət göstərməyə də borcludur. Dövlət qayğısının təşkilati, maddi və mənəvi sahələri əhatə etməsi təsirsiz qalmırdı. Jurnalistin özünə, sözünə ehtiramla yanaşan Ümummilli liderimiz onları hər yerdə səbirlə dinləyir, arzu və təkliflərinə sayğılı yanaşır, nitqləri, çıxışları, mükafatları ilə qəlbləri ələ alırdı".

"Qoy ədalət zəfər çalsın, yaxud "Literaturnaya qazeta"nın iki üzü" adlanan ikinci dərsdə Antonina Qriqonun 1981-ci il noyabrın 18-də Heydər Əliyevdən aldığı müsahibə təqdim olunur. Bu, həm müsahibə verənlər, həm də jurnalistlər üçün, həqiqətən, ustad dərsidir. Heydər Əliyev Sovet dövründə silsilə müsahibələr verib. Əflatun Amaşov isə bir zərgər həssaslığı ilə məhz bu müsahibəni olduğu kimi kitabda təqdim edib. Bütün suallara ustalıqla və təmkinlə cavab verən Ulu öndər müsahibədə respublikamızın həmin illərdəki orijinal mənzərəsini yaradıb.

 

Heydər Əliyevin 1981-ci ildən sonraki fəaliyyət illərini əhatə edən üçüncü dərs "Moskva - İki təzadlı dövr, səbir, iradə dərsləri" adlanır. Əslində, bu sərlövhə bütün dərsin ümumi ifadəsidir. Ümumiyyətlə, müəllif dərslərin adını o qədər dəqiqliklə və xüsusi sərraflıqla qeyd edib ki, artıq mətləb qismən oxucuya agah olur və dərsi mənimsəyə həvəsləndirir, oxucu üçün maraq yaradır. Bu dərsin qayəsi odur ki, böyük imperiyanın xoşagəlməz tələblərinə, gərgin rejimə rəğmən Heydər Əliyev hər zaman müdrik yanaşma tərzi ilə fəaliyyət göstərib, media nümayəndələrini, ümumən qələm adamlarını bacardığı qədər təhlükədən qorumağa çalışıb. Dərs xüsusən xatirə-faktlara dayanır. Əflatun Amaşov üçüncü dərsin sonunda belə bir abzas verir: "Heydər Əliyev Moskvanı tərk edənədək susmadı. Cavab haqqını tanımayanlar barədə tənqidi fikirlərini cəmləyərək Sov.İKP MK-nın 1989-cu ilin aprel plenumunda səsləndirdi: "Bakıda və Moskvada çalışarkən mən doğru-düzgün və vicdanla işləmişəm, vaxtıma qənaət etmədən işləmişəm, özümü bütünlüklə işə sərf etmişəm, mənfi hallara qarşı fəal mübarizə aparmışam və nəticədə özümə çoxlu düşmən qazanmışam, geniş ürək infarktı keçirmişəm" ("Pravda" qəzeti, 27 aprel, 1989-cu il). Sitat təlqin edir ki, oxucu da, qələm sahibi də cavab haqqının tanınmasında israrlı olsun. Mən bunu da Heydər Əliyevin media dərslərindən biri sayıram".

Dördüncü dərs "Blokadalı Naxçıvanda Heydər Əliyevin media dərsləri" adlanır. Bu dərsin ən mühüm məqamlarından biri budur: "Ümummilli lider müsahibədə litvalı jurnalistlərin iştirakına razılıq verməklə Naxçıvanın mətbu blokadadan çıxarılmasının təməlini qoydu". Heydər Əliyev Naxçıvana qədəm qoyan gündən etibarən media ilə təmasları yaranır, "Şərq qapısı" qəzetinə müsahibə verməyə razılaşır. O müsahibədə bir çox jurnalist iştirak edir, o cümlədən, litvalı media nümayəndələri. Müəllif xüsusi cəhət kimi qeyd edir ki, vətənə dönüşünə qədər Heydər Əliyev barədə mənfi mövqe tutanlar bu müsahibələrdən sonra tamamən müsbət yönə dəyişdilər.

Ulu öndər Heydər Əliyev üçün hər şeydən əvvəl, heç şübhəsiz, Vətən anlayışı gəlirdi. Fəaliyyətinin bütün illərində, hansı vəzifədə olur olsun, ilk növbədə, xalqının taleyini düşünürdü. Ona görə də, Ə.Amaşov kitaba belə bir dərs də əlavə edib: "Heydər Əliyevin jurnalistlər üçün vətənpərvərlik dərsləri". Ümummilli lider xalqın arzusu ilə Bakıya qayıtdıqdan sonra mütəmadi televiziya vasitəsilə çıxışlar edirdi. Ulu öndər o çətin vəziyyətdə xalqı yumruq kimi birləşdirməyi bacardı. Ordunun yenidən qurulması, müharibə iştirakçılarına göstərilən xüsusi qayğı xalqın rəhbərə olan sevgisini günbəgün artırırdı. Onun bu illərdə hər bir çıxışı hamı üçün, xüsusən jurnalistlər üçün örnək idi.

"Xarici ölkələrin jurnalistləri iştirakçıları olub - bizlərə də faydası var" adlı altıncı dərs xüsusi əhəmiyyət kəsb edir. Xarici KİV-lə əlaqə Heydər Əliyev siyasətinin bir hissəsi idi. Bu dərsdə jurnalistlərə dünya arenasına çıxmağın, xarici media ilə əlaqənin əhəmiyyəti aşılanır.

Yeddinci dərs belə adlanır: "Ulu öndərin jurnalistlər üçün yaradıcılıq dərsləri". Dərsdən çıxan əsas nəticə odur ki, jurnalistlər yazı zamanı kreativ və məlumatlı olmalıdırlar. Xüsusən müsahibə hazırlayarkən suallara yaradıcı yanaşmalıdırlar. Bu dərs Heydər Əliyevin müxtəllif illərdə həm yerli, həm də xarici mətbuatlara verdiyi müsahibələr fonunda izah olunur.

"Ulu öndərin jurnalistlər üçün dil, nitq dərsləri publisistika müstəvisində" adlı səkkizinci dərs Heydər Əliyevin ana dilimizə verdiyi dəyərdən və bu barədə vacib bildiyi məqamlardan bəhs edir. Müəllif Ulu öndərin bu barədə sitatları əsasında vacib müddəaları qeyd edib.

"Həqiqət anı" televiziya proqramının aparıcısı Andrey Karaulovla müsahibə" adlı doqquzuncu dərs jurnalistlər üçün əsas praktiki dərslərdən biridir. Burada bəzən jurnalist təhrif olunmuş faktlar səsləndirsə də, Heydər Əliyev təmkinini qoruyaraq konkret arqumentlərlə bütün sualları sərrast cavablandırır.

Onuncu dərsdə "Heydər Əliyevin jurnalistlər üçün mənəviyyat dərsləri və etik prinsiplər" öz əksini tapıb, jurnalistlərin davranış məsələlərinə toxunulub. Heydər Əliyev daima etik prinsiplərə önəm verən lider olub və bunu daima ustalıqla təlqin edib. Əflatun Amaşov bu dərsdə peşə əxlaqının peşə borcu ilə çox yaxın olduğunu bildirir.

Sonuncu dərs belə adlanır: "Jurnalistlərin dostu olmağın Heydər Əliyev dərsləri". Mətbuat nümayəndələri Heydər Əliyevi çox sevirdilər. Çünki Ulu öndər hər bir jurnalistə xüsusi hörmətlə yanaşırdı və jurnalistlərin qəlbini qırmırdı. Müəllif müxtəlif faktlarla jurnalistlərlə dost olmağın yolunu Heydər Əliyev yanaşması kontekstində göstərir. Ümummilli lider, sözün əsl mənasında, jurnalistlərin sevimli dostu idi...

"Heydər Əliyevin media dərsləri - müsahibələr, yaşantılar fotolövhələrdə" adlı hissədə Ulu öndərin müxtəlif illərdə jurnalistlərin əhatəsində, müsahibələr zamanı çəkilmiş şəkilləri yer alıb.

 





09.05.2021    çap et  çap et