“Bugünkü əsas müzakirələrdən biri üçtərəfli müqavilənin həyata keçirilməsi ilə bağlı oldu. Azərbaycan tərəfi hesab edir ki, bu müqavilə regionun inkişafına kifayət qədər şərait yaradır, yeni reallıqların ortaya çıxmasına xidmət edir”.
525.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın öhdəliklərinə tam əməl edir:
“Buna misal olaraq Azərbaycan tərəfinin Qarabağa humanitar yardımların aparılmasına şərait yaratmasını qeyd etmək olar. Üçtərəfli müqaviləyə əsasən, müharibədə ölən erməni hərbçilərin meyitlərinin axtarışlarına qış şəraitində Azərbaycan tərəfindən olan əsgərlər də iştirak edib. Ölənlərin tapılmasında Azərbaycan tərəfi də köməyini əsirgəməyib. Müqavilə bağlanandan dərhal sonra Azərbaycan öz öhdəliklərini yerinə yetirib, Azərbaycan ərazisindən keçən təhlükəsiz marşrut təmin edilib. Biz Rusiyanın üçtərəfli müqavilənin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndiririk. Əsas müzakirələrimiz kommunikasiyanın yaradılması ilə bağlıdır. Üçtərəfli müqavilə əsasında Monitorinq Mərkəzinin yaradılmasını da yüksək qiymətləndiririk”.
C. Bayramov əlavə edib ki, Azərbaycan tərəfi ərazilərin minadan təmizlənməsində Rusiya tərəfinin təşəbbüslərini də yüksək qiymətləndirir”.
“Ermənistan üçtərəfli bəyanatda qeyd olunmasına baxmayaraq, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir”.
“Müharibənin bitməsinə baxmayaraq, nəticədə 20-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub. Rusiya sülhməramlı qüvvələrinin hərbçiləri arasında damina partlaması nəticəsində həyatını itirənlər var", - deyə Azərbaycan XİN başçısı qeyd edib.
Nazir vurğulayıb ki, Ermənistanda revanşist çıxışlar gündəmə gəlir:
"Biz bu tendensiyanı təhlükəli hesab edir və bunu diqqətlə izləyirik. Biz hazırkı səhifəni çevirməyə hazırıq. Azərbaycan tərəfi artıq işğaldan azad olunmuş ərazilərdə bərpa işləri həyata keçirir, beynəlxalq aeroportlar tikilir. 30 il ərzində Azərbaycanın işğal edilmiş əraziləri dağıdılıb. Biz hesab edirik ki, həmin region yenidən canlanacaq və ən inkişaf etmiş bölgələrdən biri olacaq”.