525.Az

"Ölüm, sevinmə çox..." - Şahanə Müşfiqin yazısı


 

"Ölüm, sevinmə çox..." - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Neçə vaxtdır, kompüterin qabağında, monitorda açılmış ağ səhifənin önündə oturmuşam, bilmirəm. Nəsə yazasıyam, içimdən nə isə yazmaq, demək, hətta hayqırmaq keçir, amma daş kimi susmuşam. Əlim, qolum, beynim uyuşub sanki. Qəlbimi didib-parçalayan, bəndini qırmağa çalışan coşğun sel kimi düşüncələrimi döyəcləyən sözləri bir yerə cəm etməkdə saatlardır acizəm. Gözlərim baxdığı yeri yox, fikrimin, xəyalımın apardığı anları, xatirələri görür. O xatirələrdə kimlər yoxdu, nələr yoxdu ki...

2020-ci il bütün dünyanı cənginə alan koronavirus bəlası səbəbindən xəstəliklə, ölümlə dopdolu kabus kimi bir il yaşatdı bizə. İlin sonu tarixi zəfərimiz, Qarabağın azadlığıyla ömrümüzə yazılsa da, bu azadlığın başa gəldiyi üç minə yaxın cavan can, itirdiyimiz şəhidlərimiz də 2020-nin ölüm şkalasını artırdı, mizan tərəzisində "əlini gücləndirdi". "Hər işdə bir xeyir var" - deyib gözümüzü 2021-ci ilə dikdik, ümidimizi qırmadıq, inamımızdan əskiltmədik. Bu bəlanın səngiməsi üçün Allaha göndərdiyimiz duaların ardı-arası kəsilmədi, kəsilmir. Amma təəssüf ki, artıq 5-ci ayını yaşadığımız 2021, özündən əvvəlki illə bəhsə giribmiş kimi, yeni ölümlərlə daha sərt sınayır bizi.

Onsuz da pandemiya səbəbindən çətin dövr yaşayan Azərbaycan mədəniyyəti və incəsənətinə bu aylarda ölüm adlı qara bulud da bir yandan çökdü. Ya koronavirusdan, ya da başqa səbəblərdən mədəniyyət ağacımızın köklü-köməcli budaqları qırılmağa, həmişəyaşıl yarpaqları tökülməyə başladı. Xəzan payızın özəlliyidir axı, nədir bu baharın payıza olan qısqanclığı, həsədi?! Yaz günü də xəzanmı olar?

Sanki bir tufan, qasırğa dolanır sakit, kövrək, insanlara ruhi dinclik bəxş edən İncəsənət adlı geniş bağçamızın başı üzərində. Qədəmini hər o bağçaya basanda bir qoca çinar devrilir, sağlam kökünə, iri gövdəsinə güvəndiyimiz bir ağac başını yerə qoyur. Ən ağırı isə bu qasırğanın önünü kəsə, bu ölümlər silsiləsinə mane ola bilməməkdir. Sanki əcəl gözlərinin içinə baxa-baxa, üzünə irişə-irişə acıq verər kimi gəlib bir dəyərli incini oğurlayır və çıxıb gedir. Gedişiylə dönüşü arasında isə heç gün fərqi də olmur.

İnformasiyanın ovcumuzdakı balaca cihaza yerləşdiyi zamanda qara xəbərlər məsəldə deyiləndən də sürətli yayılır, nə yazıq ki. Səhər yuxudan duranda baş ucundakı telefona qorxa-qorxa baxırsan ki, görən, bu gün hansı bəd xəbəri hazırlamısan bizimçün? Vaxtı-vədəsi də yoxdur zəhrimarın. Gecə yatmazdan öncə də telefonunun ekranını döyə bilir, səhər yuxudan duranda da, günorta iş yerində hansısa məlumatı axtarmaq üçün interneti açanda da. Bilmirsən, başını götürüb hara qaçasan, əlindəki telefondan, sənə bu acı informasiyaları dayanmadan ötürən sosial şəbəkələrdən heyfini necə çıxasan? Lap elə qaçdın, lap elə çıxdın heyfini, nə dəyişəcək? Durdura biləcəksənmi üstünə sel kimi gələn, ruhunu tufan kimi saran bu ölümləri, itkiləri, ağrıları?

Axırıncı bir ayın itkiləridir: Xalq artistləri Rəmiş (Rafiq Hüseynov), Eldar Quliyev, Arif Quliyev, Əməkdar artist Baloğlan Əşrəfov, müğənni Aslan Hüseynov, Xalq şairləri Fikrət Qoca və Musa Yaqub... Hətta bu sətirləri yazarkən belə arada sosial mediaya baxıram ürəyimin yeni bir ölüm xəbəri alacağından qorxan çırpıntılarıyla.

"Can var evdən gedir, can var eldən" - deyirlər. Bu günlərdə gedənlərimiz eldən gedir, xalqın, incəsənətin kisəsi, xurcunu boşalır göz görə-görə.

Yaşın neçə olmasından asılı olmayaraq, ölümün yaraşmadığı insanlar var. Adlarını çəkdiyimiz bu sənətkarlar da onlardandır. Hətta Fikrət Qoca, Musa Yaqub dəfələrlə biz gənclərə vəsiyyət, nəsihət xarakterli tövsiyələrini də veriblər. Hər ikisi illərdən bəri xəstəlikdən əziyyət çəkən şairlərimizin dilindən az eşitməmişdik "ölüm haqdır" kəlməsini. Amma bunları bildiyimiz halda belə, onlara ölümü yaraşdırmırdıq, gözlədiyimiz bu gedişə onlar özləri hazır idi, biz hazır deyildik. Ondandır uyuşan hisslərimiz, pərakəndə xatirələrimiz, qarışıq düşüncələrimiz.

Elə insanlar var ki, nə qədər yaşasalar, nə qədər ömür sürsələr, azdır. Xüsusən, xarakteri oturuşmuş, kimsəyə ziyanı olmayan, yaxşılıqdan başqa əlindən heç nə gəlməyən, insanlara, dünyaya, təbiətə sevgiylə dolub-daşan və bu sevgisini hər əməlində göstərən insanlar çox, lap çox yaşamalı, Allahın gücünə getməsə, deyərəm ki, ölümsüz olmalıdırlar. Çünki dəyişən, getdikcə insani dəyərlərin əriyib yox olduğu bir dünyada yaxşılara hava-su qədər ehtiyacımız var, ən azından "dünya hələ bu yaxşıların hesabına dağılmaz" deyib nəzərlərimizi tuşlamağa...

Üçcə günün itkiləridir iki xalq şairi və bir xalq artisti. Sanki sözləşiblərmiş, bəhsləşiblərmiş kimi bir-birinin ardınca əbədiyyət yolçuluğuna çıxdılar Fikrət Qoca, Arif Quliyev və Musa Yaqub. Birinin gedişini həzm eləməmiş o biri, onun son nəfəsi soyumamış digəri tərk elədi bizi. Onlardan 1-2 gün qabaq isə yaşı bu bir ay içərisində əbədiyyətə qovuşan sənətkarlarımızın hamısından daha kiçik olan müğənni Aslan Hüseynov yaşatmışdı bizə oxşar şoku. O, yol qəzasıyla qəfil gələn əcəlin, Fikrət Qoca, Musa Yaqub uzun sürən xəstəliklərin, Arif Quliyev isə koronavirusun qurbanları oldular. Yəni hərə bir bəhanəylə eyni sonu yaşadı, eyni hissləri yaşatdı.

Aslan Hüseynov babaları 1930-cu illərdə Qərbi Azərbaycandan, Mehri rayonunun Nüvədi kəndindən Qazaxıstana sürgün edilən bir nəslin nümayəndəsi idi. Orda doğulmasına, böyüməyinə baxmayaraq, özünü nüvədili kimi tanıyan və tanıdan, milli kimliyinə heç zaman xəyanət etməyən, ilk fürsətdə Azərbaycana köçən müğənni istedadı, gözəl səsi və mülayim xarakteriylə həm xalqın, həm də sənət dostlarının qəlbində yer tutmağı bacarmışdı. 53 yaşlı ifaçının anasının yasından gələrkən uğradığı avtoqəzayla qəfil gedişi bütün sevənlərini yasa boğdu.

Arif Quliyev... Hər birimizin gülən üzü... Dünyaya gəldiyi ilk gündən əzablar, ağrılar, müxtəlif sınaqlar görən, bu sınaqları son günəcən heç bitməyən, ona bu acı taleyi rəva bilən yaradılışa inad kimi aktyorluğu, komediyanı seçən, ağlar gözləriylə güldürməyi sənətinə çevirən unudulmaz sənətkar. Həyatda da, sənətdə də sadəliyi, səssizliyi, mütəvaziliyi, qane olmaq xüsusiyyətiylə yaddaşlara köçdü Arif Quliyev. Nə həyatda yüksəklərə tamah saldı, nə sənətdə iddiaları oldu. Sadəcə işlədi, çalışdı, Yaradanın verdiyi bir parça istedadı xalqı güldürməyə, əyləndirməyə, dərddən-kədərdən az da olsa, uzaqlaşdırmağa sərf etdi. Məhz bu iddiasızlığının nəticəsidir ki, bu sənət də ona layiq olduğu dəyəri verdi. Baş rol, böyük obrazlar canlandırmadan, kiçik, epizodik rollarla qazandı xalqın məhəbbətini, ölçüdə kiçik, mahiyyətcə böyük obrazların sayəsində qazandı əbədiyaşarlığı... Nə yazıq ki, doğulandan ona rahat nəfəs almağa imkan verməyən tale bu dəfə də nəfəsini sözün əsl mənasında sınağa çəkdi. Və xalqın sənətkarı bəlalı koronavirusun qurbanı oldu...

Hər zaman səssiz, sakit, təmkinli, kövrək, düşüncəli halıyla sevdiyimiz Fikrət Qoca idi o. Mahnılara yazdığı mətnləri dilimizin əzbəri, şeirləri könlümüzün dincliyi olan şairimiz... Nə məmurluğa yenildi, nə sadəliyindən ödünc verdi, nə də insanları qıcıqlandıracaq, incidəcək bircə söz işlətdi. Sadəcə yazdı, yaratdı, ədəbiyyat tariximizi zənginləşdirdi. Şeiriyyətdən uzaq olan insanlar belə "Fikrət Qoca" adı çəkiləndə ən az 10 misranı yanbayan düzə bilir. Sənətkarın, şairin də xoşbəxtliyi məhz bu deyilmi: misralarda yaşamaq?! Beləcə, Fikrət Qoca da bu dünyadan misralarına və xalqın qəlbinə köçdü əbədi olaraq...

İllərdir hər sosial medianı açanda, onun şəkliylə hər qarşılaşanda qəlbimizi sonsuz qorxu hissi bürüyürdü. Hətta iki il öncə sosial şəbəkədə bir status da yazmışdım ki, Musa Yaqubun adını, şəklini görəndə qorxudan ürəyim düşür ayağımın altına, bir xeyli əlim-ayağım əsir, sonra oxuyuram nə yazıldığını və dərin nəfəs alıram. Çünki şairin illərdir ağır xəstəlikdən əziyyət çəkdiyini hamımız bilirdik. İki gün öncə yenə eyni hal yaşandı, amma bu dəfə dərin nəfəs ala bilmədik. Nəfəsim də, sözlərim də, göz yaşlarım da boğazımdaca düyünləndi. Çünki gözlədiyimiz, amma hazır olmadığımız o xəbər gəlmişdi: təbiət şairi, vətən şairi, sevgi şairi, insanlıq şairi Musa Yaqub gözlərini bu dünyaya əbədi yummuşdu. Bu, iki günə itirdiyimiz ikinci xalq şairi idi. Ədəbiyyatın dizlərinə çırpa-çırpa ağladığı, saçlarını yolduğu gün idi. Çünki bildiyim qədəriylə, ədəbiyyatımız eyni anda bu qədər böyük itkiləri yaşamamışdı, represiyya illəri xaricində. 

Dediyimiz kimi, əcəl Azərbaycan mədəniyyətinin başı üstündə dövr edir, əllərimizdən, ovuclarımızın içindən bircə-bircə alıb götürür sənətkarlarımızı. Amma bu, ölümün qələbəsi demək deyil, axı əsl sənətkarlar ölmür, əbədi və əzəli olaraq xalqın qəlbində, Azərbaycan incəsənətinin, ədəbiyyatının tarixində yaşayırlar. "Reyhan" mahnısını əzbərdən oxuyan kimə inandıra bilərsən ki, Aslan Hüseynov yoxdur?! Mirişin reprikalarını gündəlik həyatında işlədən biri üçün Arif Quliyev əbədi yaşamazmı?! Hər səhər günəşi qarşılarkən beynimizdə yanıb-sönən "Gəl, ey səhər" misrası Fikrət Qocanın, hər müşkülümüzdə təskinlik kimi köksümüzü döyəcləyəcək "Bu dünyanın qara daşı göyərməz" deyimi Musa Yaqubun ölümsüzlüyünün sübutu deyilmi?! Necə ki, bu itkilərimizdə hər dəfə dönə-dönə xatırladığımız bu şeirin misralarında yaşayır illər öncə torpağa tapşırdığımız Əli Kərim:

Ölüm, şöhrətinmi azalardı de,
Tanışdı onsuz da cahana adın.
Sənə nə olardı, nə olardı de,
Belə bir insana əl vurmasaydın?
Gedir, şair gedir, sənətkar gedir,
Bu gedən hər gedib-gələndən deyil.
Ölüm, sevinmə çox, bu sevinc nədir?!
Bu ölən, sənə hər öləndən deyil,
O yazdı, yaratdı həyat naminə,
Onun hər şeiri ölümdür sənə!

 

 





11.05.2021    çap et  çap et