“Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Allah bizə nəsib etsin ki, gələcəkdə də oruc tutaq, namaz qılaq”.
525.az-ın məlumatına görə, bunu bu gün “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib ki, bu ayı ilk dəfədir müzəffər ay kimi qeyd edirik:
“Erməni işğalçıları tərəfindən torpaqlarımız zəbt olunmuşdu. Biz çox xoşbəxtik ki, bu gün Ali Baş Komandanın rəhbərliyi və rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Allah bildirir ki, həqqin yolunda ol, həqqə çatdıraram. Biz bu aydakı duaların müstəcəb olduğuna inanırıq və Allah bizə belə zəfəri nəsib etdi. Prezident İlham Əliyevin adı fateh kimi tariximizə yazılacaq”.
“Qələbəni qazanmaq üçün dövlət və xalq birliyi, iman lazım idi. Azərbaycan xalqı bu qələbəni qazandı. Ali baş Komandanın dediyi kimi, bir yumruq kimi birləşdik və erməni faşizmini məhv edə bildik”.
A. Paşazadə qeyd edib ki, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə çıxışında bildirib ki, bu yumruğun içərisində dindarlarımız da var:
“Buna görə Ali Baş Komandana təşəkkürümüzü bildiririk. Həqiqətən belə oldu. Din xadimlərimizə bu dövrdə fəaliyyətlərinə görə təşəkkürümü bildirirəm”.
QMİ sədri qeyd edib ki, din xadimləri arasında şəhidlər, qazilər olub:
“Din xadimlərimiz 44 gün ərzində cəmiyyətdən ayrılmadı, öndə oldular”.